Dördüncü hakimiyyət kimi tanıdığımız media sosial şəbəkələr vasitəsilə daha da təsiredici gücə sahib olub | DEFAKTO.AZ Dördüncü hakimiyyət kimi tanıdığımız media sosial şəbəkələr vasitəsilə daha da təsiredici gücə sahib olub – DEFAKTO.AZ

Dördüncü hakimiyyət kimi tanıdığımız media sosial şəbəkələr vasitəsilə daha da təsiredici gücə sahib olub

455

Günümüzdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən birinəçevrilib. Əsasən də, internet komunikasiya sistemlərindən istifadənin qlobal xarakter aldığı və internet resurslarının imkanlarının sürətlə artması milli informasiya məkanının qorunmasını vətəhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini zəruri edir.

İnternet resurslarında ən çox istifadə edilən sosial şəbəkələrdi. Sosial media təkcə rahat ünsiyyət və fayl paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır. Sosial medianın ənənəvi media ilə müqayisədə bir sıra üstünlükləri var: sosial media əlyetəndi, az xərc tələb edir, hamı üçün açıqdır − istənilən şəxs qlobal kommunikasiya platformasına qoşula və informasiya mənbəyi kimi çıxış edə bilər, daha dinamik və çevikdir, əks əlaqə imkanları genişdir – auditoriyanın informasiya mənbəyi ilə qarşılıqlı təsir imkanı var, yüksək dərəcədə fərdiləşmə təklif edir, insanları vahid platformada birləşdirir və böyük həcmdə informasiya mübadilə etməyə imkan verir.

Sosial media onu istifadə edənlərin məqsədlərindən asılı olaraq milli təhlükəsizliyə bir sıra təhdidlər də yarada bilər.Ona görə də sosial media özü ilə bir sıra təhlükələr də gətirir. Bu təhlükələr fərdlərə, sosial qruplara, bütövlükdə dövlətə və cəmiyyətə yönələ bilər.

Son illərdə sosial medianın milli təhlükəsizliyə təhdidlər yarada biləcəyi narahatlıqları bütün dünya ölkələrində də səslənir.

Bəllidir ki, sosial şəbəkə platformaları özləri də öz maraqlarına, siyasi və iqtisadi mənafeylərinə uyğun olaraq bəzi informasiyaların yayılmasında, cəmiyyətin istiqamətləndirilməsində maraqlıdırlar.

Əlbəttə ki, sosial şəbəkələrdən xarici kəşfiyyat orqanları da ictimai şüura təsir etmək məqsədi ilə geniş istifadə edir. Onlar özlərinin hazırladıqları informasiyaları əsasən saxta profillər və ya botlar vasitəsilə yayırlar.

Elə buna görə də bəzi ölkələrdətransmilli şirkətlər olan “Facebook”, “Twitter”, “Google” “Youtube” və digər sosial platformalarla münasibətlər artıq hüquq müstəvisində tənzimlənir.

Bu sahədə vahid norma olmasa da amma ayrı-ayrı ölkələrin qanunvericilik təcrübəsi vardır.

İmzalamasından sonra dünyada daha çox rezanans doğuran “Onlayn senzuradan müdafiə” barədə Donald Trampın sərəncamıdır ki, o da istifadəçilər tərəfindən yayılan məlumatlara görə sosial şəbəkə platformalarının məsuliyyət daşıyacağını qeyd edir.

ABŞ hökümətinə görə sərəncamın qəbuluna – sosial media şirkətlərinin öz maraqlarına uyğun olmayan fikirlərisenzuraya məruz qoymaları və bununla da “yumşaq güc” mexanizmi kimi “təhlükəli qüvvə” tətbiq etmələri, “Twitter”in,“Facebook”un, “Instagram”ın və “YouTube”nin informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə ictimai rəyi istədikləri istiqamətdə formalaşdırmağa çalışmaları, xüsusilə də fikirlərə qarşı selektiv yanaşmalar tətbiq etməkləri səbəb olmuşdur.

Sərəncamda əksini tapan digər məqam ondan ibarətdir ki, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi alət”i kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, informasiya təxribatları ilə məşğul olur.

İngiltərədə də sosila medianın fəaliyyətinin qanunla tənzimlənməsi geniş müzakirə edən ölkələrdəndir ki, buna görə də yeni qanunların qəbulunun müzakirəsi gedir.

Qəbul edilməsi nəzərdə tutulan qanunlara əsasən istifadəçilərinin paylaşdığı məlumatlara görə sosial şəbəkə platformalarının məsuliyyət daşıyacağı nəzərdə tutulur. Həmçinin, qanuna zidd olan paylaşımların sürətli bir şəkildə yayımdan silinməsi, əməl etməyən şəbəkələrin maddi cəzaya və ya fəaliyyətlərinin dayandırılması kimi məsuliyyət normalarına məruz qalması göstərilir.

Sosial medianın tənzimlənməsi baxımından Almaniya ən geniş qanun qəbul edən ölkələrdə biridir. Bu qanun Almaniyada 2018-ci ildən qüvvəyə minib və qanunu pozanlara qarşı 5 milyon avrodan 50 milyon avroyada qədər maddi cəza nəzərdə tutur. Həmçinin, qanuna görə sosial şəbəkələr qanuna zidd paylaşımları 24 saat ərzində yayımdan silməli və bu kimi fəaliyyətləri barədə hər 6 aydan bir dövlətə hesabat verməlidirlər.

Qanunu pozduğuna görə ilk cəza alan 2019-cu iln iyul ayında “facebbok” olmuşdur ki, ona da 2 milyon avro cəza təyin edilmişdir.

Dünyada bu sahədə ən çox məhdudiyyətlər tətbiq edən ölkələrdən biri də Çindir. “Twitter”, “Google” və“WhatsApp” kimi şəbəkələrdən istifadə qadağandır. Burda ən çox “Weibo”, “Baidu” və“WeChat” kimi Çinli şirkətlər tərəfindən hazırlanan sosial şəbəkələr istifadə olunur.

Çində sosial media platformalarına nəzarət edən 100 minlərlə “kiber polis”lər fəaliyyət göstərir. Həmçinin, 1989-cu ildə Tiananmen Meydanında baş verənlərlə əlaqədar istifadə olunan sosial şəbəkələrdə “filtr” tətbiq olunur ki, bu hadisə ilə əlaqədar yayımlanan məlumatlar sistem tərəfindən dərhal silinir.

Avropa Birliyi əsasən terror təbliğatının qarşısının almaq istiqamətində bəzi qanunlar qəbul etməyə hazırlaşır. Bununla yanaşı istifadəçilər haqqında toplanmış fərdi məlumatların və müəlliflik hüquqlarının qorunması haqqında da qanunlara əlavələr edilməsi nəzərdə tutulur.

Bütün bunlarla yanaşı sosial şəbəkə platformaları özləri də qoruma tətbirləri gördüklərini açıqlayırlar. “Youtube” 1 ay ərzində 8-10 milyon videonu, 3-5 milyon kanalı, 500 milyondan çox şərhi sildiyini və bütün bunlara görə də 10 mindən çox işçi çalışdırdığını bildirir.

İnstagram və WhatsAppın daxil olduğu Facebook 2019-cu ildə 30 milyondan çox paylaşım sildiyini və platformalara nəzarət üçün 35 min işçisin olduğunu qeyd edir.

Sosial şəbəkələr haqqında qanunun qəbulunun əsas məqsədi sosial şəbəkələrdə mövcud olan xaosun nizama salınması, yalan məlumatların və dövlətlərin təhlükəsizliyini təhdid edən dezinformasiyaların aradan qaldırılması, saxta sosial şəbəkə istifadəçilərinin fəaliyyətinin məhdudlaşdırılması, saxta istifadəçi adları ilə təhqir, əxlaqsız hərəkətlərin və zorakılığın qarşısının alınması, dövlət, kommersiya sirrinin, istifadəçilərin fərdi məlumatlarının qorunması və ölkə ərazisindəsaxlanması-toplanması, qeyri-qanuni ticarətin qarşısının alınması, sosial şəbəkə platformalarının ölkə ərazisində əldə etdiyi gəlirin vergiyə cəlb edilməsidir.

Məlumdur ki, “sosial şəbəkə” adlandırılan internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin xüsusi mülkiyyəti, özəl biznes strukturlarıdır.

Hazırkı qlobal informasiya cəmiyyəti fonunda isə onların fəaliyyəti özəl olmaqdan çoxdan çıxıb və sosial-iqtisadi, ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən institusional quruma çevrilib. Beləliklə də, vaxtilə media haqqında deyilən “dördüncü hakimiyyət” ifadəsi sosial şəbəkələrə aid edildikdə artıq ikinci, bəzi hallarda isə elə birinci hakimiyyət kimi ifadə edilir. Dolayısıyla, “hakimiyyəti xalqın iradəsi təyin edir” hüquqi  ifadəfəsi, az qala, “hakimiyyəti sosial şəbəkələr və media təyin edir” vəziyyətinə gəlib çatıb. Çünki bu gün istənilən hakimiyyət təmsilçisinin və hakimiyyətə iddialı olan şəxsin ictimai obrazını formalaşdıran sosial şəbəkələrdir. Eyni zamanda, həmin ictimai-siyasi xadimlərin fəaliyyətini qiymətləndirərək, onu ictimai fikirə təqdim edən də yenə sosial şəbəkələr və mediadır.

Məlumdur ki, kəşfiyyat qurumları kəşfiyyat məlumatlarının əhəmiyyətli hissəsini (bəzi etiraflara görə, 80 %-ni) açıq mənbələrdən alırlar.

Sosial medianın hərbi potensialı da böyükdür – müasir funksiyalı mobil telefonların istifadəsi qeyri-məhdud imkanlar verir. Sosial şəbəkələrdə yerləşdirilmiş obyektin şəkli ilə ərazini müəyyən etmək bir neçə  saniyə çəkir. Sosial şəbəkələrdən və digər internet mənbələrindən alınmış informasiya hərbi əməliyyatların gedişini onlayn izləməyə imkan verir.

Beləliklə, sosial media təbliğatın, dezinformasiyanın, şüurlu manipulyasiyaların, fərdi, biznes və kəşfiyyat məlumatlarının toplanmasının güclü vasitələrindən birinə çevrilib və həyatımızın bütün sahələrinə təsir etmək gücünə sahib olub.

Bütün bunlara görə və ən əsası ölkəmizin müharibə şəraitində olduğunu nəzərə alaraqbizdə də sosail şəbəkələrin fəaliyyətinin tənzimlənməsi barədə qanun qəbulu çox vacibdir.

Yalçın Hacızadə AVP sədrinin hüquq məsələləri üzrə müavini




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir