Yunanıstanda dövlət sektorunun işçiləri (müəllimlər, həkimlər, nəqliyyat sahəsində çalışanlar və digərləri) bir neçə ay əvvəl seçilmiş ölkənin yeni hökumətinin əmək qanunlarına təklif etdiyi dəyişikliklərə etiraz əlaməti olaraq işə çıxmayıblar.
Bir günlük ümummilli tətil Yunanıstanın dövlət sektorunun ən böyük həmkarlar ittifaqı olan və təxminən yarım milyon işçini təmsil edən ADEDY tərəfindən çağırılıb. Tətili həmçinin digər böyük həmkarlar ittifaqları, o cümlədən Orta Məktəb Müəllimləri Federasiyası (OLME), Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı (PENEN) və Dövlət Xəstəxanaları İşçiləri Federasiyası da dəstəkləyiblər.
Bu, iyunda yenidən seçilən Baş nazir Kiriakos Misotakis hökumətinə qarşı keçirilən ilk etiraz aksiyası olub. Tətilçilər hökumətin əmək qanunvericiliyinə dəyişikliklərlə bağlı qanun layihəsinin geri çəkilməsini tələb edirlər.
Mənbə: “Reuters”