“O məmurların psixoloji problemləri var, xəstədirlər” – DEPUTAT | DEFAKTO.AZ “O məmurların psixoloji problemləri var, xəstədirlər” – DEPUTAT – DEFAKTO.AZ

“O məmurların psixoloji problemləri var, xəstədirlər” – DEPUTAT

86

Fəzail Ağamalı: “Görün, rüşvət nə qədər qanlarına işləyib ki, qorxu-hürkü bilmirlər”

Azərbaycanda son bir il ərzində onlarla dövlət məmuru korrupsiya əməllərində şübhəli bilinərək həbs olunub. Qolu qandallananlar əsasən yerli icra başçıları, icra məmurlarıdır, nazirliklərin vəzifəliləridir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı ilə saxlanılan icra başçılarının, məmurların həbs olunma görüntülərinə nəzər saldıqda görürük ki, korrupsiya əməllərini eyni mexanizmlə həyata keçirirlər.

Son səs-küylü həbs xəstəxana direktorlarının və Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla, müavini və İcra Hakimiyyətinin şöbə müdirinin həbsi oldu. Düzdür, onun həbs olunma görüntüsü yoxdur, amma rəsmi açıqlanan məlumatda törətdiyi əməllərlə bağlı şübhələr əvvəlki icra başçılarının əməlləri ilə eynilik təşkil edir – dövlətin malını talamaq.

Maraqlı sual isə budur: icra başçıları “gözü çıxan qardaşlarını” görmürlər? Bildiyi halda ki, bu cinayətlərə görə ağır cəza alacaq, niyə əməllərini təkrarlayırlar?

Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı burada psixoloji amilləri də istisna etmir:

Fəzail Ağamalı və Fərəc Quliyev yenidən deputat olmaq istəyirlər

– Mənə elə gəlir ki, buna sosioloqlar daha yaxşı qiymət verə bilərlər. Çünki burada sosial-psixoloji amillər görürəm. Çünki baş verən həbslərdən nəticə çıxarmırlar, qanunlara əməl etmirlər, ictimai qınaqdan çəkinmirlər. Bunlar həbsxanaya düşməkdən qorxmurlar ki, korrupsiya əməllərini davam etdirirlər? Görünür, qorxmurlar. Təsəvvür edin, bu adamların rüşvət nə qədər qanlarına işləyib ki, qorxu-hürkü bilmirlər. Psixoloji problem yaşayırlar, xəstədirlər. Belə xəstəliyi sağaltmanın bircə yolu qalır – ciddi cəza.

– Yəni ki, cəza tətbiqi davam edəcək. Növbəti həbslər gözləniləndir…

– Mən demirəm ki, sabah filankəs həbs olunacaq. Belə bir məlumata sahib deyiləm. Amma hər kəs bilir ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə Prezident seçildikdən sonra qəti fikrini bildirdi ki, korrupsiya və rüşvətxorluğa qarşı müharibə elan edib və bu müharibədən geri çəkilmək fikri yoxdur.  Hesab edirəm ki, hər bir məmur Prezidentin dediklərini şüar olaraq bir plakata yazıb, kabinetinin girişinə yapışdırmalıdır. Bəlkə unudurlar, yadlarından çıxır. O zaman bu plakat rüşvətxora cəzalanacağı xəbərdarlığını edəcək. Bilməlidirlər ki, dövlətə və xalqa vicdanla xidmət etmək lazımdır, başqa yol yoxdur. Vicdanla xidmət etməyənlər vəzifələrini itirəcəklər. Eyni zamanda, ciddi cəza alacaqlar. Çünki hakimiyyətin elan etdiyi islahatlar kursunda bu məsələ özünə xüsusi yer tutur. Sosial-iqtisadi islahatlar həm də o zaman effektiv olur ki, inkişafa mane olan amillər ortadan qaldırılır. Bu amillərin içərisində ən vacib məsələ korrupsiyadır, rüşvətxorluqdur. Bu baxımdan korrupsiyaya qarşı mübarizə sistemli və davamlı şəkildə davam edəcək. Buna heç kəsin şübhəsi olmasın.

– Belə fikirlər var ki, gənc kadrlar, yeni təyin olunanlar köhnə korrupsionerlərə baxırlar, bəzən onların çirkin əməllərindən örnək alırlar. Bu yanaşma ilə razısınızmı?

– Hər halda barəsində cinayət işi açılanlar içərisində bir neçə il əvvəl etimad göstərilib irəli çəkilən gənc məmurların adları çox da yer almır. Onlar haqqında bu və ya digər şəkildə istintaq addımları atılmır. İctimai rəydə, sosial şəbəkələrdə ayrı-ayrı gənc məmurlar haqqında da mənfi fikirlər ifadə edilir. Deyilənlərin nə dərəcədə həqiqət olub-olmadığını biz deyə bimərik. Çünki subyektiv məqamlar ola bilər. Məsələn, ola bilər ki, həmin gənc məmurun fəaliyyətinə maneə yaratmaq üçün bu cür fikirlər yayanlar var. Hər halda bu, araşdırma tələb edir. Şükürlər olsun, son vaxtlar yüksək vəzifəyə təyin olunan gənc kadrların qanunsuzluqları barədə cinayət işləri yoxdur. Bu, çox yaxşı haldır. Arzulayıram ki, onlar axıra kimi öz vəzifələrini vicdanla yerinə yetirsinlər. 

– Son üç ildə Azərbaycanın hökumət üzvləri demək olar ki, dəyişdi, əvəzləndi. Hələ də uzun illər vəzifədə olan məmurlar var. Onların da dəyişdirilməsi gözlənilirmi?

– Əlbəttə ki. Bu, təbii prosesdir. İslahatların digər elementləri kimi kadrların dəyişdirilməsi davam etdiriləcək. Xalqına, dövlətinə yüksək səviyyədə, şərəflə, ləyaqətlə xidmət edən məmurlar hörmətlə yola salınacaqlar. Əgər hansı məmur vəzifədə olarkən cinayət törədibsə, korrupsiya ilə məşğul olubsa, kimliyindən, göstərmiş olduğu xidmət ilinin çoxluğundan asılı olmayaraq, ciddi cəzalandırılacaq. Kadr dəyişikliyi islahatların tərkib hissəsi olaraq davam etdiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir