Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır.
Bununla bağlı ”DEFAKTO.az”a Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov deyib.
O xatırladıb ki, Prezident İlham Əliyev bu ilin noyabr ayında ölkəmizdə təşkil olunması nəzərdə tutulan COP29-a hazırlıq çərçivəsində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi:
“Çıxışı çərçivəsində cənab Prezident xüsusilə Almaniya Kansleri Olaf Şoltsa COP29-un ölkəmizdə təşkil olunması istiqamətində verdiyi dəstəyə görə təşəkkür etdi.
Ümumilikdə biz şahidi oluruq ki, Azərbaycanın dünyada baş verən qlobal hadisələrin həllində rolu gün keçdikcə daha da artır. Bizim hazırda yaşıl gündəliyimiz var və Azərbaycan istər COP29-a qədərki, istərsə də COP29-dan sonrakı dövrdə iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verməyə davam edəcək. Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı sahəsində böyük potensiala malikdir. Cənab Prezident İlham Əliyev Dialoq çərçivəsindəki nitqində də bu barədə məlumat verdi ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 2027-ci ilin sonuna qədər isə 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək”.
Deputat bildirib ki, Azərbaycanın Avropa İttifaqında aparıcı siyasi qüvvələrdən olan Almaniya ilə bu tipli sıx əməkdaşlığı həm də ölkənin beynəlxalq münasibətlər sistemində güclənən mövqeyindən xəbər verir:
“Son dövrlərdə Fransadan fərqli olaraq Almaniya Cənubi Qafqazda sülhün bərqərar olunmasındakı dəstəyinin açıq şəkildə şahidi oluruq. Bu prosesdə atılan hər bir addım bizim üçün çox dəyərlidir. Əgər hər hansısa bir tərəf bunu tərəf tutmadan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun edirsə, Azərbaycan bunu alqışlayır. Bütün bunlar deməyə əsas verir ki, Almaniyanın Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı bitərəf mövqeyi var. Son olaraq demək istəyirəm ki, Azərbaycan-Almaniya münasibətlərinin uzunmüddətli tarixi var və bu tarixi köklərə söykənən dostluq münasibətlərinin daha böyük perspektivləri də olacaqdır”.
Qeyd edək ki, srağagün Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri baş tutub və Berlin şəhərində “15-ci Petersberq İqlim Dialoqu” keçirilib. Eyni zamanda, Azərbaycan liderinin Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüşü olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar. Dövlət başçısının, həmçinin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü olub.