“İşlərin gedişatı Prezident tərəfindən şəxsən nəzarətə götürülüb” | DEFAKTO.AZ “İşlərin gedişatı Prezident tərəfindən şəxsən nəzarətə götürülüb” – DEFAKTO.AZ

“İşlərin gedişatı Prezident tərəfindən şəxsən nəzarətə götürülüb”

797

Bu günlərdə mənfur düşmənimizin Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonuna və qərb bölgəsində olan Qazax və Ağstafa rayonlarına növbəti hücumu baş verdi. Yəni, Ermənistan dövləti Azərbaycanın bütün dünya dövlətləri tərəfindən tanınmış sərhədlərini pozmağa cəhd etdi. Təbii ki, silahlı qüvvələrimiz bunun qarşısını çox mərdliklə ala bildilər.

Bunu açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncamını şərh edərkən deyib.

O bildirib ki, işlərin gedişatı da Prezident tərəfindən şəxsən nəzarətə götürülüb:

“Ermənistan dövlətinin etmək istədiyi təxribat cəhdi baş tutmadı və onları öz yerinə oturtdular. Amma buna baxmayaraq Tovuz rayonunun xüsusilə də 6 kəndində ciddi dağıntılar baş verdi. Həm dövlət əmlakına, həm mülki vətəndaşların şəxsi əmlakına çox ciddi ziyan dəydi və burada 35-dən çox obyektə, həm şəxsi, həm də dövlət mülkiyyətində olan obyektlərə ciddi şəkildə zərər dəydi və belə məqamda bundan sonra Azərbaycan dövlətinin başçısı, cənab Prezident İlham Əliyev tərəfindən çox ciddi sərəncam imzalandı. Sərəncamda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə ciddi tapşırıqlar verdi. Dərhal işçi qrupu yaradıldı, işçi qrup döyüş bölgəsinə ezam olundu və orara çox böyük sürətlə dəyən zərər araşdırıldı və cənab Prezidentə məruzə olunub. Eyni zamanda, bildirim ki, işlərin gedişatı da Prezident tərəfindən şəxsən nəzarətə götürülüb və ora dəyən bütün ziyanı Azərbaycan dövləti üzərinə götürür. Dövlət dəyən ziyanı qarşılayacaqdır və həm dövlət, həm şəxsi mülkiyyətə dəyən ziyanlar ödəniləcəkdir, orada infrastruktur bərpa olunacaqdır”. 

Sədr müavini onu da qeyd edib ki, öz torpaqlarımızı düşmənlərimizdən azad edəcəyik və inşallah elə o bölgələrin də abadlaşdırılması, yenidən qurulması üçün cənab Prezidentin növbəti sərəncamlarının şahidi olacağıq:

“Analoji vəziyyəti biz 2016-cı ilin aprel hadisələrindən sonra da Tərtər, Ağdam, xüsusən də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşməndən azad olunmuş hissəsində də gördük və Cocuq Mərcanlı kəndi, demək olar ki, tam olaraq yenidən quruldu. Bu da onu göstərir ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır və nəzərə alsaq ki, indiki məqamda dünya COVİD-19 virusu ilə üz-üzə qaldığı bir məqamda və eyni zamanda da Azərbaycan dövləti də bütün dünya dövlətləri kimi koronavirusa qarşı mübarizə aparır, iqtisadiyyatın dirçəlişində çətinliklər var, amma buna baxmayaraq cənab Prezident də bir neçə müddət öncə elan etdiyi kimi, pandemiyaya baxmayaraq Azərbaycan dövləti heç bir sosial layihələri dayandırmayacaq. Nəzərə alsaq ki, Ermənistan kimi bir xəyanətkar dövlətin pandemiya dönəmini belə nəzərə almadan qonşusunun ərazilərinə növbəti gözdikmə mərhələsində belə Azərbaycan dövləti öz vətəndaşının yanındadır, vətəndaşını heç vaxt naümid qoymur, yəni ona dəyən ziyanı öz üzərinə götürür. Bütün bunların hamısının önündə Ali Baş Komandanın, Azərbaycan Prezidentinin şəxsi iradəsi var. Bu, onun xalqa olan diqqətinin, qayğısının nəticəsidir. Düşünürəm ki, bundan sonra da belə hallar baş verərsə, dövlət yenə də vətəndaşının yanında olacaq. Bu da vətəndaşa, sərhəd bölgəsində olan insanlarımıza ruh yüksəkliyi verir və vətəndaşlarımız öz arxasında dövlətini görərək daha da əzimli və mübariz olurlar. Bunun nəticəsi də olaraq, biz gələcəkdə öz torpaqlarımızı düşmənlərimizdən azad edəcəyik və inşallah, elə o bölgələrin də abadlaşdırılması və yenidənqurulması üçün cənab Prezidentimizin növbəti sərəncamlarının şahidi olacağıq”.

Təhməz Təkin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir