“Qarabağda heç bir blokadadan və aclıqdan söhbət gedə bilməz” – RƏY + FOTO | DEFAKTO.AZ “Qarabağda heç bir blokadadan və aclıqdan söhbət gedə bilməz” – RƏY + FOTO – DEFAKTO.AZ

“Qarabağda heç bir blokadadan və aclıqdan söhbət gedə bilməz” – RƏY + FOTO

43


“Əgər Qarabağda, həqiqətən, aclıq varsa, onda ermənilər niyə Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınması təklifimizə müsbət cavab vermirlər? Bu, bir daha təsdiq edir ki, əslində heç bir blokadadan və aclıqdan söhbət gedə bilməz”.

Bunu “DEFAKTO.az”a açıqlamasında politoloq, BDU-nun professoru Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi qondarma blokada iddiasından siyasi alət kimi istifadə etməyə, Azərbaycana qarşı mənfi imic yaratmağa çalışır:

“Halbuki Laçın yolu tamamilə açıqdır. Sadəcə olaraq biz əraziyə nəzarət edirik. Bu isə o deməkdir ki, ermənilər əvvəlki kimi, “at oynada bilmirlər”. Onları narahat edən də məhz budur”.

Professor qeyd edib ki, Laçın yolu beynəlxalq hüququn tələbləri çərçivəsində istifadə olunur:

“Beynəlxalq hüquq normaları isə təhlükəsizliyin təmin olunmasını tələb edir. Deməli, mütləq yüklər yoxlanılmalıdır. Biz qeyri-adi nəsə tələb etmirik. Tələblərimiz beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə tamamilə uyğundur. Ermənistan qondarma respublikaya qanunsuz yüklərin daşınmasını istəyir. Biz isə buna icazə verə bilmərik”.

Ə.İbrahimovun fikrincə, Ermənistanın iddiaları tamamilə əsassızdır:

“Qarşı tərəf ağı qara kimi təqdim etməyə çalışır. Amma, əlbəttə, Azərbaycan reallığın beynəlxalq ictimaiyyətə çatdırılması üçün lazımi addımları atır. Qondarma rejimdə aclığın olmaması beynəlxalq təşkilatlara yaxşı məlumdur. Son zamanlar Ermənistan hərbi-siyasi hakimiyyəti ilə qondarma rejim arasında gərginlik artıb. Bunun da əsas səbəbi məhz onların özlərinin uydurduğu nağıldır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Laçın yolundakı vəziyyətlə bağlı suala cavabında deyib ki, ərazidə hərəkət azadlığı bloklanmayıb.

Prezident qeyd edib ki, iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atıb və Azərbaycan sərhədçilərindən birini yaralayıb:

“Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi”.