25 iyul 2023-cü il tarixdə saat 4 radələrində Qubada qayınatasına məxsus evə gizli daxil olaraq, orada arvadı – 24 yaşlı Rəvanəni amansızlıqla qətlə yetirən 26 yaşlı Rəşadın telefonundan 1 saat 49 dəqiqəlik səs yazısı tapılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyənləşdirilən səs yazısının həmin gecə lentə alındığı məlum olub. Səs yazısından Rəşadın hadisəni törətməsi barədə məlumat verməsinədək baş verənləri anbaan əks etdirməsi məlum olub. Telefonun “Səsyazan” proqramına daxil olduqda “ölüm” adlı 1 saat 48 dəqiqə 43 saniyəlik səs yazısının məzmunundan görünür ki, Rəşad Rəvanəni qətlə yeritmə anını qeydə alıb.
Həmin səs yazılarında o, arvadının yatmış vəziyyətdə olduğunu, sağ çiyin üzərində yatdığını, yatmış vəziyyətdə öldürəcəyini, ürək nahiyəsindən zərbə endirəcəyini bildirir, bundan sonra isə bıçaqla zərbələr endirir. Bu zaman zərərçəkmiş şəxs yuxudan oyanaraq Rəşadın adını çəkir, daha sonra Rəvanənin səsi kəsilir və ağlayan uşaq səsi gəlir. Bundan sonra Rəşad qayınatasının evində qışqıraraq evdəki digər şəxsləri oyadır və arvadını qətlə yetirdiyini deyir.
Araşdırmalar zamanı o da məlum olub ki, Rəşad və Rəvanə arasında münasibətlər hadisədən bir neçə ay əvvəl pozulub və qadın ərindən şikayət edib. Arvadını döydüyünə görə, Rəşad həbs edilib. O, həbsdə olarkən Rəvanə atası evinə gedib, həmçinin “TikTok” vasitəsilə tanış olduğu oğlanla sevgili münasibətinə başlayıb. Rəvanə Vüsal adlı həmin şəxslə birgə Türkiyəyə istirahətə də gedib. Həbsdən çıxan Rəşad həyat yoldaşına əvvəlcə barışmağı təklif etsə də, sonra onu qətlə yetirmək qərarına gəlib və qayınatasının evdə olmadığı vaxt gecə saat 4 radələrində gizli şəkildə mənzilə daxil olaraq arvadını amansızlıqla öldürüb.
Rəşad Güliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 157-ci (xüsusi amansızlıqla və köməksiz halda olan adamı öldürmə, mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirli bilinib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə o, 16 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.