MÜNAQİŞƏNİN HƏRBİ YOLLA HƏLLİ LABÜD İDİ | DEFAKTO.AZ MÜNAQİŞƏNİN HƏRBİ YOLLA HƏLLİ LABÜD İDİ – DEFAKTO.AZ

MÜNAQİŞƏNİN HƏRBİ YOLLA HƏLLİ LABÜD İDİ

15

Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündəki çıxışı Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Cənab Prezident burada bir çox önəmli mesajlar verdi və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var idi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü.
Ermənistan 30 illik bir dövrdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirmiş, faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi.

   Çox təəssüflər olsun ki, bu illər ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir səmərə vermədi. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.

  Beynəlxalq təşkilatların doğru olmayan fəaliyyətinin nəticəsidir ki, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konflikti bu səviyyəyə gəlib çatdı. Bu, birbaşa onların məsuliyyətidir. Biz sadəcə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmədik və təkcə Qarabağı qaytarmadıq, bütövlükdə həm də millət olaraq gücümüzü və potensialımızı dünyaya göstərə bildik. Qürurumuzu qaytardıq və bayrağımız qədər ucaltdıq. Bütün bunlara baxmayaraq gələn bəla qarşısında məğrur dayanan, öz Ali Baş Komandanına və ordusuna güvənən Azərbaycan xaqlı düşmənin bütün planlarını alt-üst etdi. Cənab Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu bütün istiqamətlərdə düşmənin layiqli cavabını verdi.

   Bu aspektdən əldə olunan nəticə böyük uğurdur. Baxın, Ermənistan əslində daha öncə təklif olunan şərtlərlə razılaşıb, kapitulyasiyanı qəbul edib daha az itkilərə yol verərək bu prosesdən çıxa bilərdi. Təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyinin və ultra-millətçi ermənilərin düşüncəsi buna çatmadı. Özgələrinin torpağında gözü olan bu toplum həm də mütləq cəzalanmalı idi ki, reallığın nədən ibarət olduğunu başa düşsün və anlasın ki, başqa xalqın torpaqlarını mənimsəmək yolverilməzdir. Qonşularla sülh şəraitində yaşamaq lazımdır. Artıq dünya ictimaiyyəti şahiddir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını qaytarıb, öz ərazi bütövlüyünü bərpa edib.

   Ermənistanda isə siyasi böhran getdikcə dərinləşir, iqtisadiyyat tənəzzülə uğrayıb, hakimiyyət kürsüsündə olanlar bir-birlərini ittiham edirlər. Hətta oradakı iqtidar-müxalifət qarşıdurması elə bir səviyyədədir ki, kütləvi həbslər baş verir. Onların arxayın olduğu havadarları artıq bir o qədər də Ermənistanı dəstəkləmir. Çünki hər şey göz qabağındadır. Ermənistan öz çirkin, murdar əməlləri ilə bütün beynəlxalq aləmdə özünü tam olduğu kimi göstərir. Paşinyan psixoloji gərginlik içərisindədir.  O hər yola əl atır və atacaq, hər kəsin dabanını yalaya-yalaya kömək istəyərək, özünü digər dövlət başçılarının yanında günahsız kimi göstərməklə xal qazanmaq istəyir. Amma bunu heç bir zaman görməyəcək. Ermənistan məğlub ölkədir, məhz o ölkənin rəhbərlərinin  yürütdüyü siyasət öz  dövlətlərini uçuruma aparmışdır. Onların bir yolu var, o da bizim qələbəni qəbul etməkdir. Məhz buna görə işğalçı ölkə bədnam siyasətinə dərhal son qoymalıdır.  

   Hamıya yaxşı məlumdur ki, işğalçı erməni qüvvələri əcdadlarımızın qiymətli ənənələrini, yaratdığı memarlıq nümunələrini dağıtmış, bununla da dünya miqyaslı mədəniyyət tariximizə böyük ziyan vurmuşdur. Maddi-mənəvi dəyərlərin məqsədyönlü şəkildə məhv və talan edilməsi, mənimsənilməsi, tarixin saxtalaşdırılması təcavüzkar siyasətin əyani sübutudur. Qədim Alban xristian kilsələrinin saxta yollarla “erməniləşdirilməsi” və qədim müsəlman dini abidələrinin təhqir olunması, zəngin fauna və flora mənbəyi olan meşələrin yandırılaraq məhv edilməsi, qlobal ekoloji tarazlığın kobud şəkildə pozulması Ermənistan işğalçılığının insanlığa yaraşmayan hərəkətlərinin nəticəsidir. Ermənilər bilməliydilər ki, tarixi mirasın məhv edilməsi bəşəriyyəti əsrlər boyu mövcud olmuş qiymətli sərvətlərdən məhrum edir. Erməni ünsürləri yaxşı bilirlər ki, vaxtilə himayədarlarının vasitəsilə azərbaycanlılara qarşı törətdikləri soyqırımın, işgəncələrin, təhqirlərin, hesabı bunlardan soruşulacaq. Və soruşuldu da!

Rza Rzayev, rayon ağsaqqalı, ziyalı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir