AFFA-nın almaniyalı sabiq rəsmisi: “Bayer 04”ü məğlub etməyin yolları var” – MÜSAHİBƏ | DEFAKTO.AZ AFFA-nın almaniyalı sabiq rəsmisi: “Bayer 04”ü məğlub etməyin yolları var” – MÜSAHİBƏ – DEFAKTO.AZ

AFFA-nın almaniyalı sabiq rəsmisi: “Bayer 04”ü məğlub etməyin yolları var” – MÜSAHİBƏ

11


Almaniyalı Bernard Lippert Azərbaycan futbol ictimaiyyəti üçün yad sima deyil. O, 2009-14-cü illər aralığında tanınmış həmyerlisi Berti Foqtsun köməkçisi qismində milli komandamızda çalışıb. Bununla yanaşı, AFFA-nın texniki direktoru (2008-20), U-21 yığmamızın baş məşqçisi (2009-14) vəzifələrini tutub. Onun son iş yeri Qana millisi olub. 2020-ci ildən ötən ilin oktyabr ayına qədər adıçəkilən komandada texniki direktor kimi fəaliyyət göstərib.

Bernard Lippert UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer 04” matçından öncə “DEFAKTO.az”un suallarını cavablandırıb.

– “Qarabağ” – “Bayer 04” görüşü barədə nə düşünürsünüz? Bu oyundan əsas gözləntiləriniz nədir?

– Olduqca maraqlı qarşılaşma olacaq. Hər iki ölkənin ən yaxşıları bir-birinə qarşı mübarizə aparacaqlar. “Bayer 04” bu il Bundesliqada rekord nəticələrə imza atıb. “Qarabağ” da cari mövsüm əldə etdiyi nəticələrlə məni təəccübləndirib. “Bayer 04”ün, qrup mərhələsində olduğu kimi, asan qələbə qazanacağını düşünmürəm. Bizi çox maraqlı iki oyun gözləyir.

– “Qarabağ”ın bu mövsüm avrokuboklardakı çıxışı barədə nə deyə bilərsiniz?

– Səmimi desəm, “Qarabağ”ın hazırkı nəticələrini sürpriz hesab etmirəm. Mən uzun müddət Azərbaycanda işləmişəm və düşünürəm ki, son 10 ildə Azərbaycan futbolunda olduqca yaxşı işlər görülüb. Bu inkişaf özünü hazırkı nəticələrdə də göstərir. İnanıram ki, “Qarabağ” gələcəkdə Avropa futbolunda böyük pay sahibi olacaq və bundan da parlaq nəticələrə imza atacaq. Ağdam təmsilçisinə böyük hörmətim var.

– Azərbaycan çempionu bu mövsüm məğlub olmayan Almaniya klubuna qarşı oynayacaq. Amma onu da qeyd etmək lazımdır ki, “Bayer 04” Bundesliqada “Bavariya” ilə matçları çıxmaq şərtilə heç bir nəhəng klubla qarşılaşmayıb. Yəni lazımi müqavimətlə üzləşməyib. Bu fikirlə razısınız?

– Leverkuzen təmsilçisi hazırda qazandığı bütün uğurların fonunda eyforiya dalğasındadır. Onlar hər mövqedə güclərini ortaya qoyurlar və rəqibə təsir göstərməyi bacarırlar. Xabi Alonso baş məşqçi kimi komandada möhtəşəm işlər görür, əsl hücum futbolu oynadır. Onlar avrokuboklarda güclü klublara qarşı oynamasalar da, hazırda top-komanda olaraq adlarından söz etdirirlər. Qazandığı nəticələrə görə “Bayer 04”ə böyük hörmətim var. Ona görə də bu komandanın matçı məndə həyəcan yaradır. Bununla belə, futbolda həmişə sürpriz nəticələr olur. “Bayer 04”ü məğlub etməyin yolları var və “Qarabağ” Bakıda onların uğurlu seriyasına son qoya bilər. Xüsusilə Bakıda bunu etmək mümkündür. Hazırkı baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında onları məğlub etmək bir qədər çətin görünür. “Bayer 04” hazırda Avropanın top-komandaları ilə eyni səviyyədədir.

– Düşünürsünüz ki, “Qarabağ” Almaniya təmsilçisinin bu uğuruna Bakıda son qoya bilər?

– “Qarabağ” Bakıdakı qarşılaşmada azarkeş dəstəyi ilə rəqibi üzərində təzyiq yarada bilər. Futbolda hər şey baş verir. Ağdam təmsilçisi qələbə qazanarsa, bu, böyük sensasiya olacaq. Çünki Almaniya klubu həm daxili çempionatda, həm də avrokuboklarda baxımlı oyunla parlaq nəticələr qazanır. İki oyun güclü tərəfin adına aydınlıq gətirəcək.

– Bu komandalar qrup mərhələsində də qarşılaşıblar. Həmin matçları izləmişdiniz?

– “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Bayer 04”ə qarşı keçirdiyi matçları izləməmişəm. Almaniya təmsilçisinin cari mövsüm səviyyəsi göz qabağındadır. “Qarabağ” Bakıdakı matçda kiçik də olsa, üstünlüyə sahib olacaq. Bu komandanı tanıyıram. Kənardan fikir bildirmək asan görünür. Həmin vaxt Qanada idim və qarşılaşmaları bu səbəbdən canlı izləyə bilməmişəm.

– Azərbaycan millisinin çıxışı ilə maraqlanmısınız?

– Azərbaycan millisinin oyunlarını o qədər də çox izləmirəm. Almaniyada oturub yığmanızın performansı barədə fikir yürüdə bilmərəm. Uzun müddətdir, orada işləmirəm. Amma güman edirəm ki, Azərbaycan bu müddət ərzində xeyli bacarıqlı futbolçular yetişdirib, ölkədə perspektiv vəd edən gənc futbolçular var və onlar Azərbaycan futbolunu irəliyə aparacaqlar. Rəhbərlikdə də xeyli dəyişikliklər var. Onlar Azərbaycan futbolunu yaxşılaşdırmaq üçün vacib işlər görürlər. Milli komanda bu addımlar sayəsində yaxşı nəticələrə imza atacaq.

– Hazırda hansı işlə məşğulsunuz?

– Sonuncu iş yerim Qana millisi olub. Orada texniki direktor idim. Bu, mənim üçün həm əyləncəli, həm də maraqlı bir iş idi. Qana millisi ilə Qətərin ev sahibliyi etdiyi dünya çempionatına vəsiqə qazandıq və orada keçirdiyim vaxt mənim üçün böyük təcrübə oldu. Bu ölkə futbolunun inkişafı üçün çox ciddi çalışdım və işimdə məsuliyyətli idim. Ailəmə görə Qana millisi ilə müqaviləmi yeniləyə bilmədim. Ötən ilin oktyabrından Almaniyaya qayıtdım və hazırda özümə iş axtarıram.

– Azərbaycan Premyer Liqası barədə nə deyə bilərsiniz?

– Azərbaycan çempionatı ilbəil inkişaf edir. Çempionatınızın səviyyəsi göz oxşayır. Komandaların heyətində perspektivli gənc futbolçular çıxış edirlər. Azərbaycanda gənc futbolçularla iş baxımından xeyli inkişaf var. Beynəlxalq səviyyədə Azərbaycan futbolu əcnəbi mütəxəssislərlə işləməlidir. Avropa standartlarına çatmaq ehtimalı varmı? “Qarabağ”ın inkişafına baxsaq, çoxsaylı sponsorlar cəlb olunsa, bu, Azərbaycan çempionatına müsbət təsir edər. Ümumilikdə isə Azərbaycan futbolda son 10-15 ildə ciddi inkişaf yolu keçib. Təəssüf ki, çox az oyun izlədiyim üçün bu barədə təfərrüatı ilə danışa bilmərəm. Bu barədə yalnız Azərbaycandan olan köhnə tanışlarımla müzakirələrdən bilirəm. Hesab edirəm ki, Azərbaycan çempionatı keyfiyyət baxımından yaxşılaşıb və ilbəil bu daha da artır.

– Vaxtilə Berti Foqtsla birlikdə Azərbaycan millisində çalışmısınız. Bu gün futbolumuzda kimlərlə əlaqəniz var?

– Düzdür, Berti Foqtsla birlikdə çalışmışam. Amma millidən ayrıldıqdan sonra o qədər də sıx əlaqəmiz olmayıb. Mən U-21 və əsas millidə çalışmışam. U-21-dən oyunçuların əsas komandaya çağırılması Foqtsla mənim dövrümdə başladı. Biz çoxlu istedadlı futbolçuların üzə çıxmasına səbəb olduq. Buna ən gözəl nümunə Maksim Medvedevdir. O hər oyun öz üzərində çalışdı və yolunu tapa bildi. Mən Berti Foqtsla millidə çalışanda belə sıx əlaqə qurmurduq. Əsas işim gənc oyunçulara fokuslanmaq, onların yetişməsində öz dəstəyimi göstərmək idi.

– Berti Foqts millimizdə çalışarkən “Azərbaycan güləş və şahmat ölkəsidir” demişdi. Həmyerlinizin bu fikri ilə razısınız?

– Mən onun fikirləri ilə qətiyyən razılaşmıram. Hesab edirəm ki, Azərbaycanda futbol həmişə insanlar üçün çox maraqlı olub. Futbol vicdanla çalışmaq, gənclərlə sistemli iş qurmaq deməkdir. Təkcə əsas komandalarda deyil, xüsusən aşağı yaş qruplarından ibarət kollektivlərdə daha peşəkar olmaq lazımdır. Belə olan halda futbol Azərbaycanda bir nömrəli idman növü olacaq. Düşünürəm ki, futbolu ən çox sadə insanlar sevirlər.

– AFFA prezidenti Rövnəq Abdullayev seçkidə namizəd olmayacağını açıqlayıb. Siz bu posta kimi layiq görürsünüz?

– Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Rövnəq Abdullayev barədə müsbət fikirdəyəm. Onunla işləmək, həqiqətən, xoş idi. Uzun müddət birlikdə çalışmaq imkanı qazandığımıza görə Rövnəq Abdullayevə minnətdaram.