Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox göz önünə rejissor Ramiz Həsənoğlunun “Təbii ki, bu rolda çox populyar, sevilən bir aktyor çəkilməli idi”, – deyə Sabit Mirzə roluna dəvət etdiyi “Qatarda” tamaşası gəlir…
Həsən Əbluc şəxsi həyatında da qayğıkeş ata, sədaqətli həyat yoldaşı, sadiq dost, etibarlı qardaş olub.
Aktyorun 22 aprel – doğum günü ərəfəsində söhbətləşdiyimiz qızı Elnaz Əbluc “atamla bağlı xatirələrin hamısı mənim üçün əzizdir. Çünki o, çox qayğıkeş olub. Ondan sonra mən elə bir qayğını demək olar ki, heç kimdən görmədim. Bu, söz xətrinə deyilmir. İndi onun üçün anamın da, mənim də az qala burnumuzun ucu göynəyir”, – deyə kədərlə bildirir.
Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.
“Biz uşaqsız da yaşayarıq…”
E.Əbluc atası ilə bağlı heç zaman danışmadığı bir xatirəsini bölüşür: “Ailənin yeganə uşağı olmuşam. Məndən öncə doğulan uşaqlar həyatda qalmayıb. Hətta anam məni dünyaya gətirəndə atam ona məktub yazıb: “Əgər alınmırsa, biz uşaqsız da yaşayarıq…” Baxmayaraq ki, o, uşağının olmasını çox istəyib, ancaq anama təsəlli üçün belə bir məktub yazıb. Anam deyir ki, o məktubu oxuyanda xəstəxanada hamı ağlayırdı. Xəstəxanadan gələndə atam sevindiyindən uşaq arabasının içərisini konfetlə doldurub. O, məni hədsiz çox istəyirdi. Biz ata-övlad münasibətindən savayı dost idik. Hamı deyirdi ki, o, çox ciddi adamdır, yəqin sənə çox şeyi qadağa edər, amma atam çox müasir idi. Bizim yaxşı geyinməyimizi istəyirdi. Anamda bir az astmatik problemlər olduğu üçün hər il aprel-may aylarında o bizi 3 aylıq Moskvaya göndərirdi. İl boyu qazandığı pulu anama verib “özünüzə nə istəyirsiniz alın” deyirdi. Sonra özü də yanımıza gəlirdi, amma çox qala bilmirdi”.
Üzdə olmayan aktyorların kəşfi
“Atamın uşaqlığı asan keçməmişdi”, – deyə E.Əbluc davam edir: “Onun böyük qardaşı Əli inqilabçı olmuşdu. 18 yaşında ona edam hökmü kəsildiyi üçün bütün ailə Təbrizdən Bakıya qaçmışdı. Onda atamın 4 yaşı varmış. Sonra Bakıda orta məktəbi bitirmiş, institutda həm aktyorluq, həm də rejissorluq üzrə oxumuşdu. Sənətini hədsiz çox sevirdi. Tamaşalara quruluş verəndə daha çox üzdə olmayan aktyorlarla işləməyə üstünlük verirdi. Məsələn, “Aydın” tamaşasında Gültəkin roluna teatra yeni gələn Məleykə Əsədovanı dəvət etmişdi. Məleykə xanım mənim verilişimdə danışdı ki, Həsən Əbluc rolu mənə verəndə məəttəl qaldım…”
“Səndən yaxşı montaj rejissoru olar”
“Mən orta məktəbdə oxuyanda kreativ işlər axtarırdım. “Fotoreportyor olacağam”, “ofisdə işləyəcəyəm” və s. deyə xəyallar qururdum”, – deyə Elnaz xatırlayır: “Atam da “bir seçim etmək, qərara gəlmək lazımdır” deyirdi. Nənəm həkim olduğu üçün o, mənim həkim olmağımı istəyirdi. Atam isə deyirdi ki, səndən yaxşı montaj rejissoru olar. Çünki mən iki kasetli maqnitofonlarda musiqiləri bir-birinə calayırdım. Ancaq bu sənəti seçmək haqda düşünmürdüm, etiraz edirdim. Tale elə gətirdi ki, atam dünyasını dəyişəndən sonra mən bu sənəti sevdim, montaj rejissoru oldum. Elə bil onun ruhu məni bu sənətə çəkdi”.
“Snayper dublyaj edən”
“Atamın səsindən dublyajda çox istifadə olunurdu, amma kinoya o qədər dəvət olunmurdu. Atam ironiya ilə rejissorlara deyirdi ki, məni kinoya çəkməyin, o filmə heç kim baxmayacaq. Amma filmlərin səslənməsində onun səsi olmadan keçinmək mümkün deyildi. “Yaramaz” filmində gürcü aktyoru Mamuka Kikaleyşvilinin səsləndirməsi də atama məxsusdur. Aktyor filmdən sonra “mən özüm belə bacarmazdım”, – deyə etiraf edib. Səs operatoru Əsəd Əsədov atama “snayper dublyaj edən” deyirdi. Atam təkcə filmdə obrazı səsləndirmirdi, o rolu yaşayırdı. Bəzən filmdə də, oxuduğu şeirlərdə də sözləri dəyişir, redaktələr edirdi”.
Dünyasını dəyişəndə 51 yaşı vardı
Həsən Əbluc ömrünün sonuna yaxın “Ezop” tamaşasını və “Anamın kitabı”nı hazırlayırdı. “Atam bir aktyorla “Ezop” tamaşasını hazırlamışdı. Ezop rolunu da özü oynayacaqdı”, – deyə qızı xatırlayır: “Bu tamaşa Heydər Əliyev Sarayında nümayiş olunacaqdı. Amma tamaşanı oynamaq qismət olmadı. Gənc Tamaşaçılar Teatrında sonuncu quruluş verdiyi “Anamın kitabı”nın premyerası da baş tutmadı. Premyeraya 20 gün qalmış atamın səhnədə ürəyi tutdu. Hadisə məşq prosesində oldu. Xəstəxanaya çatdırsalar da, atamı xilas etmək mümkün olmadı. Atam üzdən sakit görünürdü, amma çox emosional və əsəbi idi. Məşqləri də emosional aparırdı. Məni də bəzən özü ilə məşqlərə götürürdü. Onun əsəbiliyi ilə bağlı aktyorlar arasında narazılıqlar olduğunu eşidirdim. Mən bu barədə atama deyirdim. “Mən məşqdən sonra onlarla dostam, amma bu, mənim iş prinsipimdir”, – deyə izah edirdi.
Həsən Əbluc dünyasını dəyişəndə 51 yaşı vardı. Ürəyində isə quruluş vermək istədiyi nə qədər tamaşalar və oynamaq istədiyi rolların arzusu… “Atam Şahmar Ələkbərov və Tariyel Qasımovla yaxın dost idi. Şahmar Ələkbərovla ailəvi yaxın idik. Şahmar əmi dünyasını dəyişəndə atam onun məzarı başında ağlayaraq: “Tezliklə görüşərik…” demişdi. İki il sonra atam rəhmətə getdi…”
Elnaz deyir ki, atası dünyasını dəyişəndən sonra onlar üçün asan olmayıb. Ailənin yükünü anası ilə özü çəkməli olub: “Atam vəfat edəndə mənim 16 yaşım vardı. Anam da bilmirdi ki, məsələn, çörək harada və neçəyə satılır. Bütün qayğılar atamın üzərində olmuşdu. “Mən olmasam siz nə edəcəksiniz?” – deyə həmişə narahatlığını ifadə edirdi. Son üç ayda isə ürəyinə dammış kimi bu sözləri daha tez-tez söyləyirdi…”
Elnaz atasının adının bir aktyor və rejissor kimi yaddaşlarda yaşamasından qürur duyur: “Yaxşı ki, atam insanların yaddaşında yaşayır. Atamın ifasında Bəxtiyar Vahabzadənin “Yaşdan gileyliyəm” şeirini “Youtube”da paylaşdım. O qədər xoş rəylər yazıldı ki… Hər il doğum və anım günləri haqqında verilişlər hazırlanır, xatirə gecələri keçirilir. Bu, bir övlad kimi məni çox sevindirir…”