Prezident İlham Əliyevin sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.
2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb.
2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili alıb.
Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tütor vəzifəsində başlayıb. 2014-cü ildən Naxçıvan Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.
O, 2018-ci ildə Rumıniyanın Piteşti Universitetində “Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri”, “Azərbaycan və dünya təcrübəsi fərqləri” mövzularında mühazirə oxuyub.
N.Cahidzadə bir neçə fənn proqramı və məqalələrin müəllifidir.
O, bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.