Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Məzahir oğlu Əhmədovun Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.
“DEFAKTO.az”un Qərb bürosunun məlumatına görə, proses Dadaş İmanovun sədrliyi ilə keçirilib.
Təqsirləndirilən sabiq hakimi beş vəkil – Elməddin Məmmədov, Azər Babayev, Vüqar Mahmudov, Seymur Zeynalov və Vəfadar Piriyev – müdafiə edir.
Dövlət ittihamçısı isə Zaur Qasımovdur.
Növbəti məhkəmə prosesi mayın 1-nə təyin olunub.
Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Elsun Məzahir oğlu Əhmədov şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.