Kubra Məhərrəmova yazır…
Kimə nə deyirsən, qayıdır ki, telefon çıxaranın evi yıxılsın. Vallah bu smartfonları, yüksəksürətli interneti üzünə bir kitabı belə oxuya bilməyənlərin bir-birinə “şir” atması üçün icad etmədilər. Onların məqsədi qat-qat yüksək və ali idi. Hətta elm, texnologiya bir az da inkişaf etdi, artıq süni intellekt əsrindəyik. Sadəcə bütün bunların mahiyyətini dərk etməyənlər, bütün bu inkişafdan düzgün yararlana bilməyənlər sürətlə uçuruma doğru yuvarlanırlar.
Xülasə, bizdə dəbdir axı öz gözündə tiri görməyənlərin başqasının gözündə tük axtarmağı… Hər dəfə gündəmi silkələyən bir hadisə baş verən kimi millət başlayır müəllimi, telefonu, interneti, məktəbi təhqir etməyə. Bir dəfə demir ki, “bəlkə elə birinci özümdən başlayım?”
Bir neçə gündür Dilarənin azyaşlı qızın başına yumurta vurması, saçını kəsməsi, alnına təhqiredici söz yazması, işə polisin qarışması, məktəb direktorunun məsələyə “zarafat” kimi yanaşması ölkə gündəmini yerindən oynadıb. Hətta mediaya məlumat da sızdı ki, guya (bu bir iddiadır) məsələdən daha əvvəl xəbər tutan polis bu videonun ictimailəşməməsi üçün Dilarənin valideynlərindən söz alıb. Amma Dilarə götürüb videonu paylaşıb. Hələ dünən də deyib ki, polis nə edir etsin, vecimə də deyil, günahkar deyiləm, bir sözlə əcəb eləmişəm.
Hər kəs yenə təhqir etdi, qınadı amma heç kim günahı özündə, ətrafında axtarmadı.
Bir haşiyə çıxıb qeyd etmək yerinə düşər. O günü evə gedirdim, parkın içindən keçəndə gördüm ki, bir ana körpə uşağını parkda gəzdirir. Uşağın da əlində telefon, videoya baxır. Necədir?
Təxminən iki yaş civarında olan uşağın əlində niyə telefon olmalıdır? Uşaq havaya, küçəyə çıxarılır ki, ətraf mühitlə tanış olsun. İt-pişik, quş-qarğa görsün. Bir ağaca, ota, səmaya baxsın. Amma uşaq evdə olduğu kimi küçədə də, parkda da telefonun ekranına baxır. Demək ki, özümüz zombi yetişdirməklə məşğuluq.
Uşağa yemək yedizdirə bilmirik, qabağına qoyuruq telefonu ki, başı qatışsın, yemək yesin, uşaq ağlayır, sakitləşdirə bilmirik, əlinə telefonu veririk ki, sussun. Uşaqla oynamağa, əylənməyə, danışmağa halımız olmur, əlinə telefon veririk ki, başı qatışsın…
Telefon olur uşaq üçün ana-ata, nənə-baba, dost, həmsöhbət, oyuncaq, əyləncə. Bir gün də telefon uşaq üçün olur TANRI!
Tapındığı, inandığı TANRI!
Tanrısına tapınan uşaq üçün sonra nə ana-ata, nə müəllim, nə dost-tanış, nə də mənəvi, müqəddəs dəyərlər maraqlı olur. Əşi, anadır da ya seriala baxır, ya da “TikTok”a. Çünki ana bu yaşa qədər uşağına bir ağıllı söhbət edibmi? Bir kitabın, filmin, nə bilim hansısa hadisənin müzakirə edibmi? Yaxud da ata, ailənin başqa bir üzvləri…
Uşağa kiçik yaşlarından verdiyimiz telefonlar artıq onlar yeniyetmə çağına çatanda onlar üçün bir dərdlərdən, problemlərdən qaçmaq üçün, virtual dünya yaratmaq üçün bir vasitəyə, sığınacağa çevrilir. Artıq o telefon onu bir evdə yaşadığı ailəsindən daha yaxşı anlayır, başa düşür, onu tək qoymur.
Əzizlərim, bu bir fəlsəfə deyil, bu həqiqətdir, ən acı həqiqət.
İndi telefonu, onu çıxaranı söymək lazım deyil. Özünüz yaxşı bilirsiniz kimi söymək lazımdır…