İtaliya portalı Azərbaycanın enerji və iqlim siyasətindən yazıb – FOTO | DEFAKTO.AZ İtaliya portalı Azərbaycanın enerji və iqlim siyasətindən yazıb – FOTO – DEFAKTO.AZ

İtaliya portalı Azərbaycanın enerji və iqlim siyasətindən yazıb – FOTO

14


İtaliyanın “Opinio Juris” portalında Azərbaycanın yaşıl enerji və ekoloji transformasiya siyasətindən bəhs edən məqalə dərc olunub.

DEFAKTO.az xəbər verir ki, məqalədə Azərbaycan, Avropa İttifaqı və ABŞ-ın iqlim və enerji siyasətlərinin müqayisəli təhlili aparılıb. İqlim dəyişikliyi, bərpaolunan enerji mənbələri üzrə texnologiyaların tətbiqi, təmiz enerji infrastrukturunun gücləndirilməsi, enerji keçidi, təhlükəsizliyi və davamlılıq strategiyaları təhlil olunub.

Vurğulanır ki, enerji mənbələrinin şaxələndirilməsi və karbon emissiyalarının mərhələli şəkildə azaldılması istiqamətində atılan addımlar fonunda Azərbaycan Avropa üçün xüsusilə maraqlı görünür. Belə ki, 2016-cı ildə “Paris İqlim Sazişi”nə qoşulan Azərbaycan 2030-cu ilədək istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəfləyir. Azərbaycan 2030-cu ilə kimi təmiz ətraf mühitə və davamlı enerji artımına malik ölkə olmağı qarşıya məqsəd qoyub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, habelə Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. 2027-ci ilədək 1870 meqavat həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpaolunan enerjinin payının elektrik enerjisinin qoyuluş gücündə 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağı gözlənilir. Azərbaycan 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub.

Bildirilir ki, Bakı ilin sonunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi edəcək. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Belə ki, bir çox ölkə tərəfindən Azərbaycan qlobal istiləşmə ilə mübarizədə etibarlı enerji tərəfdaşı və beynəlxalq birliyin məsul üzvü kimi tanınır.

Məqalədə Avropa İttifaqı ilə Azərbaycanın enerji səmərəliliyi və bərpaolunan enerji mənbələri sahəsində gələcək tərəfdaşlığından, ölkəmizin Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsindən, bərpaolunan enerji sahəsində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığından bəhs olunur.