Kreml danışıqları, Moskva görüşünü qəsdən pozan Paşinyan – ŞƏRH + FOTO | DEFAKTO.AZ Kreml danışıqları, Moskva görüşünü qəsdən pozan Paşinyan – ŞƏRH + FOTO – DEFAKTO.AZ

Kreml danışıqları, Moskva görüşünü qəsdən pozan Paşinyan – ŞƏRH + FOTO

15


25 may 2023-cü il… Moskva… Kremlin Aleksandrovski zalı… Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir. İlk dəfə iclasda qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Prezident Əliyevin səfərinin əsas məqsədi Rusiya tərəfinin təşəbbüsü ilə planlaşdırılan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı üçtərəfli görüşdə iştirak etməkdir. Çünki Azərbaycan bütün platformalardan, istər Avropa İttifaqı-Vaşinqton, istərsə də Rusiya platformasından sülhə nail olmaq üçün istifadə edir. Eyni zamanda dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Avrasiya Ali İqtisadi Şurasının iclasına qatılıb. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının (Aİİ) bütün üzv dövlətləri ilə yüksək səviyyədə ikitərəfli əlaqələri mövcuddur.

DEFAKTO.az-nın Moskva müxbiri Fərid Əkbərov dünən Kremldə keçirilən Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibli iclasını, ikitərəfli və üçtərəfli görüşləri işıqlandıran media nümayəndələri arasında olub. Əməkdaşımızın Kremlin Aleksandrovski zalında və kuluarlarında apardığı müşahidələrini, eləcə də Əliyev-Putin-Paşinyan üçtərəfli danışıqlarının niyə yekun bəyanatla bitməməsinin səbəbləri barədə fikirlərini təqdim edirik.

Pandemiya bitib, PCR testi yox…

Ümumdünya Səhiyyə Təşkilatının bütün dünyada koronavirus pandemiyasının bitməsi ilə bağlı açıqlamasına baxmayaraq, Kremldə COVİD məhdudlaşdırılmaları, daha dəqiq desək, PCR test məcburiyyəti hələ də qalır. Media nümayəndələri də daxil olmaqla tədbirə qatılan bütün şəxslərdən həm hava limanında, həm də Kremlə girişdə ekspress PCR testi götürülürdü. Məlumata görə, xaricdən gələn nümayəndə heyətindən hətta son üç günün PCR analizi tələb olunmuşdu.

Səhər saat 9-dan Kremldəyik, yüksək səviyyəli tədbirlərin keçirildiyi Kremlin Aleksandrovski, Georgiyevski zallarının yerləşdiyi binada…

Zala daxil oluruq…Azərbaycan istisna olmaqla bütün nümayəndə heyətləri artıq zalda yerini alıb. Təsadüfən, bəlkə də təsadüf deyildi, biz düz Ermənistan nümayəndə heyətinin arxasında görüntü əldə etmək üçün qərarlaşırıq. Çünki həmin mövqedən Azərbaycan Prezidenti və nümayəndə heyətini kameranın obyektivinə salmaq daha əlverişli idi.

Artıq saat Moskva vaxtı ilə 14:00-dır. Geniş tərkibli iclas başlamaq bilmir ki, bilmir. Birdən fotoqraflar hərəkətə keçir, fotoaparatların fasiləsiz səsi eşidilir. Yox, prezidentlər hələ zala daxil olmayıb. Zala daxil olan Azərbaycan nümayəndə heyətidir.

Onları səmimi şəkildə Rusiya nümayəndə heyəti qarşılayır. Putinin köməkçisi Yuri Uşakovun Hikmət Hacıyev, Ceyhun Bayramov və Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Kremlin sözçüsü Dmitri Peskovun Azərbaycan Prezidentinin sözçüsü Azər Qasımovla, eləcə də Rusiya Baş nazirinin müavini Akeksey Overçukun Şahin Mustafayevlə, iqtisadiyyat naziri Maksim Reşetnikovun Mikayıl Cabbarovla səmimi görüşməsi tədbiri işıqlandıran fotoqraflar üçün əla kadrlardır.

Saatlar 15:12-ni göstərir… Aleksandrovski zalının qapılarını Kremlin Prezident bölüyünün iki əsgəri açır.

Zala ilk olaraq Rusiya və Azərbaycan prezidentləri daxil olur.

Avrasiya Ali İqtisadi Şurasının iclası başlayır. Putin elə çıxışının əvvəlində Azərbaycan Prezidentinin iclasda qonaq qismində iştirakının vacibliyini vurğulayaraq ona təşəkkürünü bildirir. Daha sonra əlifba sırası ilə AİY-yə üzv ölkələrin dövlət başçıları çıxış edirlər. Növbə Azərbaycan Prezidenti İlham Əliyevə çatır. Dövlət başçısı çıxışında Azərbaycanın Ermənistan istisna olmaqla, Aİİ ölkələri ilə ikitərəfli əlaqələrinin uğurla inkişaf etməsindən, Ermənistan işğalından azad olunan ərazilərdə, Füzuli və Zəngilanda inşa olunan beynəlxalq hava limanlarından, işğaldan azad olunan Laçında 2025-ci ildə daha bir hava limanının istifadəyə veriləcəyindən, Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etməsindən və bu dəhlizin beynəlxalq dəmiryolu marşrutlarının bir hissəsinə çevriləcəyindən danışır.

Media nümayəndələri də daxil olmaqla, hamı geniş tərkibli iclasın bitməsini və siyasi gündəmin əsas mövzusu olan Azərbaycan-Ermənistan-Rusiya liderlərinin üçtərəfli görüşünü gözləyir. Təkcə Ermənistan Baş naziri üçtərəfli danışıqları gözləməyib Aİİ-nin geniş tərkibli iclasını Azərbaycana qarşı iddialar səsləndirmək üçün platformaya çevirir. Məlum olur ki, Əliyevin Zəngəzur dəhlizi, işğaldan azad olunan ərazilərdə beynəlxalq hava limanlarının inşa olunması və daha bir hava limanının Laçında istifadəyə veriləcəyi ilə bağlı dedikləri Paşinyanın ürəyincə olmayıb.

Tacikistan Prezidenti İmaməli Rahmonun videobağlantı ilə çıxışından sonra Putin iclası yekunlaşdırmaq üçün sözü Avrasiya İqtisadi Komissiyasının Kollegiyasının sədrinə vermək istəyərkən Paşinyan qəfil qısa replika üçün söz istəyir. Təbii ki, Putin onun xahişini yerə salmır. Amma elə Rusiya Prezidentinin də, digər iclas iştirakçılarının simasında narazılıq hiss olunur.

Paşinyan replikasında guya Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Laçın dəhlizini bağladığını, Zəngəzur dəhlizi ideyasını irəli sürməklə Ermənistana qarşı ərazi iddiasında olduğunu bildirir.

Ermənistan Baş nazirinə ilk cavab elə Putindən gəlir. O, Prezident Əliyevin çıxışında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdığını söyləyərək, Paşinyana, əslində, ötən il oktyabrın 7-də Praqa sammitində 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad olunan sənədi imzaladığını, bununla da, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırlatmış olur. Yəni, “Praqada Azərbaycanın ərazi bütövlüyün tanımısan, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa hazırdır bəyanatını səsləndirmisən, indi nə istəyirsən?”

Əslində Paşinyanın nə istədiyi günün sonunda məlum olacaqdı. Bu barədə bir qədər sonra…

Azərbaycan Prezidentinin Paşinyana cavabı özünü çox gözlətmir. İlham Əliyev söz alaraq, diskussiya açmaq istəmədiyini, lakin Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olması barədə ittihamların əsassız olduğunu bildirir. “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın Baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var”, deyərək növbəti dəfə Paşinyana “master-klass” keçir. Bu, həm də müzəffər İlham Əliyevin məğlub Paşinyan üzərində növbəti qələbəsidir.

Lakin Paşinyan sakitləşmək bilmir, yenə söz istəyir və yenə “Laçın dəhlizi”ndən danışıb, onun yol yox, dəhliz olmasına vurğu edir, “sülhməramlıların nəzarəti altında olmalı olan Laçın dəhlizi” fikrini işlədərək, sözarası Rusiyanı da ittiham edir. İlham Əliyev müzakirələrin başqa istiqamətdə getdiyini ifadə edərək, Ermənistan Baş nazirinin əsassız ittihamlarını cavabsız qoya bilməyəcəyini bildirir və onun cavabını verir. Əliyevin cavabına Paşinyan bu dəfə Putindən icazəsiz replika ilə çıxış edir.

Paşinyanın budəfəki replikasına artıq zaldakıların əsəbləri dözmür. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun, Azərbaycan Prezidenti İlham Əliyevin bir əli ilə üzünü qapadıb gülməsi rusiyalı fotoqrafların diqqətindən yayınmır.

Ermənistan Baş nazirinin bu qeyri-diplomatik hərəkəti artıq iclas iştirakçıları tərəfindən də etirazla qarşılanır. Üç saatdır, davam edən iclasın keçirildiyi zalda gərginliyin artdığı hiss olunur. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev söz almaq istəyir, lakin Putin müdaxilə edərək, bildirir ki, əsas məsələ “dəhliz” və ya “yol” terminləri deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir. Rusiya Prezidenti bu məsələlərin daha ətraflı üçtərəfli görüşdə müzakirə olunacağını deyib, iclası bitirmək üçün sözü Avrasiya İqtisadi Komissiyasının Kollegiyasının sədri Mixail Myasnakoviçə verir.

İclas, nəhayət ki, bitir. Media nümayəndələri Putinin-Əliyev, Putin-Paşinyan ikitərəfli görüşlərini və üçtərəfli görüşlərini gözləmək üçün üst mərtəbəyə, media mərkəzinə yollanır. Əvvəlcə ikitərəfli görüşlər baş tutur. İlk olaraq Putin-Əliyev görüşü keçirilir. Görüş təxminən saat yarım çəkir. Daha sonra Putin-Paşinyan görüşü… Bu görüş də təqribən saat yarımdan çox davam edir. Biz görüşləri media mərkəzindəki monitordan izləyirik. Bütün diqqət isə təbii ki, üçtərəfli danışıqlara yönəlib. Hamı məhz bu danışıqları gözləyir. Mətbuat mərkəzində ancaq Rusiya, Azərbaycan və Ermənistanın mediasını təmsil edən jurnalistlər qalıb. Teleqram kanallarında üçtərəfli görüşün başlanması ilə bağlı xəbərlər yayılır. Lakin çox keçmir ki, bu xəbər təkzib olunur.

Rusiyanın “Kommersant” nəşri mayın 25-də səhər üçtərəfli danışıqların yekunlarına dair iki sənədin imzalanacağına dair xəbər yaymışdı. Bu xəbər və bundan öncə keçirilmiş 11 yanvar 2021-ci il Moskva, 31 oktyabr 2021-ci il Soçi, 26 noyabr 2022-ci Soçi üçtərəfli danışıqlarının təcrübəsi göstərirdi ki, sonda yekun bəyanat imzalanacaq.

Xəbər gəlir ki, dövlət başçılarının yekun açıqlaması olmayacaq. Onların adından yekun açıqlamanı Rusiya xarici işlər naziri Sergey Lavrov verəcək.

Moskva vaxtı ilə saat 22:21… Üçtərəfli Zirvə görüşü başlayır. Putin çıxış edir, bildirir ki, iki ölkə arasında hələ də nizamlanmamış məsələlər var, amma bunlar sırf texniki məsələlərdir.

Putin görüşün protokol hissəsinin bitdiyini elan edərək mətbuat nümayəndələrinin zalı tərk etməsini xahiş edir. Bunun üstündən heç 20 dəqiqə keçməmiş üçtərəfli danışıqların bitdiyi elan olunur. Media nümayəndələri Lavrovun açıqlamasını gözləyərkən, Rusiya XİN başçısı açıqlama vermədən Kremli tərk edir. Putin sözçüsü Dmitri Peskov isə Alksandrovski zalının qarşısında jurnalistlər üçün heç bir açıqlama və yekun bəyanat olmadığını söyləyir. Beləliklə, üçtərəfli danışıqlar yekun bəyanatsız, sənəd imzalanmadan bitir…

Görüşlər bitdi, Ermənistan Baş nazirinin Avrasiya Ali İqtisadi Şurasının geniş iclasında gərginlik yaratmasının səbəbi hamıya məlum oldu – Moskva görüşünün sonunda yekun bəyanat, sənəd imzalanmasın, heç bir razılaşma olmasın…

Elə də oldu. Rusiyanın dəstəyi ilə keçirilən üçtərəfli görüşdə hər hansı sənəd qəbul edilmədi. Ermənistan həmişəki ənənəsinə sadiq qalaraq, yenə də bunda maraqlı olmadığını göstərdi. Paşinyanın bu addımının, eyni zamanda, Ermənistanla Rusiya arasında artan gərginliklə bağı olduğu şübhəsizdir.

Nəzərə alaq ki, son zamanlar Bakı ilə İrəvan arasında Qərbin vasitəçiliyi ələ almasından sonra Rusiyanın bu görüşü təşkil etməsi Kreml üçün çox vacib idi və rəsmi Moskva danışıqların yekunu olaraq hər hansı sənədin imzalanmasına can atır, bununla da Qərbə “Rusiya tək danışıqlar keçirmir, konkret razılaşmalara, sənədin imzalanmasına nail olur” mesajını vermək istəyirdi. Lakin Moskva danışıqları Paşinyanın sayəsində “heç nə” ilə bitmişdi… Qarşıdan isə hələ Kişinyov və Brüssel görüşləri gəlir…

P.S. Bu qədər gərginliyin arasında isə bir sual mənə rahatlıq vermirdi. Görəsən, Paşinyanın iclasda gərginlik yaratmasına münasibət bildirməyə cəhd edən Qazaxıstan prezidenti Tokayev nə demək istəyirdi?