Qondarma erməni soyqırımı iddiasına hüquqi qiymət verilə bilərmi? | DEFAKTO.AZ Qondarma erməni soyqırımı iddiasına hüquqi qiymət verilə bilərmi? – DEFAKTO.AZ

Qondarma erməni soyqırımı iddiasına hüquqi qiymət verilə bilərmi?

179

Beynəlxalq münasibətlərdə “siyasi tarazlıq” prinsipi var. Bu, əsasən yeni yaranan və ya gücə çevrilə biləcək dövlətlərə qarşı onu təsir altında saxlamaq istəyən güclər tərəfindən süni problemlər yaratmaqdır. Orta əsrlərdə “təbii sərhədlər” və “siyasi tarazlıq” prinsipindən geniş istifadə olunurdu. Əsasən də Fransa kralı IV Henrix daha təsirli formada bu mexanizmi həyata keçirərək, dövlət siyasəti vəziyyətinə gətirmişdi.
Türkiyəyə qarşı uzun müddətdir qondarma soyqırım ittihamından siyasi təzyiq kimi istifadə olunur. Bunun ortaya atılması, dünyada tanınması erməni lobbisinin gücündən, təsirindən daha çox Türkiyəni təsir altında saxlamaq istəyən, onun inkişafına, beynəlxalq gücə çevrilməsinə mane olmaq məqsədini güdən dövlətlərin “əməyidir”.
Eyni ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi də Ermənistanın gücündən və ermənistanın ərazilərinin genişlənməsi marağından daha çox həmin güclərin Türk ölkələrinin birləşməsinin qarşısını almaq cəhdi idi.
Türkiyənin müstəqil siyasət yeritməsi, beynəlxalq gücə çevrilməsi yolunda inamla addımlaması bütün bu hədələrin təsirinin, effektinin azalmasını göstərir ki, həmin ölkələr də bu kartları gizli saxlamaqdansa açmağı üstün tuturlar.
Başqa məqam odur ki, Türkiyəyə qarşı bu hədələri Suriya və İraq ərazisində PKK dövlətinin qurulması və Aralıq dənizində Yunanıstanla müharibə vəziyyətinin yaradılması əvəzləyir. Bu, yeni hədələr qondarma soyqırımından çox Türkiyəni zərərə uğradır.
Amma görmədikləri və anlamadıqları odur ki, müharibələr və təhdidlər Türki gücləndirir. 40 il bundan əvvəl PKK terror təşkilatını yaratdılar, həmin vaxt Türkiyə silah arsenalının 17%-nı özü istehsal edirdi ki, onlar da daha çox yardımçı ləvazimatlardı. Amma indi ən müasir silahlar və texnikalar olmaqla 80%-nı istehsal edir.
Qondarma soyqırımının dövlətlər tərəfindən tanınmasının heç bir hüquqi əsası və nəticəsi yoxdur, olmayacaq da.

Ehtimal edilir ki, dövlətlər tərəfindən tanınma müəyyən saya çatdıqdan sonra “hadisəyə” hüquqi qiymət verilməsi üçün Beynəlxalq məhkəməyə müraciət ediləcək. Amma Beynəlxalq məhkəmələrin də 100 il bundan əvvəl baş verməsi iddia olunan hadisəyə hüquqi qiymət vermək səlahiyyəti yoxdur.

BMT-nin Baş Məclisi 11 dekabr 1946-cı il tarixli 96 saylı qətnaməsi ilə soyqırımın beynəlxalq hüquq normalarını pozduğunu, xeyirxah bəşəriyyətin ruhuna və məqsədlərinə zidd olduğunu, sivil dünyanın onu pis bir əməl kimi səciyyələndirdiyini nəzərə alaraq soyqırım əməllərinin cinayət kimi qiymətləndirilməsini zəruri hesab etdi. Buna görə də 1948-ci ilin 9 dekabrında “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası qəbul edilərək, 1951-ci il yanvarın 12-dən qüvvəyə minib. Bu zamana qədər Konvensiyaya 150-yə yaxın ölkə qoşulub.

Konvensiyanın 2-ci maddəsinin tələbinə görə milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onu tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi kimi hərəkətlər soyqırım hesab edilir.

Soyqırımı cinayətinə cinayət hüquqi baxımından qiymət vermək üçün beynəlxalq əhəmiyyətli 2 məhkəmə mövcuddur və bunlar BMT-nin orqanlarıdır;

  • Beynəlxalq Cinayət Məhkəməsi
  • Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (Statusu).

Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin 34-cü maddəsinin tələbinə görə “yalnız dövlətlər bu məhkəmənin baxdığı işlərdə tərəf ola bilərlər”. Ayrı-ayrı fiziki şəxslərin törətdikləri cinayət işlərinə baxmaq statusuna malik deyildir.

Digər məhkəmə BMT-nin 17 iyul 1998-ci ildə Romada keçirilən konfransında razılaşdırılmış “Roma Əsasnaməsinə” görə 2002-ci ildə yaradılmış Beynəlxalq Cinayət Məhkəməsidir.

Bu məhkəmənin Əsasnaməsinin 5-ci maddəsinin tələbinə əsasən, məhkəmənin yurisdiksiyası yalnız Roma statusunun iştirakçısı olan dövlətlərə şamil edilə bilər. Burdan aydın olunur ki, Osmanlı dövləti bu əsasnaməni qəbul etməyib, çünki 1998-ci ildə dövlət kimi mövcud deyildi.

Həmçinin, Əsasnamənin 11-ci maddəsinə görə məhkəmə yalnız status qüvvəyə mindiyi tarixdən sonra, yəni, 17 iyun 1998-ci ildən sonra törədilmiş cinayətlərə münasibətdə müvafiq yurisdiksiyaya, yəni işə baxmaq səlahiyyətinə malikdir.

Soyqırım cinayətlərinə həm də insan hüquqları pozulması prizmasından baxılması da mümkündür ki, bu halda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməlidir.

Avropa İnsan Hüquqları haqqında Konvensiyaya görə məhkəməyə müraciət şəxsi ziyanın vurulması ilə bağlı olmalıdır, yəni Konvensiyada təsbit olunmuş bu və ya digər hüquq və azadlıqların pozulması şəxsən onun özünə aid olmalıdır, şəxsən onun özünün bu və ya digər hüququ (hüquqları) pozulmuş olmalıdır. Konvensiya üzrə müdafiə yalnız fərdlə hakimiyyət arasında olan imünasibətlərə tətbiq edilir. Buna müvafiq olaraq, fərd Avropa Məhkəməsinə yalnız Konvensiyada və əlavə Protokollarda təsbit olunmuş və dövlət orqanlarının məsuliyyət daşıdığı hüquqların pozulması ilə əlaqədar müraciət edə bilər.

Burdan da aydın olur ki, əgər həqiqətən 1915-ci ildə şəxslərə ziyan vurulmuş olsa belə indiki halda onlar yaşamadıqlarına və onlara ziyan vuran hakimiyyət mövcud olmadığına görə şikayət mümkün deyil.

Türkiyə Respublikası onun yaranmasından əvvəl baş vermiş hadisəyə görə hüquqi məsuliyyətə cəlb edilməsi absurd olardı. Onda Osmanlı zamanı bütün işğala məruz qalmış xalqlar və ya isətilən dövlət yüz, min il bundan əvvəl baş vermiş qətliamlara, işğallara hüquqi qiymətin verilməsi üçün məhkəmələrə müraciət edərdi. Məsəl üçün, “Səlib (xaç) yürüşlərinə” görə Avropa ölkələrini məhkəməyə vermək kimi.

Əslində, tanınmanın Türkiyə üçün faydası var ki, həmin ölkələr siyasi təzyiq məqsədi üçün istifadə etdikləri fürsəti əldən vermiş olurlar.

Yalçın Hacızadə
AVP sədrinin hüquq məsələlər müavini

Yalçın, #Hacızadə, #Yalçınhacızade, #soyqırım, #Türkiye, #ABŞ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir