İNNOVASİYALARA, İQTİSADİ ƏMƏKDAILIQA ƏSASLANAN TƏRƏFDAŞLIQ | DEFAKTO.AZ İNNOVASİYALARA, İQTİSADİ ƏMƏKDAILIQA ƏSASLANAN TƏRƏFDAŞLIQ – DEFAKTO.AZ

İNNOVASİYALARA, İQTİSADİ ƏMƏKDAILIQA ƏSASLANAN TƏRƏFDAŞLIQ

19

Hər kəs yaxşı başa düşür ki, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı strateji əhəmiyyət kəsb edir. Mövcud əlaqələr var, onlara əlavə, növbəti təkan verilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başlanılan layihələrin əsasında olmalıdır. Azərbaycan Ermənistan qoşunlarının ölkəmizin ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Hazırda Azərbaycan öz siyasətini regionda yaranan yeni reallıqlara uyğun qurur. Son üç onillik ərzində ərazi itkilərinə məruz qalmasına baxmayaraq, daim sülhə sadiqlik nümayiş etdirən Azərbaycan indiki mərhələdə də müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Ölkəmizin mövqeyini bir daha diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. “Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq”, – deyə dövlətimizin başçısı İlham Əliyev vurğulayıb.

 İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan reallıqlardan biri kommunikasiyaların açılması ilə bağlıdır. Postmüharibə mərhələsində regionda kommunikasiyaların açılması nadir əməkdaşlıq formatı yaradacaq. Məlum olduğu kimi, Azərbaycan indiyədək ölkə ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin funksionallığının artırılması üçün böyük investisiya tutumuna malik bir sıra irimiqyaslı layihələr həyata keçirib və nəticədə, respublikamız Avrasiya coğrafiyasının aparıcı tranzit-logistika hablarından birinə çevrilib.
  Artıq Finlandiyadan Hindistana ilk yüklərin Azərbaycan ərazisindən çatdırılmasına başlanılıb. Azərbaycan, həmçinin ölkəmizin tranzit imkanlarını genişləndirəcək Zəngəzur dəhlizinin yaradılmasına qətiyyəli siyasi iradə nümayiş etdirir. Bu dəhliz vasitəsilə blokada şəraitində yaşayan Naxçıvanla əlaqələrimiz bərpa olunacaq, eləcə də ölkəmizin qardaş Türkiyə ilə ikinci dəmir yolu bağlantısı yaranacaq. Qeyd edək ki, Azərbaycan müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması istiqamətində işlərə başlayıb. O cümlədən Zəngəzur dəhlizinin Azərbaycan ərazisinə düşən hissəsində avtomobil magistralının və dəmir yolu xəttinin tikintisi sürətlə davam etdirilir. Vurğulamaq yerinə düşər ki, Füzulidə, Zəngilanda, Laçında beynəlxalq hava limanlarının açılması ilə cəmi 2 il ərzində Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.

Kommunikasiyaların açılması təkcə respublikamızın deyil, bütün region dövlətlərinin maraqlarına cavab verir. Bu, həmçinin üç onillik ərzində apardığı işğalçılıq siyasətinin girovuna çevrilən Ermənistan üçün də faydalıdır. Region dövlətləri və bütün dünya İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq regionda yaranan reallığı qəbul edir.
Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.
Yeri gəlmişkən, Şarl Mişel mətbuata verdiyi bəyanatında Dağlıq Qarabağ, status və s. bu kimi ifadələr işlətmədi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırdı. Bu, göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşür və regionla bağlı siyasətində bu reallığı nəzərə alır. Deyilənlərdən də göründüyü kimi, erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin təzyiqinə baxmayaraq, Aİ Azərbaycanla münasibətlərini düzgün qurur və olduqca pozitiv istiqamətdə inkişaf etdirir. O cümlədən Ermənistanı Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamağa sövq və məcbur etmək üçün Avropa İttifaqının imkanlarından istifadə olunmalıdır.
Vüsal Kazımov, YAP Cəlilabad rayon təşkilatı gənclər birliyinin sədri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir