TÜRKİYƏ VƏ AZƏRBAYCAN QARDAŞLIĞI DÜNYANI HEYRƏTƏ GƏTİRİR | DEFAKTO.AZ TÜRKİYƏ VƏ AZƏRBAYCAN QARDAŞLIĞI DÜNYANI HEYRƏTƏ GƏTİRİR – DEFAKTO.AZ

TÜRKİYƏ VƏ AZƏRBAYCAN QARDAŞLIĞI DÜNYANI HEYRƏTƏ GƏTİRİR

13

Məlum olduğu kimi, ölkəmizə səfəri çərçivəsində 2021-ci il iyun ayının 16-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan Parlamentində çox geniş və mənalı çıxışı olub. Bu çıxışda Türkiyə ilə Azərbaycanın münasibətlərinə toxunulub və qeyd edilib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Vurğulanıb ki, ötən əsrin əvvələrində Azərbaycana yardıma gəlmiş türk ordusunun və türk sərkərdələrinin rəşadəti hər bir azərbaycanlının qəlbində daima yaşayacaq. Ermənilərin Zəngəzurda, Qarabağda, Naxçıvanda, Qubada, Bakıda və Göyçayda törətdikləri vəhşiliklərin, qətliamın qarşısını şanlı türk ordusu alıb və Bakını düşmən işğalından azad edib. Eyni zamanda, Qarabağ savaşında Türkiyə başdan sonadək hər zaman bizim yanımızda olub.

   Qars Müqaviləsindən 100 il sonra Şuşa Bəyannaməsinin imzalanması bir daha subut etdi ki, Türkiyə və Azərbaycan hər zaman qardaşlıq əlini bir-birinə uzadacaqdır. Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə səsləndirdiyi: “Bu zəfərdən kimsə rahatsız olmasın. Bu zülmün deyil, ədalətin zəfəridir”, kimi fikirlər bölgədə sabitliyi əmin-amanlığı düşünən hər bir kəs üçün çox önəmli mesajdır.

   Dünya sivilizasiyasının yarandığı gündən etibarən bütün ictimai-siyasi formasiyalarda müttəfiqlik münasibətlərinə malik dövlətlərarası təcrübəyə çox rast gəlinib. Qədim Yunan şəhər-dövlətlərindən tutmuş müasir dövrümüzə qədər eyni mövqedə və eyni ittifaqda olan çoxsaylı dövlətlər mövcud olub. İstər Qədim Şərq, istərsə də müasir inkişaf etmiş Qərbin tarixində dövlətlərin birgə fəaliyyətinin mahiyyətində diplomatiya, iqtisadi və siyasi maraqlar dururdu.

   Bəşəriyyət yarandığı gündən bu günə kimi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nümunəsinə rast gəlmək mümkün olmayıb. Çünki bizim dostluğumuzun mayasında “Bir ananın iki oğlu” qayəsi dayanır. Bu iki dövlətin dini, dili, mədəniyyəti, adət-ənənəsi, dünyaya baxışı eynidir. Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir. Qədim türk eposu olan Kitabi-Dədə Qorqud dastanında deyildiyi kimi “zaman-zaman da qara donlu kafir düşmənin” qorxulu yuxusuna çevrilən bu qardaşlıq münasibətləri amansız qısqanclıqlarla qarşılanıb. Bizim bu qardaşlığımızı gözü götürməyən mənfur düşmənlər zaman-zaman bizi bir-birimizlə savaşdırmağa küskün salmağa çalışsalar da, buna nail ola bilməmişlər. Çünki bizim dostluğumuz heç bir marağa, mənafeyə söykənmir. Bizim qardaşlığımız milli maraqlar üzərində qurulub.

   Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 ilə yaxın işğal altında qalmış qədim Şuşa şəhərinə səfəri və orda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Şuşa Bəyannaməsini imzalanması dünyaya bir daha hayqırdı ki, iki qardaş dövlət hər zaman bir-birinin arxasındadır. Eyni zamanda bu regionda sülhün, təhlükəsizliyin və sabitlyi bərqərar olunmasına xidmət edir. Artıq Cənubi Qafqazda yeni geosiyasi güclər formalaşır. Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra bölgədəki mövqeyi xeyli güclənmiş, nüfuzu artıb. Eyni zamanda, Türkiyə daxil olmaqla, bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi çox böyük geostrateji əhəmiyyətə malikdir.

   Türkiyə Prezidentinin Azərbaycana son rəsmi səfəri və Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcıdır. Bəyannamə Türkiyə ilə Azərbaycanın gələcək çoxşaxəli əməkdaşlığının yol xəritəsidir. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi, hər iki ölkənin bir-birinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürməsi, digəri isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Həmçinin Şuşada Türkiyə Respublikasının baş konsulluğunun açılması da önəmli hadisə kimi tarixə düşdü.

    İmzalanmış Bəyannamə Azərbaycan-Türkiyə əməkdaşlığının bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir və bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığı əks etdirir. Bəyannamənin 15 İyun – Milli Qurtuluş Günündə məhz Şuşada imzalanması isə təsadüfi deyil. Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq. "Şuşa Bəyannaməsi iqtisadi müstəvidə perspektiv sahələrdə birgə əməkdaşlığın genişləndirilməsinə geniş imkanlar açır. dir. Sənəddə həmçinin qarşılıqlı investisiya mübadiləsinin inkişaf etdirilməsi istiqamətində müddəalar yer alır. Bu isə iki dövlət arasında ticarət dövriyyəsinin daha da artmasında mühüm rol oynayacaq. Və əlbəttə ki, Bəyannamədə əks olunan ən mühüm məqamlardan biri məhz Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Zəngəzur dəhlizi ümumən regionun inkişafında yeni səhifədir. Nəticə etibarı ilə, Şuşa Bəyannaməsi regionun gələcək inkişafının mühüm təməli kimi qiymətləndirilməlidir.

Rza Rzayev, Cəlilabad rayon sakini, tarixçi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir