“Şuşa şəhəri yaxın gələcəkdə məşhur turistik məkana çevriləcək”.
Bunu “DEFAKTO.az”a pakistanlı ekspert, siyasi araşdırmalar mərkəzinin direktoru Əhsən Həmid Durrani deyib.
“Yeniyetmə ikən Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsi ilə maraqlanırdım. İndi bu yerlərə baş çəkərək, işğal zamanı erməni silahlılarının Qarabağın ruhu olan Şuşanı necə məhv etdiyini görmək məni ağrıdır. Azərbaycanın dağıdılan hər şeyi necə bərpa etdiyini görməkdən isə çox şadam: dini obyektlər bərpa olunur, təhsil və mədəniyyət müəssisələri, yaşayış binaları yenidən qurulur”, – pakistanlı mütəxəssis qeyd edib.
Qeyd edək ki, Bakıda keçirilən iki günlük tədbirin sonunda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya gəliblər. Konfrans iştirakçıları Şuşa şəhərinin bərpası və tarixi görkəminə qaytarılması istiqamətində aparılan işlərlə tanış olublar. Onlara şəhərin işğalı zamanı ermənilərin törətdikləri vandalizm aktları barədə məlumatlandırılıb.