TARİXƏ ZƏFƏR YAZAN AZƏRBAYCAN ORDUSU | DEFAKTO.AZ TARİXƏ ZƏFƏR YAZAN AZƏRBAYCAN ORDUSU – DEFAKTO.AZ

TARİXƏ ZƏFƏR YAZAN AZƏRBAYCAN ORDUSU

49

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirildi, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdı. Müdrik rəhbər Heydər Əliyev ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi. Aparılan uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biri oldu. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrildi. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. 2016-cı il Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun qürur mənbəyinə çevrildi. Məhz həmin qələbə Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin döyüş əzmini və ruh yüksəkliyini bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan əsgəri Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək əzmində və gücündə olduğunu göstərdi. Aprel qələbəsində Azərbaycan Ordusunun uğurlu əməliyyatı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun hərbi qüdrətinin artırılmasına göstərdiyi yüksək diqqət və qayğı, Azərbaycan əsgərinin qəhrəmanlığı, həyata keçirilən islahatlar nəticəsində mümkün oldu.

   Bu il 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü fərqli ovqatda - qalib ölkənin qalib vətəndaşları olaraq qeyd edirik. Sentyabrın 27-dən başlanan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri hansı gücə qadir olduğunu göstərdi. Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır. Azərbaycan öz tarixi, əzəli-əbədi torpaqlarında bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan əraziləri uğrunda mübarizə apardı. Azərbaycan Ordusunun öz torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatlar, dövlətimizin başçısının da vurğuladığı kimi, məhz sülhə məcburetmə əməliyyatı adlandırıldı.

44 günlük Vətən müharibəsindəki parlaq Qələbə şanlı ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı. Azərbaycan yaratdı bu reallığı. 27 ildir icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib ordu kimi adını həkk etdirdi.
Eyvaz Məmmədov, ADPU Cəlilabad filialının direktor müavini




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir