“Tələbələrin” yaratdığı Taliban…. | DEFAKTO.AZ “Tələbələrin” yaratdığı Taliban…. – DEFAKTO.AZ

“Tələbələrin” yaratdığı Taliban….

18

Bir neçə müddətdir ki, dünyanın ən çox diqqət mərkəzində olan yerlərdən biri də Əfqanıstandır. Beynəlxalq tədbirlərdə, ikili görüşlərdə, mediada geniş müzakirələr aparılır. Mədəni, iqtisadi, elmi inkişafdan uzaq, terrorizmin, qəbilə idarəçiliyinin və feodalizmin höküm sürdüyü, ərazisinin 75 %-dan çoxu dağlıq olan, dünyada dənizə çıxışı olmayan az ölkələrdən biri olan Əfqanıstanı beynəlxalq güclər üçün vacib edən nədir?

ABŞ 20 illik işğaldan sonra geri çəkilsə də Əfqanıstan, yüzilliklər ərzində bir çox imperiya və dövlətlər tərəfindən işğal edilmişdi. Ancaq heç bir işğalçı öz mənafeyini təmin edə biləcək güclü bir mərkəzi hökumət qurmağı bacarmamışdı.

Ona görə Əfqanıstan üçün istifadə olunan bir ifadə var: imperiyalar qəbiristanlığı.

Ölkə, Çin, İran və Türkmənistan, Özbəkistan, Tacikistan kimi dövlətlərin sərhəddində, köç və ticarət yollarının ortasındadır, bir çox fərqli tayfaların, etnik qrupların və fərqli dillərin danışıldığı, fərqli mədəniyyətlərin yaratdığı bir quruluşa malikdir.

Belə bir coğrafiyada bir-birinə rəqib və ya hətta düşmən olan tayfa və ya etnik qrup öz bölgəsində qalalar kimi fiziki cəhətdən qorunan yaşayış məskənləri yarada bilmişdi.
Buna görə də belə quruluşa malik bir ölkəyə girmək və mərkəzi hökumət qurmaq asan deyildi.

SSRİ kimi güclü bir imperiya 1979-cu ildə Əfqanıstana hücum etsə də məqsədinə çata bilmədən, on ildən sonra böyük hərbi, fiziki və maddi itkilərlə geri çəkilmişdir.

Əfqanıstanın 84 faizini sünni müsəlmanlar təşkil edir. Ölkənin qarışıq etnik mənsubiyyətində ən çox əhalisi 38 faizlə Paştunlardır. Əksəriyyəti ölkənin cənubunda və şərqindədir. Təxminən 15 milyon Puştun da ölkənin cənub qonşusu olan Pakistandanda yaşayır.

İngilis hökmranlığı sona çatanda və Pakistan 1947-ci ildə müstəqil bir ölkə olanda, ölkədəki Puştunlar Əfqanıstandakı Puştunlarla birləşərək “Puştunistan” adlı müstəqil bir ölkə qurmaq tələblərini irəli sürmüşlər.
Pakistanla bölgədəki Puştunlar arasında gərginlik davam edərkən, 1971-ci ildə Pakistandan ayrılaraq müstəqil olan Banqladeş İslam birliyi adında ölkə yarandı. Bu ayrılıq Pakistan rəhbərliyi üçün etnik göstəricinin dini bərabərlikdən üstün olduğunu göstərdi. Yəni, dinin birləşdirməsindən çox, etnik mənşə daha çox ayırırdı.

Bununla da Əfqanıstanda Puştunların etnik kimlik təbliğatı Pakistan üçün daha ciddi təhlükəsizlik təhdidinə çevrildi.
Belə bir mühitdə Pakistan Əfqanıstanda Puştunlar arasında İslam hərəkatının yayılmasına dəstək verməyə başladı. Pakistan, Puştunlar arasında yayılmış etnik millətçi hissləri boğmağı, onu “islam həmrəyliyi” ilə əvəzləməyi planlayırdı.
Pakistan kəşfiyyat xidməti (İnter-Services İntelligence – İSİ), bu məqsədlə bölgədən bir çox ‘mücahidə” dini və hərbi təhsil verməyə başladı.

Bu tələbələr illər sonra Talibanın əsasını təşkil etdilər. Puştu dilində “tələbələr” Taliban deməkdir.

Pakistan müvəffəqiyyətli və cəsarətli gördüyü tələbələri bölgədəki ABŞ nümayəndələrinə təqdim edirdi. Beləliklə də Talibanla ABŞ-ın ilk əlaqələri yaranmış oldu.

Sol və Sovet dəstəkli əsgərlər 1978-ci ildə hakimiyyətə gəldikdə, Taliban Pakistan və ABŞ-ın dəstəyi ilə ölkəyə girərək silahlı üsyan başlatdı.

Buna qarşılıq olaraq Sovet İttifaqı 1979-cu ilin dekabrında Qırmızı Ordunu Əfqanıstana göndərdi.

Sovetlərin hücumu Pakistandan gələn və silahlı üsyana başlayan ‘mücahidlərə’ xalqın dəstəyini artıraraq onların daha da böyüməsinə səbəb oldu. Bununla da ABŞ və Səudiyyə Ərəbistanından böyük miqdarda maliyyə yardımı alan Taliban daha da güclənə bildi. Pakistanda “tələbə-mücahid” yetişdirən mədrəsələrin sayı qısa müddətdə 25 minə çatdı.

Əfqanıstan üzərində təhqiqatlar aparan və kitablar yazan Amerikalı akademik Barnett Rubinin qeyd edir ki, 1980-ci ilə qədər ABŞ illik 30 milyon vəsait ayırırdısa Sovetin hücumundan sonra bu rəqəm milyardlarla dollara çatdı. ABŞ-la yanaşı Səudiyyə Ərəbistan, İsrail və Çin də kifayət qədər hərbi və maddi yardımlar edirdilər.

SSRİ 1989-cu ildə Əfqanıstandan geri çəkildikdən sonra ABŞ mücahidlərə yardımını dayandırdı.

Sovet işğalından sonra kommunist hökuməti 1992-ci ilə qədər hakimiyyətdə qaldı.

Əlində silahları olan “mücahid” qruplar qırğınlar təşkil etməyə, adam qaçırma, cinayət, oğurluq, təcavüz, uşaqları və gəncləri zorla özlərinə qoşulmağa, Əfqan xalqının gündəlik həyatına məhdudiyyətlər tətbiq etməyə, qadınları bir çox hüquqlardan məhrum edən və buna qarşı gələnləri vəhşicəsinə cəzalandıran bir qüvvəyə çevrildi. Küçə döyüşləri Əfqanıstan vətəndaşlarının gündəlik həyatının bir hissəsi olmuşdu.

Ayrı-ayrı mücahid qrupların və qəbilələrin mübarizəsi səbəbindən 1992-1996-cı illər arasında artan qarışıqlıqdan istifadə edən Taliban, sabitliyi bərpa etmək vədi ilə nüfuz qazanmağa başladı.

Bu nüfuzdan və əlindəki qüvvələrdən istifadə edən Taliban 1994-cü ildə daha çox Puştunun yaşadığı Qəndahar şəhərində hakimiyyəti ələ keçirdi. Daha sonra ölkənin sərhəd keçid məntələrini ələ keçirən Taliban 1996-cı ildə Kabili almaqla Tacik əsilli Prezident Burhanettin Rabbani hakimiyyətini devirdilər.

Taliban, Vəhhabi (Səudiyyə) təlimi ilə formalaşan şəriət və Puştu qaydalarının bir-birinə qarışdığı bir “üsulu” qəbul etdi.

Əkiz Qüllələrin və Pentaqonun hədəf alınmasında Əl-Qaidəni günahlandıran ABŞ 2001-ci ildə Əfqanıstana hücum etdi.

Ölkənin 90 faizinə nəzarət edən Taliban, Kabili və höküməti tərk edərək əsasən Pakistana qaçdılar. Daha sonra Qəndəhar sərhədində yenidən təşkiltlanmağa başladılar.

ABŞ və NATO-nun başçılıq etdiyi qoşunların dəstəyi ilə Əfqanıstanda yeni bir hökumət qurulsa da, hava əməliyyatları, mülki insanların ölümünə səbəb olan ev basqınları və yerli tayfalar arasında döyüşlərin yenidən başlaması, bəzi bölgələrdə Talibana qarşı xalq rəğbətinin artmasına səbəb oldu.
Yenidən formalaşa bilən Taliban, 2012-ci ildə paytaxt Kabildə və NATO-nun bazalarına hücumlar etmək gücünə çatdı.

ABŞ və NATO 2014-cü ildə artıq 300 minlik Əfqan ordusu formalaşdırdığını, buna görə də təlim keçməyəcəyini və döyüşə birbaşa cəlb edilməyəcəyini bildirdikdən sonra Talibanın hücumları daha da artdı.

Müxtəlif vaxtlarda “işğalçı güc” olaraq xarakterizə etdiyi ABŞ -la bir masa arxasında oturan Taliban, nəhayət, 2020 -ci ilin fevral ayında ABŞ-ın geri çəkilməsi müqabilində müəyyən şərtləri yerinə yetirməklə bağlı öhdəliklər götürdü.

ABŞ-ın 20 ildən sonra nə olursa olsun Əfqanıstandan çıxacağını bilən Taliban, Əfqanıstanı yenidən tam olaraq ələ keçirməyə və beynəlxalq aləmdə leqal güc kimi tanınmaq üçün fəaliyyətə keçdi. Bu məqsədlə Rusiya, Çin, Orta Asiya ölkələri, Ərəb ölkələri, Pakistan və Türkiyə ilə əlaqələr qurmağa başladı.

Bu mərhələdə, qızların, qadın müəllimlərdən dərs ala biləcəyinə və ya həkim olan qadınların qadın xəstəxanalarında işləməyə və qadınları müalicə etmək üçün kənd yerlərinə getməyə icazə verəcəyi kimi açılamalar edərək köhnə sərt qaydalarını da yumşalda biləcəklərini nümayiş etdirirdilər.

Taliban kim idarə edir, gəlirləri haradan gəlir?

Taliban liderlənin əksəriyyəti Sovet müdaxiləsi zamanı Qırmızı Ordu ilə döyüşən mücahidlərdən ibarətdir. Qurucu lider, ABŞ-ın işğalından əvvəl Əfqanıstanı da idarə edən Molla Məhəmməd Ömərdi.

İdarəçiliyi, Rəhbər Şurası və hərbi və siyasi qərarların verildiyi, 26 üzvdən ibarət Məclis tərəfindən aparılır. Bundan başqa təhsil, səhiyyə, hərbi məsələlər, kəşfiyyat, daxili siyasət və iqtisadiyyat kimi məsələlərdən məsul “nazirliklər” kimi xidmət göstərən 17 komissiyası da vardı.

Əsas maliyyə qaynağının narkotik vasitələr olduğu deyilir. Ümumiyyətlə, dünya tiryək istehsalının 90 faizindən çoxunun Əfqanıstanda olduğu təxmin edilir ki, bunun da satışından Taliban 100 milyonlarla dollar vəsait əldə edir. Bununla yanaşı topladığı ‘vergi’ gəlirlərindən, yeraltı sərvətlərin çıxarılması və satışından, beynəlxalq yardımlardan da gəlir əldə edir.

Bu qədər qeyri-leqal işlərlə məşğul olmasına baxmayaraq beynəlxalq aləmdə rəsmi güc kimi tanınması üçün münasibətlər yaratmağa çalışıb.

Elə ona görə də 2013-cü ildə Avropa ölkələri ilə əlaqələrin yaradılması məqsədi ilə Qətərin paytaxtı Dohada böyük bir ofis açmışdır. Ondan sonra Almaniya, Fransa İsveç, Norveç, Türkiyə, Rusiya ilə təmasa başladı.

Əfqanıstanın şərq sərhədində yerləşən Əl-Qaidə üzvlərinin burada sığınmasına icazə verməməsi və oradan Çinə hücum etməməsi ilə bağlı 2015-ci ildə Çinlə razılaşmışdı. Çin Sincandakı uyğurları sərhəddə Əl-Qaidə ilə əməkdaşlıqda günahlandırırdı.

Bunun qarşılığında Pekin rəhbərliyi Əfqanıstan hökuməti ilə bəzi sahələrə investisiya qoymaq və mədənlərdə işləmək üçün müqavilələr bağladı. Razılaşmaların edildiyi bəzi yerlər Talibanın nəzarətində idi.
Taliban rəhbərliyinin böyük əksəriyyəti Sovetlərə qarşı mübarizə aparan “mücahidlərdən” ibarət olsa da, 2017-ci ildə Rusiya “inkişaf” edən Talibanla birbaşa təmas quraraq yeni dövrdə bölgədə söz sahibi olmaq üçün fürsəti əldən verməməyə çalışırdı. Danışıqlardan sonra bəzi Taliban rəhbərlərini sanksiyalar siyahısından da çıxartdı.

Talibanla ölkələrin bir neçə il bundan əvvəl əlaqə qurmağa başlaması bu gün baş verən hadisələrin birdən-birə yaranmadığı, əvvəlcədən planlaşdırıldığının göstəricisidir.
Yoxsa necə ola bilər ki, ABŞ-ın rəhbərliyi ilə NATO-nun hazırladığı 300 minlik Əfqan ordusu ancaq yerüstü silahlara malik olan 70 minlik Taliban qarşısında məğlub olsun.

Bu bir neçə il bundan əvvəl eyni ssenari Suriyada da həyata keçirilmişdi. İŞİD üzvü olan 500-600 nəfərlik terrorçular on minlərlə Suriya orsdusunu “məğlub” edərək böyük əraziləri işğal etdi. Daha sonralar həmin ərazilər İŞİD-dən alınaraq PKK-ya verildi.

Əfqanıstan Böyük ipək yolunun üstündə yerləşən, ABŞ-ın rəqibləri olan Çin, İran və Rusiya (KTMT vasitəsilə) ilə ümumi sərhəddə malik olan ölkədir.

Əlbəttəki, Amerika Əfqanıstandan qaçmır, rəqiblərinin sərhəddində əlavə münaqişə yaratmaq üçün gedir.

Çox böyük ehtimalla Əfqanıstanda digər terror təşkilatları və digər etnik qruplar gücləndirilməklə vətəndaş müharibəsi başladılacaq. Bunun da nəticəsində böyük köç yaranacaq. Çin, İran, Rusiya Əfqanıstana müdaxilə etməklə, ölkə bir neçə qüvvənin nəzarətinə keçməklə, parçalanacaq. Bunun da nəticəsində ölkə ərazisindən hansısa beynəlxalq güc öz məqsədi üçün təkbaşına istifadə edə bilməyəcək və ölkədə uzun müddətli qeyri sabitlik yaranacaq (Suriyada olduğu kimi).

Taliban, İranın da qızışdırması ilə orda yaşayan 7 milyondan çox Türk kökənli vətəndaşlara hücum edəcək. Belə bir hücumun olması Çinin də “mənafeyinə uyğundur”.
Əfqanıstan Çinin Uyğurlar yaşayan vilayəti ilə sərhəddir. Ona görə Çin Əfqanıstandan öz ərazisinə keçə biləcək azadlıq hərəkatından çox narahatdır.
Türk kökənli əfqanıstanlılara qarşı hücum nəticəsində Türkiyəyə doğru köç yaranacaq. Köçün və qırğının qarşısını almaq üçün Türkiyə də müdaxilə etmək məcburiyyətində qalacaq. İran və Türkiyə də daxil qonşu ölkələr köçdən böyük zərər görəcəklər.

Əfqanıstan ikinci Suriya olaraq dünyaya terror ixrac edən, yetişdirən region olaraq daha da “inkişaf” edəcək həm də İslam adı ilə.

Bununla da Qərb və müəyyən qüvvələr İslamın terrorla bağlılığı altında yenidən “tezizslər” irəli sürməyə başlayaca, islama qarşı hücumlar, gözdənsalma kompaniyaları artacaq.
ABŞ, rəqibi olan Çin, Rusiya, İran və Türkiyəni eyni məkanda yeni münaqişəyə çəkərək onların əlavə xərcə çəlb olunmasına, əsasən də inkişaf edən Çinin yaxın şərqə olan ən yaxın yolunu kəsməklə 20 ildə milyardlarla dollar vəsait xərclədiyi Əfqanıstanı tərk etdi.

Yalçın Hacızadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir