Son vaxtlar cəmiyyətdə depressiya, psixi problemlər səbəbindən törədilən cinayətlər müşahidə edilir. Bu və digər neqativ halların artması cəmiyyətdə narahatlıq doğuran məqamlardan biridir.
İnsanlar aqressiv xarakterli fərdləri psixi problem yaşayan şəxslərdən seçməkdə çətinlik çəkirlər. Daha doğrusu, heç kim öz doğmasının psixi problemləri ola biləcəyini özünə yaxın buraxmır və zamanında müalicə almasına köməklik göstərmir. Bu isə ağır faciələrə yol açır.
Dünya Səhiyyə Təşkilatının psixoloji sağlamlıqla bağlı müxtəlif dövrlərdə yayımladığı faktlar arasında maraqlı rəqəmlər diqqət çəkir. Belə ki, həmin məlumatlara görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20%-i psixi pozuntular və ya problemlər yaşayır.
Ölkəmizə gəlincə, bu yaxınlarda bir ailənin beş üzvünün amansızlıqla qətlə yetirilməsi cəmiyyətdə çox ciddi izlər buraxıb. Hadisənin psixi durumu yerində olmayan oğul tərəfindən törədilməsi barədə məlumatlar isə durumu bir qədər də qəlizləşdirir. İnsanlar axşam saatlarında taksi sifariş etməyə qorxur, yaşadıqları binalara axşam saatlarında tək daxil olmağa ehtiyat edirlər.
Bununla necə mübarizə aparılmalıdır? Bir ailənin faciəsi bütün cəmiyyətin gündəlik həyatını alt-üst etməli idimi?
Oxu.Az mövzu ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanasının direktoru Orxan Cəfərovun fikirlərini öyrənib. Onunla müsahibəni təqdim edirik:
– Ölkədə psixi problemləri olan insanların zaman-zaman hansısa bədbəxt hadisələr, cinayətlər zamanı ortaya çıxmaları acınacaqlı haldır. Bununla düzgün mübarizə metodları varmı? Onların hansısa faciəyə səbəb olmasının qarşısını almaq üçün çıxış yolları yoxdurmu?
– Ölkədə psixi pozuntudan əziyyət çəkən şəxslərə psixiatriya yardımının göstərilməsi qaydaları Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanunu ilə tənzimlənir. Bu qanun ölkə ərazisində psixiatriya yardımı alan, habelə psixiatriya yardımı göstərən hüquqi və fiziki şəxslərə şamil olunur. Psixi pozuntudan əziyyət çəkən şəxslər yaşayış yeri üzrə psixonevroloji dispanserlər, poliklinikalarda psixiatriya kabinetləri, psixiatriya xəstəxanalarına müraciət edərək müayinə və müalicə olunurlar. Psixi pozuntusu olan şəxsdə ruhi pozuntuların olmasını ilk növbədə yaxın qohumları və valideynlər aşkar etdikdə ilkin səhiyyə sistemi və ya psixiatriya müəssisələrinə məhz həmin şəxslər müraciət etməlidirlər.
Psixi pozuntusu olan şəxsə ambulator psixiatriya yardımı tibbi göstərişlərdən asılı olaraq, məsləhət-müalicə yardımı və ya dispanser müşahidəsi şəklində göstərilir. Psixiatriya yardımı psixi pozuntusu olan şəxsə onun razılığı (xahişi) ilə, 16 yaşına çatmayan şəxsə isə onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə göstərilir.
– Son üç il ərzində ölkədə ən çox hansı psixi diaqnoz üstünlük təşkil edir?
– Qeyd etdiyiniz müddət ərzində ölkədə ən çox yayılan psixi pozuntular sırasında “anadangəlmə kəmağıllılıq” diaqnozu üstünlük təşkil edir.
– Psixi problemləri olduğu təsdiqlənən şəxslərdən neçəsi vəziyyətinə uyğun olaraq stasionar və ambulator müalicədə saxlanılır?
– Könüllü surətdə müraciət edən pasiyentlər psixi vəziyyətindən asılı olaraq həm stasionar, həm də ambulator qaydada müalicə ala bilərlər. Məcburi stasionar və ambulator xidmət yalnız məhkəmə qərarı ilə həyata keçirilir.
– Nə qədər insanın ailə üzvü məsuliyyəti öz üzərinə götürməklə iltizam yazaraq psixi problemli yaxınını xəstəxanadan götürmək üçün müraciət edir? Bu halların neçəsi təmin edilir və hansı şərtlərlə?
– Könüllü müalicəyə qəbul edilən şəxslər “Psixiatriya yardımı haqqında” Qanuna görə, özünün və ya yaxınlarının ərizəsi əsasında evə yazılırlar.
– Ümumiyyətlə, psixi pozuntular nədən yaranır?
– Psixi pozuntuların yaranmasında bir çox səbəblər – irsi, psixoloji travmalar, nevroloji və digər xəstəliklərdən əmələ gələn psixi pozuntular, baş beyin travmaları və digər faktorlar rol oynayır.
– Bir sıra elm adamları düşünürlər ki, dünyada hər bir ölkənin əhalisinin bir faizi şizofrendir. Təhlükəli məqam isə şizofreniyanı təsdiqləyəcək, onu kəskinləşdirəcək hadisələr baş verənədək insanların özlərini normal hiss etmələridir. Buna münasibət bildirməyinizi rica edirəm.
– Şizofreniyadan əziyyət çəkən pasiyentlərin psixi vəziyyətinin kəskinləşməsinə səbəb dərmanların müntəzəm qəbul edilməməsi, yanaşı zərərli vərdişlərin olması (narkotik və alkoqol), eyni zamanda, münbit ictimai mühitin olmamasıdır.
– Cəmiyyətə çağırış etmiş olsaydınız, hansı tövsiyələri verərdiniz?
– Şəxslərdə kiçik bir psixi pozuntu hiss etdikdə dərhal mütəxəssisə, həkim-psixiatra müraciət etmək lazımdır. Pasiyentlərin şikayətlərinə, narahatlıqlarına biganə qalmaq lazım deyil, zamanında aparılan müalicə böyük bir faciənin qarşısını ala bilər.
Könül Cəfərli