Müharibənin ilk günlərindən Rusiya ordusu Xarkov şəhərinə daxil olmağa cəhd etmişdi. Rusiyanın hərbi texnikası şəhərin Şevçenko prospekti istiqamətində irəliləsə də, Ukrayna ordusunun ciddi müqaviməti ilə üzləşdi. İlk döyüş şəhərdəki 134 saylı orta məktəbin yaxınlığında baş verib. Məktəb də daxil olmaqla ətrafdakı binalara ciddi ziyan dəyib.
Şəhərin meri İqor Terexov DEFAKTO.az-ın Xarkova ezam olunmuş xüsusi müxbirinə müsahibəsində bildirib ki, Ukraynanın heç bir şəhəri Xarkov qədər dağıntılara məruz qalmayıb.
“Bizdə şəhərin kritik infrastrukturu dəhşətli şəkildə məhv edildi. Mən istilik təchizatını, su təchizatını, elektrik enerjisini, nəqliyyat strukturunu, mənzil fondunu nəzərdə tuturam. Bu gün Xarkov şəhərinin 150 min sakininin başının üstündə dam örtüyü yoxdur, çünki onların evləri, bütün yaşayış massivləri dağıdılıb. Xarkov şəhərinin 9 rayonu arasında biri də yoxdur ki, orada heç bir partlayış, dağıntı olmasın. Təxmini hesablamalara görə, Xarkova dəyən ziyanın miqdarı 10 milyard ABŞ dollarıdır. Bu, şəhəri yenidən qurmaq üçün bizə lazım olan vəsaitdir. Bu, böyük vəsaitdir, həqiqətən də dünyanın heç bir şəhərində belə imkanlar yoxdur. Ona görə də bu gün bizim maliyyə dəstəyinə, beynəlxalq tərəfdaşlarımızın, maliyyə institutlarının və özəl investorların köməyinə ehtiyacımız var. Bu, bizim üçün çox vacibdir”, – deyə mer əlavə edib.
İ.Terexov Azərbaycan dövlətinin xarkovlulara göstərdiyi dəstəyə görə təşəkkürünü də bildirib.
“Azərbaycan diasporu ilə dostluq əlaqələri qurmuşuq. Azərbaycanın Ukraynadakı səfiri Xarkovda olub, onunla danışıqlar apardıq, fəxri konsul ilə sıx əməkdaşlığımız var. Biz onların dəstəyini müharibənin ilk dəqiqələrindən hiss edirik və bir neçə dəfə telefon danışığım olub. Bu, bizim üçün çox vacibdir, humanitar yardımdır. Şəhərimizin bərpası ilə bağlı azərbaycanlı sahibkarlarla onlayn görüşüm oldu. Bu, təxminən bir il əvvəl idi. İnanıram ki, azərbaycanlı sahibkarların imkanı olacaq və biz Azərbaycandan olan investorların Xarkova gəlməsi və bizimlə birlikdə Xarkovu bərpa etməsi üçün hər cür şərait yaradacağıq. Biz müəyyən üstünlüklər veririk ki, Azərbaycan biznesi bizə gəlsin və özünü bizimlə evdəki kimi hiss etsin”, – deyə İ.Terexov vurğulayıb.