Ekspert: “Azərbaycanda valyuta mübadilə məntəqələrinin yenidən bərpası vacibdir” | DEFAKTO.AZ Ekspert: “Azərbaycanda valyuta mübadilə məntəqələrinin yenidən bərpası vacibdir” – DEFAKTO.AZ

Ekspert: “Azərbaycanda valyuta mübadilə məntəqələrinin yenidən bərpası vacibdir”

21


Azərbaycanda valyuta mübadilə məntəqələrinin formalaşdırılması yeni formada həyata keçiriləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputatların suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, bu məsələ “Mərkəzi Bank haqqında” Qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Mövzu ilə bağlı “DEFAKTO.az”a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, dünyada valyuta mübadiləsini həyata keçirmək üçün bir çox təcrübələri var. Bunların ən sadəsi və geniş yayılmışı əvvəllər Azərbaycanda mövcud olan “exchange”lər idi.

“Devalvasiya prosesindən sonra insanlar yaranan psixoloji vəziyyətlə əlaqədar dollar alışını kəskin artırmışdı. Bu, manata təzyiq yaratmışdı. Nəticədə isə “exchange”lər idarə olunmaz hala gəlmişdi. Bu səbəbdən də 2016-cı ildə onların fəaliyyəti dayandırıldı. 2018-ci ildən isə Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur”, – deyə ekspert vurğulayıb.

E. Əmirov qeyd edib ki, hazırda qanunda bu məsələyə yeni yanaşmanın tətbiqi nəzərdə tutulur: “Hazırkı vəziyyətdə valyuta mübadilə məntəqələrinin fəaliyyətə başlaması üçün böyük zərurət vardır. İstər turistlərin, istər yerli insanların lazımi vaxtda bu imkanlardan yararlana bilməməsi bir sıra problemlər yaradır”.

Hazırda Azərbaycanda dollara tələbatın azaldığını diqqətə çatdıran ekspert qeyd edib ki, bunu statistik göstəricilər və Mərkəzi Bankın dolların satış həcmləri də təsdiq edir: “Mərkəzi Bank da bu məsələnin fərqindədir. Dollara olan tələbatın azaldığı bir zamanda valyuta mübadiləsi məntəqələrinin yaradılması təhlükəli deyil. Ona görə də bu məntəqələrin istənilən formada yaradılması faydalıdır. Dollara olan tələb, manata olan təzyiq azalıbsa, niyə dolların satışını məhdudlaşdırmalıyıq? Turistlər də ölkəyə gətirdiyi valyutanı konvertasiya etməkdə çətinliklər yaşayır. Müəyyən məntəqələr olsa da, turistlər bu məntəqələri axtarmamalıdır, əlçatanlıq təmin olunmalıdır, digər xidmət nöqtələri kimi vətəndaşların və turistlərin ixtiyarında olmalıdır”.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə görə, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır.

Girovun məbləğinə gəlincə, bu rəqəm ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bakı üzrə həmin məbləğ 50 min ABŞ dolları və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min ABŞ dolları təşkil edir.