Orxan Məmmədov: “KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması məqsədi ilə təkliflər hazırlanacaq” | DEFAKTO.AZ Orxan Məmmədov: “KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması məqsədi ilə təkliflər hazırlanacaq” – DEFAKTO.AZ

Orxan Məmmədov: “KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması məqsədi ilə təkliflər hazırlanacaq”

3




“Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən Sahibkarlar Günü qeyd olunur. Ölkəmizin sosial-iqtisadi inkişafında xüsusi payı olan sahibkarlarımızı bu əlamətdar gün münasibətilə KOBİA adından təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayıram”.

DEFAKTO.az xəbər verir ki, bu sözləri Sahibkarlar Gününə və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda baş tutan konfransda jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib

O qeyd edib ki, sahibkarlar icması üçün bu günlərə təsadüf edən digər əlamətdar hadisə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının yaranmasıdır: 

“Mən KOBİA-nın yaxın tərəfdaşı olan Azərbaycan Sahibkarlar Konfederasiyasını 25 illik yubileyi münasibətilə təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram. Əhatə dairəsi, müasir korporativ idarəetmə yanaşması, beynəlxalq təmsilçilik və çoxşaxəli sistemli fəaliyyət kimi amilləri nəzərə alsaq, əminliklə deyə bilərik ki, ASK dövlət-özəl sektor dialoqu üçün əhəmiyyətli instituta çevrilib.   
       
Sahibkarlar Gününün müvafiq sahədə maraqlı tərəflər ilə birgə keçirilməsi artıq xoş ənənə halını almışdır. Dövlət, özəl sektor, ictimai təşkilatlar və biznes assosiasiyaların bir araya gəlməsi görülən işlərə, əldə edilən nəticələrə və qarşıda duran çağırışlara birgə nəzər salmaq və irəliyə doğru addımları formalaşdırmaq üçün əlverişli platforma yaradır. Sahibkarlıq sektoru kəsişən məsələləri əhatə etdiyi üçün birgə və əlaqələndirilmiş fəaliyyət olmadan uğurlu göstəricilər əldə etmək mümkün deyildir.  

Azərbaycanda müasir sahibkarlığın inkişafında bir sıra mühüm hadisələr və tarixlər var. Onlardan biri və sonrakı dövrlərdə əhəmiyyətli müsbət təsir effektinə malik olan tədbir 2002-ci il aprelin 25-də ulu öndərimiz Heydər Əliyevin iş adamları ilə keçirdiyi tarixi görüşdür. Həmin görüşün nəticəsi olaraq imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur. Məhz bu səbəbdən də, sözügedən tarix ölkəmizdə “Sahibkarlar Günü” kimi təsis edilib.  

Ümumilikdə, 1993-2003-cü illər ərzində Heydər Əliyevin milli dövlətçilik doktrinası əsasında və onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda özəl sektorun müasir inkişafının əsası qoyuldu və bu istiqamətdə əhəmiyyətli işlər görüldü. Ümummilli liderin başladığı quruculuq strategiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə yeni səviyyədə davam etdirilir. Bu məqsədlə müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş vergi stimulları tətbiq olunur, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır. 

Sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində Heydər Əliyev irsini əzmlə davam etdirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da ön sırada dayanır. Onun çoxşaxəli fəaliyyəti çərçivəsində ölkə iqtisadiyyatının aktual problemləri üzrə icra olunan layihə və proqramlar ölkəmizin sosial-iqtisadi tərəqqisinə, həyata keçirilən inkişaf siyasətinə əhəmiyyətli töhfələr verməkdədir.   

Bu gün ölkəmizdə özəl sektorun dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti də məhz müasir dövrün çağırışlarına uyğun sahibkarlığın təşviqinə yönəldilmişdir. Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərinin 99,6%-ni KOB subyektləri təşkil edir, o zamanda, aydındır ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır.

Qeyd etmək istərdim ki, KOB subyektlərinin yeni bölgü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci il daxil olmaqla 5 illik dövr ərzində KOB subyektlərinin sayı 54% artıb. Bu müddətdə KOB-ların qeyri/neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlib. KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74%-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. KOB-ların işçilərinin sayında da müsbət dinamika müşahidə olunur. Belə ki, hesabat dövründə bu göstərici 31% qədər artaraq 370 min nəfəri keçib. 

Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə qarşılıqlı əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə müəyyən edirik. Bu məqsədlə, həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi görüşlər və dəyirmi masalar təşkil olunur. Əldə olunan məlumatlar və aparılmış təhlillər əsasında ötən dövrdə biznes subyektləri və sahibkarlığa başlamaq istəyən şəxslər üçün bir sıra dəstək mexanizmləri yaradılmış və istifadəyə verilib. Belə ki, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli mexanizmlərdir. Ölkəmizin 3 fərqli bölgəsində fəaliyyət göstərən KOB evlərimiz “one-stop shop” formatında “G2B” və “B2B” xidmətlər göstərməkdədir. Qarşıdakı dövrlərdə işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla digər regionlarda növbəti KOB evlərini sahibkarların istifadəsinə verməklə onların əhatə dairəsini genişləndirəcəyik. Hazırda ölkənin müxtəlif şəhər və rayonunda 49 KOB dostu ofisi fəaliyyət göstərir ki, burada yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına yerində hərtərəfli dövlət dəstəyini təmin edilir. Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda KOB İnkişaf Mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir. 

KOBİA olaraq KOB-lara dəstək sahəsində daim qabaqcıl beynəlxalq təcrübəni öyrənir və mütərəqqi metodları tətbiq edirik. Bu yaxınlarda dövlət-biznes-universitet iş birliyi əsasında model müəssisə istifadəyə verilib. Model müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. 

Əlbəttə ki, sadaladıqlarım KOBİA tərəfindən təmin edilən dəstək və xidmətlərin bir hissəsini təşkil edir. Yaranmış yeni iqtisadi reallıqlara və trendlərə çevik reaksiyanın verilməsi və strateji fəaliyyət gündəliyimizə yeni elementlərin daxil edilməsi olduqca vacibdir. Bu baxımdan, ölkə başçısı tərəfindən elən edilmiş yeni dövrün çağırışlarına uyğun olaraq, eləcə də bu il ölkəmizdə təşkil keçiriləcək COP29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli” tədbirləri fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, resurs səmərəli və qənaətli texnologiyaların tətbiqi, eləcə də yaşıl innovasiyaların biznes proseslərinə inteqrasiyası KOB subyektlərinin xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına böyük ölçüdə təsir göstərir. Digər tərəfdən, istehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı bizneslərin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. Qeyd olunanlar nəzərə alınmaqla, cari il ərzində KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması məqsədi ilə yeni institusional təsisatın və təşviq mexanizmlərinin yaradılması üzrə təkliflər hazırlanacaq.  

KOBİA həmçinin, Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Ekoloji, sosial və korporativ idarəetmə standartları” altqrupuna rəhbərlik edir. Sözügedən altqrup çərçivəsində fəaliyyətlər ətraf mühit məsələlərinin də geniş əhatə olunduğu ESG prinsiplərinin Azərbaycanda tətbiqinin təşviqini hədəfləyir. 

Hörmətli sahibkarlar,     

Bu gün hər birimiz dövrünün ən qüdrətli Azərbaycanında yaşamaqdan fəxr edirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağın işğaldan azad edilməsi və əzəli torpaqlarımızın tam olaraq geri qaytarılması bizneslərin inkişafı üçün də yeni imkanlar açıb. Bizim sizinlə birlikdə yeni dövrün sosial-iqtisadi inkişaf proseslərində fəal iştirak etmək fürsətimiz var. Bu fürsətdən istifadə etmək üçün səylərimizi daha da artırmalıyıq.

Bizim fəaliyyətimizin səmərəsi sizinlə əməkdaşlıqdan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan, yaranmış imkandan istifadə edərək, bir daha, sizi ölkəmizin iqtisadi qüdrətinin artırılması və möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi yeni iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi istiqamətində daha sıx əməkdaşlığa və mövcud dəstək və xidmətlərdən fəal şəkildə faydalanmağa dəvət edirəm. 

Gününüz mübarək olsun, əziz sahibkarlar!”