“Müstəqilliyimizin simvolu – Azərbaycan xalqıdır” | DEFAKTO.AZ “Müstəqilliyimizin simvolu – Azərbaycan xalqıdır” – DEFAKTO.AZ

“Müstəqilliyimizin simvolu – Azərbaycan xalqıdır”

35


Bu günlərdə Azərbaycan öz tarixinin ən əlamətdar günlərindən birini – Müsəlman dünyasında parlamentar idarəetmə formasına sahib ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 105-ci ildönümünü qeyd edir.

Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdən biridir. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib Yusifbəyli və başqaları tərəfindən yaradılan AXC öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. 

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzaladıqdan sonra Azərbaycanın ilk  Parlamenti və Hökuməti təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, bütövlükdə xalqımızın müstəqillik hissləri daha da güclənib.

Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rola malik olub.

Ölkədə yaşayan bütün xalqların və siyasi partiyaların, eləcə də bütün etnik və dini qrupların parlamentdə təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi. Parlamentdəki sözügedən yüksək təmsilçilik şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi idi. 23 ay ərzində AXC hökuməti bir sıra qanunlar qəbul etmiş, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib. Yeni qurulmuş cümhuriyyətin atdığı ilk addımlar isə xalqın savadlanması və təhsilin arzu olunan səviyyəyə çatdırılması idi. Bu istiqamətdə ilk addım isə 1919-cu ildə Bakı Dövlət Universitetinin və bir çox digər təhsil müəssisələrinin yaradılması olub. 

Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Məhz dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti nəticəsində ölkəmiz hələ o zaman beynəlxalq hüququn subyektinə çevrilə bildi və beləliklə, bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alınıb.

28 May yalnız Azərbaycan xalqı üçün yox, demokratik və respublika dəyərlərini qeyd edən bütün ölkələrdə və regionda əhəmiyyətli bir tarix olmalıdır. AXC-nin öz inkişaf yolunda özünə bələdçi etdiyi dəyərlər bu gün də dünyanın çatmaq istədiyi qlobal məqsədlərin hədəfləri ilə üst-üstə düşür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilib”.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq xalqın istiqlal arzusu ölməyib. Beləliklə 71 il sonra, 1991-ci ildə oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Lakin, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir”. Taleyimizin həll olunduğu ağır bir zamanda qədirbilən Azərbaycan xalqının təkidli tələbinə səs verərək yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil müasir Azərbaycanın qurucusu və memarına çevrilib.

Ümummilli lider ilk dəfə 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına rəhbərlik edərkən məhz Xalq Cümhuriyyətindən miras qalan, bizi tanıdan, mənəviyyatımızı, milliliyimizi əks etdirən üçrəngli bayrağımızı zala gətizdirərək rəsmi Dövlət bayrağı kimi təsdiq olunmasına heç nədən qorxmayaraq nail olub.
 
30 il müddətində Azərbaycan tarixinin müstəqillik dövrünü əhatə edən üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyinin bərpa olunması, qələbələrimizin təmin olunmasında iradəmizi daha da möhkəmləndirmiş, habelə bütün platformalarında bizə mənəvi güc verib.

Prezident İlham Əliyev dövlət quruculuğu prosesində hər zaman bayrağımıza olan məhəbbəti əsas hesab edərək milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə, gələcək inkişafımıza yüksək həssaslıqla yanaşıb.

Bu gün isə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının doğma Qarabağımızda dalğalanması prezidentin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ölkəmizin dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir.

Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi də dövlətçilik ənənələrinə öz ehtiramını nümayiş etdirərək 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Həmin qanuna əsasən, Azərbaycanda 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Bu, Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır, habelə ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Prezidentin də söylədiyi kimi, “Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır”.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı