2-9 oktyabr tarixlərində “Nobel həftəsi-2023″ün keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 6-da isə Nobel sülh mükafatının təqdimetmə mərasimi baş tutacaq.
Builki sülh mükafatının favoritləri arasında Ukrayna Prezidenti Volodimir Zelenski və rusiyalı siyasətçi Aleksey Navalnı da var.
Eyni zamanda ekspertlər hesab edir ki, Ukrayna prezidenti müharibə şəraitində olan ölkənin lideri kimi çətin ki, laureat olsun. Navalnının sülh mükafatını qazanmaq şansı da azalır, çünki ötən il və ondan əvvəlki il rusiyalı dissidentlər qalibiyyət əldə ediblər. Bukmekerlərin üçüncü favoriti isə həbsdə olan uyğur fəal İlham Toxtidir. Bununla belə onun mükafatı qazanmaq şansı dəqiq deyil, çünki bu, Pekini qəzəbləndirə bilər.
Oslodakı Sülh Araşdırmaları İnstitutunun direktoru Henrik Urdal hesab edir ki, sülh mükafatına ən çox ehtimal olunan namizədlər insan haqları müdafiəçiləri olacaq. Henrik Urdal xüsusilə iranlı Narges Mohammadinin adını çəkib ki, o, qadın hüquqları və ölüm hökmü əleyhinə mübarizə aparır və hazırda həbsdədir. Həmçinin Əfqanıstandan olan Mahbuba Serajı xatırladıb ki, o, “Taliban”ın qadağasına baxmayaraq Kabildə qalmaqla qızların təhsil haqları və qadınların digər hüquqları uğrunda mübarizəni davam etdirir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun direktoru Den Smitin proqnozlarına görə, iddiaçılar arasında ekofəal Qreta Tunberqin başlatdığı “Gələcək uğruna cümələr” hərəkatı, həmçinin onilliklər boyu Amazonun tropik meşələrinin müdafiəsi uğrunda mübarizə aparan, Braziliyanın yerli əhalisinin nümayəndəsi, Kayapo qəbiləsindən olan Raoni Metuktire ola bilər.
Digər potensial lauretlar sırasında Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi (ICJ), BMT-nin qaçqınlar üzrə agentliyi UNHCR, BMT-nin UNICEF uşaq fondu və Beynəlxalq Qızıl Xaç Komitəsi sadalanır.
Mənbə: “Reuters”