YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYAN AZƏRBAYCAN-TÜRKİYƏ MÜTTƏFİQLİYİ | DEFAKTO.AZ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYAN AZƏRBAYCAN-TÜRKİYƏ MÜTTƏFİQLİYİ – DEFAKTO.AZ

YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYAN AZƏRBAYCAN-TÜRKİYƏ MÜTTƏFİQLİYİ

13

İyunun 16-da Türkiyə Prezidenti Milli Məclisdəki tarixi çıxışı ilə bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Prezident Ərdoğan parlamentdə bir çox mühüm məsələyə toxundu və birmənalı şəkildə dünyaya çatdırdı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Türkiyə Prezidenti Ərdoğanın Azərbaycan parlamentində hər kəsin ürəyindən xəbər verən məzmunlu çıxışını Şuşa Bəyannaməsinin təqdimatı kimi də qiymətləndirmək olar. Çünki Ərdoğanın çıxışının əsas hissəsi məhz həmin Bəyannamədə əksini tapan məqamlarla bağlıydı. Türkiyə Prezidenti Azərbaycan parlamenti qarşısında çıxış etsə də, onun çıxışında bu auditoriyadan daha çox region dövlətlərinə, xalqlarına və bütün dünyaya çağırış vardı. Bu, həm də yalnız Türkiyənin deyil, regionda güc mərkəzi formalaşdırmağı bacarmış iki qardaş dövlətin çağırışı idi. Bu, ilk növbədə, sülh və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq çağırışı idi ki, onun da əhatə etdiyi niyyətin reallaşdırılmasına bizim güc potensialımız yetir. Əgər bu çağırış adekvat qiymətləndirilsə, Ermənistan da daxil olmaqla, regionda hər kəs, regiondan kənarda da bir çoxları əməkdaşlıqdan fayda götürəcək. Ermənilər də, havadarlıq adı altında onlardan geosiyasi niyyətləri üçün faydalananlar da bu çıxışdan düzgün nəticə çıxarmalıdırlar.
Tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamənin müstəsna siyasi və tarixi əhəmiyyəti var. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa Bəyannaməsi ilə bu dəfə Qarabağın təhlükəsizliyinin qarantı oldu. Belə demək mümkünsə, bir növ bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi. Bu müttəfiqlik əlbəttə ki, həm də qardaş ölkə ilə münasibətlərin daha da yaxınlaşması baxımından xüsusilə önəmlidir. Tarixi bağlara toxunan cənab Ərdoğan bir sıra çətin dönəmlərdə, dar günlərdə iki qardaş xalqın nümayəndələrinin çiyin-çiyinə mübarizə apardığını, bir-birini dəstəklədiyini, şəhadətə yürüyərək qələbə çaldığını qeyd etdi və vurğuladı ki, Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.
Şuşa Bəyannaməsində bir müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.
Türkiyə Prezidenti dünya birliyinə, xüsusən də Azərbaycana qarşı hər zaman ikili standartlarla çıxış edən siyasətçiləri bu torpaqlarda işğalçının törətdiyi dağıntıları, vandallığı görməyə dəvət etdi. Bəyan etdi ki, gələrkən işğalçı, gedərkən tar-mar edici olanların davranışı Qarabağın kimin vətəni olduğunu aydın göstərir. Azərbaycanın işğal altına düşmüş 7 rayonunda törədilmiş vəhşilikləri, dağıntıları vandalizm adlandıran Türkiyə Prezidenti mədəniyyətlə vandallıq arasındakı fərqi görmək üçün bu ərazilərə, Qarabağda iki dövr arasındakı fərqə baxmağın yetərli olduğunu vurğuladı. Türkiyə Prezidenti işğaldan azad olunmuş ərazilərin bərpasında da ölkəsinin Azərbaycanın yanında olmağa davam edəcəyini söylədi.
Cənab Rəcəb Tayyib Ərdoğan onu da deyib ki, “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir”. Hesab edirəm ki, Türkiyə Prezidentinin bu fikirləri əslində, iki qardaş ölkənin münasibətlərinin hazırkı yüksək səviyyəsinin təntənəsinin ifadəsidir. Beləliklə, bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Yəni Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə öz təhlükəsizlikləri baxımından zəruri hesab edərək qərarlaşdırırlar. Və bu, hər bir sülhsevər vətəndaşımızın ürəyindən xəbər verir.
Ələsgər Mirzəzadə, Uzuntəpə kənd sakini, doktorant




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir