DÜNYA İCTİMAİYYƏTİ HƏQİQƏTLƏRİ BİLMƏLİDİR | DEFAKTO.AZ DÜNYA İCTİMAİYYƏTİ HƏQİQƏTLƏRİ BİLMƏLİDİR – DEFAKTO.AZ

DÜNYA İCTİMAİYYƏTİ HƏQİQƏTLƏRİ BİLMƏLİDİR

120

Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentində çıxışı tarixi bir çıxış idi. Hər şeydən öncə bu, iki qardaş ölkənin münasibətlərinin bundan sonrakı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edirdi. İkincisi, xalqlarımızın keçmişindən, ortaq mədəniyyətindən, etnik-dini köklərindən gələn birlik və həmrəyliyinin bundan sonrakı münasibətlərimiz üçün də əsaslar yaratdığına söykənən bir çıxış dinlədik.
Qardaş ölkənin Prezidenti Azərbaycanın Dövlət Himninin müəllifi Əhməd Cavadın Osmanlı əsgərləri ilə bərabər Balkanlarda savaşdığını qeyd etdi, Çanaqqala savaşında Azərbaycandan gedən döyüşçülərin ortaq Vətən, ortaq dəyərlər, ortaq mədəniyyət üçün savaşaraq öz canlarını qurban verdiklərini söylədi. Həmçinin Nuru Paşanın Qafqaza gəlişi ilə Bakının işğaldan azad olunduğunu xatırlatdı. Bütün bunlar əslində, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsini, bugünkü keyfiyyətini təyin edən hadisələrdir. Bunların hamısı “Bir millət, iki dövlət” fəlsəfəsi kontekstində baş verən hadisələrdir. Amma cənab Ərdoğan bununla bərabər, mənəvi, ideoloji kontekstdə də münasibətlərimizə toxundu və qeyd etdi ki, Əhməd bəy Ağaoğlunun düşüncələri, fikirləri, Türk dünyasının gələcəyi ilə bağlı səsləndirdiyi ideoloji tezislər təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bu gün də aktualdır.Nuru Paşanın Qafqaza gəldiyi dövrdə ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetirmişdilər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliam yaşanmışdır. Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda yaşananlara, Xocalıda yaşananlara baxmalıdırlar.
Həqiqətləri bilmək istəyənlər işğaldan azad olunmuş ərazilərə gəlib erməni vəhşiliyinin acı nəticələrini öz gözləri ilə görməlidirlər. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb.ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi məhv ediblər. Füzuli şəhəri tamamilə dağıdılıb, onu da ermənilər dağıdıblar. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə.

    Doğrudan da işğaldan azad olunmuş ərazilər rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur. Azad edilmiş torpaqlarda olarkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Dağıntılar əsasən müharibədən sonrakı dövrdə, torpaqlarımız işğal altında olan zaman baş verib. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Müharibə dövründə - birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb.

   Deməli, Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkməyib. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan topraqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilıb, hətta qəbir daşlarını belə yerindən çıxarılıb.  

 Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanan siyasəti sayəsində Azərbaycanda bütün dini, tarixi, mədəniyyət abidələri bərpa olunur, mühafizə edilir və xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi kimi gələcək nəsillər üçün qorunub saxlanılır. Azərbaycan hər zaman dünyada tolerantlıq, əməkdaşlığın, mədəniyyətlər və sivilizasiyalara arası dialoqa xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Torpaqlarımızı işğaldan azad etməklə nəinki ərazi bütövlüyümüzü təmin etdik, həmçinin illərlə sahibsiz qalan, vandalizmə məruz qalan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış olduq. Ancaq buna baxmayaraq, İrəvanın vandalizm siyasətinin qurbanı olan tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan vandalizm aktının şahidi olduq. İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır. Biz birdəfəlik bilməliyik ki, tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir.

Xudayar Soltanlı, ADPU Cəlilabad filialının direktor




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir