“Formula-1” testlərinin ikinci günündə Karlos Sayns lider oldu – YENİLƏNİB + FOTO | DEFAKTO.AZ “Formula-1” testlərinin ikinci günündə Karlos Sayns lider oldu – YENİLƏNİB + FOTO – DEFAKTO.AZ

“Formula-1” testlərinin ikinci günündə Karlos Sayns lider oldu – YENİLƏNİB + FOTO

19


Bəhreyndə “Formula-1”in mövsümöncəsi testlərinin ikinci günü başa çatıb. 

Ən yaxşı nəticəni “Ferrari” pilotu Karlos Sayns göstərib. İspaniyalı sürücü bu gün nahardan sonra komanda yoldaşı Şarl Lekleri əvəz edib və 84 dövrə vurub. Sayns ən sürətli dövrəsini 1 dəqiqə 29,921 saniyəyə qət edib.

“Red Bull” komandasının üzvü Serxio Peres protokolun ikinci pilləsində qərarlaşıb. İlk üçlüyü isə “Mersedes”in pilotu Lyuis Hemilton tamamlayıb.

Qeyd edək ki, Sayns ən yaxşı nəticəsini daha yumşaq C4 təkərləri ilə göstərib. Daniel Rikkardo və Loqan Sarcent də eyni təkərlərdən istifadə ediblər. Qalan pilotlar isə ən yaxşı nəticələrini daha sərt C3 təkərləri ilə göstəriblər.

Sabah Bəhreyn testləri Bakı vaxtı ilə saat 11:00-da başlayacaq və axşam saat 20:00-da başa çatacaq. Bundan sonra komandalar gələn həftə mövsümün ilk Qran-prisində bir araya gələcəklər.

Bəhreyndə “Formula 1”in mövsümöncəsi sınaqları. İkinci gün. Axşam sessiyası:

15:00

Bəhreyn Beynəlxalq Avtodromunda dünən başlayan “Formula-1”in mövsümöncəsi testlərin ikinci günü davam edir. Amma testlərin səhər sessiyası “Ferrari”nin moneqask sürücüsü Şarl Leklerin drenaj kanalının qapağını sındırması üzündən yarımçıq dayandırılıb.

Qeyd edək ki, “Mersedes” komandasının sürücüsü Lyuis Hemilton daha əvvəl eyni yerdə qapağın üzərindən keçib və onu yerindən çıxarıb. Daha sonra isə Lekler qapağı tam sındırıb. Hadisə yerinə gələn trekin əməkdaşları qapağın bərpasının uzun müddət tələb etdiyini bildiriblər. Ona görə də nahar fasiləsi bir saat əvvələ çəkilib, nahardan sonra isə komandalar trasda beş saat işləyəcəklər.

Səhər sessiyasının protokollarına isə elə Lekler başçılıq edib. Moneqask sürücü fasiləyə qədər 36 dövrə vura bilib və ən yaxşı dövrəsini 1 dəqiqə 31,750 saniyəyə başa vurub.

“Maklaren” komandasının avstraliyalı sürücüsü Oskar Piastri sessiyanı ikinci yerdə tamamlayıb. İlk üçlüyü isə “Uilyams” komandasından Loqan Sarcent tamamlayıb. 

Nahardan sonra yeddi komandada sürücü dəyişikliyi gözlənilir, yalnız “Red Bull”, “Mersedes” və “Uilyams” səhər işlədiyi sürücülərlə testlərə davam edəcəklər.

Bəhreyndə “Formula-1”in mövsümöncəsi testləri. Səhər sessiyası:

1. Şarl Lekler (“Ferrari”) – 1:31,750 (36 dövrə)

2. Oskar Piastri (“Maklaren”) – 1:32,328 (35)

3. Loqan Sarcent (“Uilyams”) – 1:32,578 (30)

4. Serxio Peres (“Red Bull”) – 1:32,879 (20)

5. Fernando Alonso (“Aston Martin”) –  1:33,053 (31)

6. Lyuis Hemilton (“Mersedes”) – 1:33,225 (39)

7. Quanyu Çjou (“Steyk”) – 1:33,715 (38)

8. Pyer Qasli (“Alpin”) – 1:33,804 (33)

9. Niko Hülkenberq (“Haas”) – 1:37,509 (31)

10. Yuki Tsunoda (“Visa RB”) – 1:38,074 (40)