Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən şikayətə reaksiya: “Tikintiyə icazə verilmədi” | DEFAKTO.AZ Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən şikayətə reaksiya: “Tikintiyə icazə verilmədi” – DEFAKTO.AZ

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən şikayətə reaksiya: “Tikintiyə icazə verilmədi”

65


Bakıda yaşayış olan binada söküntü işləri aparılır.

Hüquqlarının pozulduğundan şikayət edən sakin ötən gün DEFAKTO.az-ın redaksiyasına müraciət edib. Şikayətçi binada yaşadıqları halda söküntü işlərinin aparıldığını bildirib.

Məsələ ilə bağlı DEFAKTO.az-ın əməkdaşı aidiyyəti qurumlara sorğu ünvanlayıb.

Fövqəladə Hallar Nazirliyindən DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18.12.2020-ci il tarixli sərəncamı ilə yeni yaşayış binalarının tikintisi məqsədi ilə qeyd olunan ünvanda “İnvest.M Construction” MMC-yə torpaq sahəsi ayrılıb.

Bu sərəncam əsasında sökülməli olan binaların sakinlərinin köçürülməsi ilə bağlı məsələlər inşaatçı tərəfindən həll edilməlidir. Sərəncamın icrasına nəzarət Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən həmin ünvandakı tikililərin tikintiyə icazə alınmadan sökülməsinə başlanması faktı aşkar edilib. Bu səbəbdən 20 aprel 2023-cü il tarixində adıçəkilən agentlik bu obyektdə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edib. Mövcud qaydalara əsasən, tikinti işlərinin qarşısının alınması məqsədilə bu qərar rəsmi olaraq yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına göndərilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirilib ki, komitədən tikintiyə icazə verilməyib.

Qeyd edək ki, Bakı şəhəri Nəsimi rayonu Mirqasımov küçəsi 4 ünvanında söküntü işləri aparılan üçmərtəbəli yaşayış binası 1926-cı ildə tikilib. 177 mənzildən hazırda 60-da yaşayış var.

Nəzrin Vahid