Amerikalılar erməniləri niyə məyus etdi? – TƏHLİL | DEFAKTO.AZ Amerikalılar erməniləri niyə məyus etdi? – TƏHLİL – DEFAKTO.AZ

Amerikalılar erməniləri niyə məyus etdi? – TƏHLİL

281

Bəli, dostlar, demək olar ki, ilk baxışda tamamilə inanılmaz bir hadisədir: belə məlum olur ki, ermənilər nəinki bizə qarşı növbəti 907-ci düzəliş qəbul etdirə bilmədilər, əksinə, amerikalı konqresmenlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam, birmənalı dəstək verdilər.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu il təkcə özünün pandemik problemlərilə yadımızda qalmadı, cari il həm də onunla yaddaşlara həkk olundu ki, bir sıra beynəlxalq aktorlar–dövlətlər və institutlar bizim ərazi bütövlüyümüzə dəstək ifadə edən qətnamələr qəbul etdilər və bu sənədlərdə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü müdafiə olunur. Məsələn, bu yaxınlarda Avropa İttifaqı (Aİ) belə bir qətnamə ilə çıxış etmişdi.

Vurğulayaq ki, Dağlıq Qarabağ probleminin otuz iki illik tarixində oxşar hadisələr elə də çox olmayıb. Yox, beynəlxalq təşkilatlar, dünyanın nüfuz sahibi olan dövlətləri Gürcüstanın, Moldovanın, son ilərdə isə Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə etdikləri bir halda Azərbaycanla bağlı axımlı, amorf ifadələrdən istifadə edir və uzağı, bizi dialoqu davam etdirməyə, Minsk prosesinin “prinsiplərinə və fəlsəfəsinə” əməl etməyə çağırırdılar.

Amma Azərbaycanın rəhbərləri və yaxud da diplomatları son illərdə, demək olar ki, bütün tərəfdaş ölkələrdən və təşkilatlardan Azərbaycanın suverenliyiinə və ərazi bütövlüyünə birmənalı dəstək tələb edir və əksər hallarda buna nail olular. Ayrı-ayrı dövlətlər bir yana, demək lazımdır ki, BMT, İƏT, Qoşulmama Hərəkatı və s. kimi çox böyük təşkilatlar artıq dəfələrlə oxşar bəyanatlarla çıxış ediblər.

Bilavasitə Minsk Qrupunun həmsədrlərinə gəldikdə, burada məsələ bir az qəlizdir. Bir neçə il bundan əvvəl, Azərbaycanın ərazi bütövülüyü haqda məsələ birbaşa BMT TŞ –da müzakirə olunarkən, həmsədr-turistlər yalnız bitərəf qalmış, nə Bakını, nə də İrəvanı müdafiə etməmişdilər.

Ola bilsin, bu cür “neytrallıq” hansısa mənada üç həmsədrin “prinsip”lərinə və yaxud da “məntiq”inə uyğun gəlir, çünki formal baxımdan onlar etiraz edə bilərlər ki, ağalar, axı Dağlıq Qarabağın statusu hələ müəyyən olunmayıb!

Amma məsələnin canı da məhz bundadır: görəsən, Minsk Qrupunun həmsədrləri Qarabağ konfliktini hansı bazis prinsiplərin əsasında həll etməyə və Dağlıq Qarabağın statusunu necə, nəyə istinadən müəyyən etməyə çalışırlar?

Xatırladaq ki, Azərbaycan BMT-yə üzv qəbul edilərkən heç bir qeyd – filan olmayıb: Azərbaycan Sovet Sosialist Respublikasının o dövrdəki sərhədləri yeni Azərbaycan dövlətinin də beynəlxalq sərhədləri kimi qəbul olunub! Sonra da bu məntiq tamam qüvvədə qalıb. Məlum olduğu kimi, BMT TŞ erməni təcavüzkarlığını pisləyən dörd qətnamə qəbul edib və həmin sənədlərdə işğal olunmuş ərazilər Azərbaycan əraziləri kimi qeyd edilib və ermənilərdən onları birmənalı şəkildə tərk etmək tələb olunub.

Buradan iki nəticə çıxarmaq olar. Birincisi, işğal olunmuş ərazilər Azərbaycan əraziləri kimi tanınır. İkincisi, onların qeyd-şərtsiz, heç bir şərt olmadan azad olması tələb edilir. Amma ən azı son iyirmi ildə nə baş verir? Həmsədrlər münaqişəni çözmək üçün yeni bazis prinsiplər axtarmaqla məşğuldurlar!

Dağlıq Qarabağı birmənalış şəkildə Azərbaycan ərazisi elan etmək və onun statusunu da bu müstəvidə axtarmaq, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini əsas kimi götürmək əvəzinə həmsədrlər oyuncaq DQR-nın statusunu müəyyən etmək üçün başqa “kriteriya”lar axtarırlar.

Məhz bunun nəticəsində konfliktin həllinin iki variantı meydana çıxıb: mərhələli və paket variantları! Məhz bunun nəticəsində on illərdir ki, biz siyasi və diplomatik dalana dirənmişik…

Bəli, eyni sözləri işğal olunmuş rayonlar haqqında da demək mümkündür. BMT qətnamələri onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. Amma reallıqda nə baş verir? Ermənilər deyir ki, işğal olunmuş bu rayonların azad olması onlar üçün təhlükəsizlik məsələsidir – guya ki, bu rayonlar Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün lazımdır onlara və elə bu səbəbdən də onların azad olmasını Dağlıq Qarabağın statusunun irəlicədən müəyyən edilməsilə şərtləndirirlər.

Beləliklə, danışıqlar prosesi neçə illərdir ki lap “şeytan çarxı”na çevrilib. Amma bir maraqlı detalı unutmaq olmaz: belə bir təəssürat yaranır ki, dünyanın böyük gücləri və beynəlxalq institutlar tədricən “yuxu”dan ayılırlar. Bu prosesdə aparıcı Qərb ölkələrinin özlərinin də təcrübəsi heç də az rol oynamır: axı orada da separatizmin ən müxtəlif modifikasiyalarına rast gəlmək mümkündür…

Aparıcı ölkələr və beynəlxalq təşkilatlar gözəl başa düşür ki, bu separatçı tendensiyalar arzuolunmaz və zəncirvari proseslərə apara bilər. Üstəlik, planetar və ya qlobal təfəkkür oxşar problemlərin fərqli həllini diqtə edir: zaman keçdikcə demokratiya dalğası bütün ölkələri bürüyəcək, insan azadlıqlarına və haqlarına hər yerdə əməl olunacaq, ölkələrin sərhədləri daha şəffaf olacaq, dörd fundamental azadlıq – işçi qüvvəsinin, kapitalın, xidmətin və məhsulların sərbəst yerdəyişməsi təmin olunacaq. Bax, onda bu gün mövcud olan etnik və dini münaqişələr olmayacaqdır. Böyük dövlətlər də bu və ya digər şəkildə separatizmə dəstək vermək siyasətini son verəcəklər, çünki belə deyim var: bumeranqların geri qayıtmaq adəti var…

Əlbəttə, bu sonuncular bir az perspektiv xarakterli məsələlərdir. Hələliksə əsas odur ki, Tovuz istiqamətində atəşkəs, demək olar, təmin olunub. Amma biz bu müstəvidə əsas məsələni həll etməmişik – oxşar insidentlər, Dağlıq Qarabağdan kənar hərbi toqquşmalar hər an təkrarlana bilər. Biz bunun qarşısnı ala biləcək addım ata bilməmişik. Elə bu səbəbdən də N.Paşinyan qudurub: indi də hansısa “şərt”lər irəli sürür və öz dılğır personasını “qalib ölkə”nin lideri kimi təqdim edir…

Amma bizə elə gəlir ki, vəziyyət getdikcə bizim xeyrimizə dəyişəcək, lap bir Türkiyə şərqisində deyilən kimi: biz də yıxıla-yıxıla, əlimizi-ayağımızı daşla-kəsəklə əzə-əzə ayağa durmağı, yeriməyi öyrənəcəyik!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir