Türkiyə dediklə azərbaycanlıların ağlına ilk olaraq nə gəlir? – SORĞU + FOTO | DEFAKTO.AZ Türkiyə dediklə azərbaycanlıların ağlına ilk olaraq nə gəlir? – SORĞU + FOTO – DEFAKTO.AZ

Türkiyə dediklə azərbaycanlıların ağlına ilk olaraq nə gəlir? – SORĞU + FOTO

9


“Areda Survey” araşdırma şirkəti Türkiyə və Azərbaycanda eyni vaxtda apardığı araşdırmada iki ölkə arasındakı əlaqələri araşdırıb. Tədqiqat iki ölkədən olan 2200 nəfəri əhatə edib.

Araşdırma çərçivəsində azərbaycanlılara “Türkiyə dedikdə ağlınıza gələn ilk üç şey nədir?” sualı verilib. Alınan cavablar arasında 55,1 faizlə “qardaşlıq və dostluq” birinci yerdə olub. “İstanbul” 15,2 faizlə ikinci, “mahnılar” isə 8,7 faizlə üçüncü yeri tutub.

Türkiyə sakinlərinə ünvanlanan analoji suala respondentlərin 32,3 faizi ilk olaraq “qardaşlıq və dostluq” cavabını verib. İkinci yerdə 18,6 faizlə “Azərbaycan ləhcəsi”, üçüncü yerdə isə 13,3 faizlə “mahnılar” qərarlaşıb.

Sorğuda iştirakçılardan ən məşhur Türkiyə və Azərbaycan yeməkləri də soruşulub.

Türkiyə yeməklərinin reytinqində azərbaycanlı iştirakçıların 26 faizi birinci yeri kababa verib. İkinci yeri 23,7 faizlə lahmacun tutub. Ən məşhur türk yeməkləri siyahısında üçüncü yerə 13,7 faizlə iskəndər çıxıb.

Azərbaycan yeməkləri siyahısında türk iştirakçılarının ilk seçimi 28,1 faizlə şah plov olub. İkinci yeri 14,1 faizlə dolma, üçüncü yeri isə 11,1 faizlə düşbərə tutub.

İştirakçılardan musiqi seçimləri də soruşulub. Türkiyəli iştirakçıların 63,5 faizi Azərbaycan musiqisini dinlədiyini bildirib. Azərbaycanlı iştirakçıların isə 85,5 faizinin Türkiyə musiqisini dinlədiyi məlum olub.

Araşdırmaya görə, azərbaycanlı iştirakçıların 54,3 faizi Türkiyədə universitetdə təhsil almaq istəyir. Türkiyəli iştirakçıların 51,5 faizi Azərbaycanda universitetdə təhsil almaq niyyətlərini açıqlayıblar.

Həmçinin, Azərbaycanda insanlardan Türkiyədə izlədikləri aktual kontent soruşulub və alınan cavablar arasında televiziya serialı/film seçimi 43,6 faizlə birinci olub.

Azərbaycanlı iştirakçılara “Türkiyədə hansı aktrisa ilə qəhvə içmək istərdiniz?” sualına cavab olaraq rəyi soruşulanların 15,1 faizi Hande Erçeli, 14 faizi isə Fahriye Evceni seçib. Üçüncü yerdə 12,9 faizlə Meryem Üzərli qərarlaşıb.

Azərbaycanlı iştirakçılar arasında kişi aktyorlar siyahısında 16,3 faizlə Çağatay Ulusoy birincidir. İkinci yeri 15,2 faizlə Kıvanç Tatlıtuğ və Kənan İmirzalıoğlu bölüşür.

“Türkiyədə hansı serialı izləyirsiniz?” sualına verilən cavablar arasında “Kurtlar Vadisi” 37,1 faizlə birinci yeri tutub. İkinci yerdə isə 13,7 faizlə “Muhteşem Yüz Yıl”, üçüncü isə 12,1 faizlə “Yaprak dökümü” olub.

Sorğuda “Türkiyədə hansı komandaya azarkeşlik edirsiniz?” sualını respondentlərin yüzdə 56 faizi “Qalatasaray”, 20 faizi isə “Fənərbağça” deyərək cavablandırıb. “Beşiktaş” 16 faizlə Azərbaycan xalqının üçüncü seçimi olub.

Mənbə: Haber Global