İQTİSADİ GÜCÜMÜZ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN BƏRPASINA İMKAN VERİR | DEFAKTO.AZ İQTİSADİ GÜCÜMÜZ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN BƏRPASINA İMKAN VERİR – DEFAKTO.AZ

İQTİSADİ GÜCÜMÜZ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN BƏRPASINA İMKAN VERİR

124

Azərbaycan Prezidentinin mətbuat konfransı işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmli idi. Bu tədbirdə dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqdan xəbər verirdi. Əvvəllər isə, ölkəmizə gələn media nümayəndələrinin sayı çox az idi, indi isə bunun əksini gördük. Xüsusilə işğaldan azad edilmiş ərazilərə səfər edən xarici jurnalistlərin sayı xeyli artıb. Dövlətimizin başçısı bu məsələni şərh edərək dedi: “Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də, yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”.
Dövlətimizin başçısı Azərbaycanın azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verdi, erməni vandalizminin iç üzünü bir daha açdı. Prezident azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verdi. Bizim də bir vətəndaş olaraq, hər birimiz Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördük. Bir daha inandıq ki, Qarabağı bir neçə il ərzində ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevirə biləcəyik.
Bildiyimiz kimi, bu yaxınlarda cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” gələcək onillikdəki inkişafımızın əsas istiqamətləridir. Bu mühüm tarixi sənəddə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi hədəflər müəyyənləşdirilib. Qarşıdakı onillikdə həyata keçirilməsi nəzərdə tutulmuş bu prioritetlər ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsi ilə yanaşı, daha güclü və qüdrətli Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyacağını deməyə əsas verir. İşğaldan azad edilmiş torpaqlarımızda aparılacaq yenidənqurma və bərpa işləri isə ölkə iqtisadiyyatı üçün müsbət dividend vəd etməkdədir. Birmənalı olaraq gələcəyə yönələn belə proqramlar regionun, Qarabağın yeni inkişaf perspektivini yaradır.
Prezident İlham Əliyev bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Ümumilikdə layihənin spektri çox geniş olmaqla yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi bir sıra zəruri sahələri əhatə edir. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir. Bu istiqamətdə Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması da xüsusi əhəmiyyətə malikdir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bütövlükdə, bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.
Prezident qeyd edib ki, qarşıdakı illərdə Qarabağda böyük iqtisadi layihələr həyata keçiriləcək. Bundan ötrü böyük şəhərlərin baş planları tərtib olunacaq, burada, əlbəttə, işğaldan əvvəlki dövrlə müqayisədə əhalinin artımı nəzərə alınmalıdır, buna uyğun tikinti-işləri aparılmalı, infrastruktur yaradılmalıdır. Bu məqsədlə vəsait ayrılıb, bütün güclər səfərbər edilib.
Bir vacib məsələyə də diqqət yetirmək gərəkdir ki, erməni qəsbkarları üzərindəki Qələbəmizdən, torpaqlarımız azad edildikdən sonra ölkəmiz daha cəlbedici investisiya məkanına çevrilir. Hər şeydən görünür ki, indi yerli sahibkarlarla yanaşı xarici investorlar da bu işə həvəs göstərirlər, daha çox sərmayə yatıracaqlar. Çünki onlar yaxşı başa düşürlər ki, hərbi əməliyyatların yenidən başlanması riski artıq yoxdur.
Aydındır ki, irimiqyaslı layihələr milyardlarla dollar vəsait tələb edəcək. Nəzərə alınsa ki, üç hava limanı tikiləcək, yüz kilometrlərlə dəmir yolu çəkiləcək, minlərlə kilometr yol, o cümlədən kəndarası asfalt yollar inşa olunacaq, elektrik enerjisi, su təsərrüfatları yaradılacaq, insanların doğma torpaqlara qayıtmalarından ötrü nə qədər inşaat işləri görüləcək, mənzərə aydın olar. Biz inanırıq ki, bu əzəmətli layhələr optimal müddətdə icra olunacaq. Döyüş meydanında nümayiş etdirilən birlik, göstərilən mətanət Qarabağ regionunun dirçəlişinə böyük inam yaradır. Əminik ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşmiş xalqımız bütün çətiliklərə qalib gələcəkdir.

Arif Nəcəfov
İqtisadçı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir