Əri vurdu, gözünü itirdi – İndi eyni evdə yaşamağa məcburdur + FOTO | DEFAKTO.AZ Əri vurdu, gözünü itirdi – İndi eyni evdə yaşamağa məcburdur + FOTO – DEFAKTO.AZ

Əri vurdu, gözünü itirdi – İndi eyni evdə yaşamağa məcburdur + FOTO

11




Bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarətə götürülməklə, onu narahat edən halların aradan qaldırılması üçün aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə tədbirlər görülür.

Bildirilib ki, 2022-ci il dekabrında Yalçın Bektimirovun A.Bektimirovaya sol gözün konyuktiva qişası altında qansızma ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin qançırları xəsarətləri yetirib qəsdən onun sağlamlığına yüngül zərər vurması faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Y.Bektimirovun A.Bektimirovanı mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməsi müəyyən edildiyindən cinayət əməli Cinayət Məcəlləsinin əzab vermə, işgəncə verməklə törədildikdə maddəsinə tövsif edilib və 2023-cü ilin avqustunda Y. Bektimirov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə dəfələrlə təyin edilən təkrar və komisyon məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilib ki, A.Bektimirovada sol gözün sklerasının rupturasına (cırılmasına), həmin gözün təbii qidalanmasının dayanmasına, funksiyasının tamamilə itməsinə, gözün orqan kimi sıradan çıxmasına – amputasiyasına və protezləşməsinə səbəb, onun 2022-ci ilin dekabrında aldığı xəsarət deyil, travmadan əvvəl düçar olduğu xroniki uveitin fəsadı olaraq terminal qlaukoma xəstəliyidir.

2023-cü ilin oktyabrında cinayət işi ibtidai istintaqı tamamlanaraq məhkəməyə göndərilib və məhkəmənin 14 mart 2024-cü il tarixli hökmü ilə Y.Bektimirov Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Anastasiya Bektimirovanın gözünü itirməzdən əvvəlki və sonrakı fotolarını təqdim edirik: