İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN BƏRPASINA TÜRKİYƏ DƏ ÖZ TÖHFƏSİNİ VERƏCƏK | DEFAKTO.AZ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN BƏRPASINA TÜRKİYƏ DƏ ÖZ TÖHFƏSİNİ VERƏCƏK – DEFAKTO.AZ

İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN BƏRPASINA TÜRKİYƏ DƏ ÖZ TÖHFƏSİNİ VERƏCƏK

11

Heç kəs üçün sirr deyil ki, Türkiyə Azərbaycanın mühüm iqtisadi və siyasi tərəfdaşıdır. Türkiyə və Azərbaycan xalqları ortaq tarixi köklərə və mədəni dəyərlərə malikdir. Ona görə də, bu iki ölkə arasında çoxdan qüvvədə olan dostluq və strateji tərəfdaşlıq haqqında Müqaviləni nəzərə almaqla, Şuşa Bəyannaməsinin imzalanması tamamilə qanunauyğundur. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyənin həm hərbi-texniki, həm də siyasi dəstəyi olduqca qiymətlidir. Hazırda Türkiyə bu regionda sülhün qarantlarından biridir. Türkiyə hərbçiləri Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət mərkəzinin fəaliyyətində iştirak edirlər.
Milli Məclis deputatlarının qarşısında çıxışında cənab Ərdoğan erməni vandallığına da toxunmuşdur. Bildirib ki, “mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, inşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik”. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və Cıdır düzündə keçirilən Xarıbülbül musiqi festivalı bu baxımdan dünyaya verilən açıq bir mesajdır. Vaqif poeziya festivalına hazırlığın davam etməsindən məmnunluğunu bildirən Türkiyə Prezidenti qeyd edib ki: “Bu il Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq. Türk dünyasının hər tərəfindən gələcək mədəniyyət və incəsənət əhlinin bu gözəl şəhərdə görüşməsi Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaqdır”.
İşğaldan azad olunmuş ərazilərdə yeni yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurularaq istifadəyə verilir. Türkiyə dövləti də bu işlərdə fəal iştirak edəcək, bölgədə məktəb, xəstəxana və digər sosial obyektlər inşa edəcəkdir. Cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı daha qətiyyətlə səsləndirdiyi fikirlər deməyə əsas verir ki, həqiqətən Türkiyə lideri Zəngəzur dəhlizinə bu bölgədə böyük bir əməkdaşlıq perspektivi açan layihə kimi baxır və bu layihənin gerçəkləşməsində sona qədər qətiyyətli olduğunu nümayiş etdirir. Qarabağın gələcək inkişafı Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxış əldə edəcək və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər.
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə irəli sürdükləri təklifi səsləndirdi. Cənab Ərdoğan Zəngəzur dəhlizinə təkcə Türk dünyansının bütövləşmə layihəsi kimi deyil, eyni zamanda Zəngəzur dəhlizinə bölgədə sülhün, barışın daha möhkəm şəkildə mövcud olmasına təminat kimi baxır. Yəni altı ölkə – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan bir araya gələrək bir platforma formalaşdırsın. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir.
Türkiyə prezidenti Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu çıxışda bütün istiqamətlər üzrə verilən mesajlar Türkiyənin, həmçinin Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvi şəkildə səsləşir. Buna görə, cənab Ərdoğanın mesajlarını bölgədə sülhün və təhlükəsizliyin daha təminatlı və davamlı olmasına yönəlmiş Türkiyənin yeni geosiyasi kursunun əsas konturları kimi şərh etmək lazımdır.
Adıgözəl Nuriyev, Ləkin kənd sakini, tarix müəllimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir