Nəsimi rayonunda sərv ağacları qanunsuz şəkildə çıxarılıb – FOTO | DEFAKTO.AZ Nəsimi rayonunda sərv ağacları qanunsuz şəkildə çıxarılıb – FOTO – DEFAKTO.AZ

Nəsimi rayonunda sərv ağacları qanunsuz şəkildə çıxarılıb – FOTO

12


Nəsimi rayonu, Cavadxan küçəsində, yaşayış binasının qarşısındakı sərv ağaclarının çıxarıldığı müəyyən edilib.

Bu barədə DEFAKTO.az-ın sorğusuna cavab olaraq, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağacların sözügedən yaşayış binasının birinci mərtəbəsində yaşayan Günel Paşayeva tərəfindən qanunsuz olaraq çıxarıldığı və digər əraziyə köçürüldüyü məlum olub. 

“Faktla bağlı vətəndaş G.Paşayeva barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Çıxarılmış ağacların yerinə isə yeniləri əkilib”.

Xidmət rəsmisinin sözlərinə görə, ərazidə hər hansı qanunsuz tikintinin aparılmaması, əkilən ağacların qorunub mühafizə olunması və onlara aqrotexniki qulluq göstərilməsi məqsədilə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət olunub.

Xatırladaq ki, bundan öncə sözügedən ərazidə ağacların kəsilməsi faktı ilə bağlı sakinlər sosial şəbəkələrdə narahatlıq bildiriblər. Məsələ mediada işıqlandırıldıqdan sonra kəsilən ağacların yerinə sərv ağacları əkilib. Yaxın günlərdə isə sakinlər həmin ağacların da kökündən çıxarıldığını qeyd ediblər. Şikayətə səbəb olan görüntüləri təqdim edirik: 

Aysel Aslan