Vaqif Cavadov: “Azərbaycanda məndən çox tənqid edilən futbolçu olmayıb” – MÜSAHİBƏ + FOTO | DEFAKTO.AZ Vaqif Cavadov: “Azərbaycanda məndən çox tənqid edilən futbolçu olmayıb” – MÜSAHİBƏ + FOTO – DEFAKTO.AZ

Vaqif Cavadov: “Azərbaycanda məndən çox tənqid edilən futbolçu olmayıb” – MÜSAHİBƏ + FOTO

35


“Təki hər bir azərbaycanlı futbolçunun mənim kimi karyerası olsun. Gənc oyunçularımıza bunu arzu edirəm”.

Bunu DEFAKTO.az-a müsahibəsində Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib. Bu gün 34 yaşını tamamlayan keçmiş forvard futbolçu karyerasından, məşqçi kimi gələcək planlarından danışıb.

Müsahibəni təqdim edirik…

– 34 yaşınızı tamamlayırsınız. Özünüzü necə hiss edirsiniz?

– Hər şey yaxşıdır. Yada saldığınız üçün təşəkkür edirəm!

– Ad gününüzü necə qeyd edəcəksiniz?

– Axşam ailəmlə bir yerdə olacağam. Son zamanlar evdə oluram. Əvvəllər fərqli idi. Subay olduğum, həm də oynadığım üçün ailəmlə ola bilmirdim. Bəzən oyun gününə düşürdü, komandanın düşərgəsində olurdum və s. Son illərdə isə yaxınlarımla keçirirəm. Bu gün də əvvəl futbola gedəcəyəm, axşam isə yaxınlarımla olacağam.

– Doğum gününüzdə aldığınız ən maraqlı hədiyyə nə olub?

 Düzü, hədiyyələrə o qədər də önəm vermirəm. Ən vacibi dostlarımın, yaxınlarımın yanımda olmasıdır. Hədiyyəyə fərq qoymuram, əsas insanların diqqətidir.

– Atanız Füzuli Cavadov, əminiz İsgəndər Cavadov da futbolçu olublar. Bu sahəyə yönəlməyinizdə yəqin ki, onların böyük rolu olub…

 Bəli, həvəs ailədən gəlir. Gözümü açandan top görmüşəm. Qardaşlarım da oynayıblar. Amma futbolçu olmaq mənim qismətimdə imiş. Valideynlərimə minnətdaram ki, bu imkanı mənə yaradıblar. Özümdə futbola böyük həvəs var idi. Amma əziyyətini mənimlə birgə valideynlərim də çəkiblər. Hesab edirəm ki, doğru seçim etmişəm. Kimsə razılaşmaya bilər, amma mən inanıram ki, futbolçu olmaqla düzgün qərar vermişəm.

– İsgəndər Cavadovla Füzuli Cavadovu futbolçu kimi necə müqayisə edə bilərsiniz?

 Onları müqayisə etmək doğru olmaz. Atam 70-ci illərdə oynayıb, əmim 80-ci illərdə. Hərənin öz vaxtı var və hər ikisi dövrünün ən yaxşılarından olub.

– Geriyə boylananda karyeranızdan razısınız?

 Əlbəttə. Təki hər bir azərbaycanlı futbolçunun mənim kimi karyerası olsun. Gənc oyunçularımıza bunu arzu edirəm.

– Belə çıxır ki, istədiyiniz hər şeyə nail olmusunuz…

 Düzü, Avropada möhkəmlənmək istəyərdim. Bu, o qədər də alınmadı. Ümumilikdə futbol karyerama baxanda məmnunam və heç nədən xüsusi narazılığım yoxdur.

– Avropa demişkən, böyük ümidlərlə “Tvente”yə getmişdiniz. Niyə alınmadı?

 Müxtəlif səbəblər sadalaya bilərəm. Burada dil, təklik, subay olmağım, mühitə uyğunlaşmaq kimi məsələlər rol oynadı. Digər legionerlərin ölkəsindən olan başqa futbolçular da var idi. Ona görə daha sürətlə uyğunlaşırdılar. Üstəlik zədə problemi oldu. Bunlar üst-üstə gələndə Niderlandda belə alındı. Amma Türkiyə və Rusiyada oyunum yaxşı alındı.

– Karyeranızın ən uğurlu dövrü hansı idi?
– “Qarabağ”da çıxış etdiyim vaxtı qeyd edə bilərəm. “İnter”də də yaxşı alınmışdı, son olaraq “Keşlə”də də kubok qazanmışam (“İnter” sonradan “Keşlə” adlanıb, hazırda isə bu klub “Şamaxı” adı altında çıxış edir – red.). Ümumən, oynadığım hər komandada fayda verməyə çalışır və lider olmaq istəyirdim. Tarixə, oyunlara baxanda bunun belə olduğu üzə çıxır.

– Hansısa qərarınıza görə peşmanlıq yaşamısınız?

 Xeyr.

– Karyeranızda maraqlı bir neçə məqam var. Bunlardan ikisi diqqətimi daha çox çəkib. Birincisi, Almaniya ilə oyunda Manuel Noyerə künc zərbəsindən birbaşa qol vurmağınızdır. Bu, təsadüf idi, yoxsa hazırlıq?

 Həmin dövrdə baş məşqçimiz Berti Foqts idi. Məşqlərdə bunun üzərində işləyirdik. Əslində yaxın dirəyə adi ötürmə idi. Sadəcə, elə alındı ki, qola çevrildi. Birləşmiş Ərəb Əmirliklərində Çexiyaya qarşı yoldaşlıq oyununda da oxşar epizod olmuşdu. Yenə yaxın dirəyə tərəf ötürmə etmişdim və Ruslan Abışov başla fərqlənmişdi. Həmin oyunda özüm də başla qol vurmuşdum və 2:0 hesabı ilə qalib gəlmişdik.

– Dediyim ikinci məqam Rusiya ilə oyunlarda vurduğunuz iki qoldur. İzləyəndə elə gəlirdi ki, Vaqif nə vursa, qol olacaq. Rusların zəif cəhətini tapmışdınız?

 Bunu istək, qismət və bütün futbolçuların yaxşı çıxışı ilə əlaqələndirərdim. Hər iki matçda xal qazana bilmişdik. Mənim də oyunum yaxşı alınmışdı. Çox sevinirəm ki, belə bir böyük milliyə iki qol vurmuşam.

– Bir çox mütəxəssislə işləmisiniz. Rəhbərliyi altında oynadığınız ən yaxşı baş məşqçi kim idi?

 Əlbəttə ki, Qurban Qurbanovu qeyd edərdim. Ondan başqa, Kaxabar Sxadadze, Berti Foqtsun adını çəkməliyəm. Bu insanlar futbolu sevir və futbolçulara dəyər verirlər.

– Unutmadığınız oyunlar və qollar…

 Qollardan danışdıq artıq. Rusiya və Almaniya ilə matçlarda vurduğum qollar unudulmazdır. Oyunlara gəlincə, yenə bu iki yığma ilə görüşləri, Türkiyəyə qarşı matçı, “Qarabağ”ın “Rusenborq”la oyununu qeyd edə bilərəm.

– Çoxları “Rusenborq”la qarşılaşmanı “Qarabağ”ın sonrakı uğurlarının təməli hesab edir…

– Hər dövrün öz futbolçuları var. Həmin futbolçuların da “Qarabağ”ın indiki uğurlarında payı var. Onları yaddan çıxarmaq olmaz. Azarkeş və mütəxəssislər belə deyirlərsə, doğrudur.

– Karyeranızı sanki bir qədər tez – 31 yaşda başa vurdunuz. Bir neçə il də oynamaq olmazdı?

– Hər şeydə bir xeyir var. Məncə, ehtiyatda oturmaqdansa, karyeranı bitirmək daha doğrudur.

– Siz baş məşqçi təyin olunanda “Sumqayıt”ın əvəzedici komandası I Divizionda sonuncu idi, ancaq komandanı iki pillə irəli apara bildiniz. Nəyi dəyişmisiniz?

– Uşaqlarda ruh yüksəkliyi yaratdıq, özlərinə güvəndilər. Son 5 matçda 3 qələbəmiz oldu. Ondan qabaq cəmi 13 xal toplamışdılar. Eyni heyətdir, eyni meydandır və eyni rəqiblərdir. Sadəcə özlərinə güvənirlər. Son oyunlarda 3-4 qol vura bilmişik. Növbəti mövsümə ümidlə baxırıq. İnanıram ki, daha yaxşı nəticələr əldə edə bilərik.

– Məşqçi kimi əsas hədəfiniz nədir?

 İlk növbədə yaxşı mütəxəssis olmaq istəyirəm. Bunun üçün çoxlu oxumalı və öz üzərimdə işləməliyəm. Azərbaycan futboluna kömək etmək istəyirəm. Hər bir məşqçi kimi hədəfim milli komandanı çalışdırmaqdır. Buna isə hələ çox var. Əvvəlcə digər iş yerlərində nəticə vermək, inkişaf etmək lazımdır.

– Bu məqsədə gedən yolda kimlərdən nümunə götürəcəksiniz?

 Bəyəndiyim məşqçilər çoxdur. Antonio Konte, Dieqo Simeone, Pep Qvardiola kimi mütəxəssislərin oyun üslublarını sevirəm. Hər biri öz yanaşmasını qəbul etdirməyi bacarıb. Digər bəyəndiyim məşqçilər də var. Kimisə unuda bilərəm.

– Vaqif Cavadovun komandası necə oynamalıdır?

 Hücum etməlidir. Amma müdafiəni də unutmaq olmaz.

– Uzun illər formasını geyindiyiniz milli komandanın hazırkı heyəti zəif hesab olunmur. Amma nəticələr heç cür yaxşılaşmır. Bunu necə düzəltmək olar?

 Millidən çox danışılır. Nəticə, həqiqətən, ürəkaçan deyil. AVRO-2024-ün seçmə mərhələsinə start bir az pis oldu. Bir az da yox, hətta çox pis oldu. İstənilən halda, bizim millidir, pis-yaxşı özümüzündür. İnanıram ki, yaxın gələcəkdə düzələcək, hər şey yaxşı olacaq. Görək, baş məşqçi qarşıdakı oyunlarda nələr edəcək.

– Millinin çox müzakirə olunduğunu dediniz. O ab-havanı yaşamış biri kimi, bu, futbolçulara necə təsir edir?

 Azərbaycanda məndən çox tənqid edilənfutbolçu olmayıb. İndiki oyunçulara yönələn tənqidlər onların yanında hələ heç nədir. Ona görə də normal qarşılamalıdırlar. Başlarını aşağı salıb ən maksimumunu etməyə çalışmalıdırlar.

– Ancaq xatırlayıram ki, sizə qarşı tənqidlər aqressiv deyildi…

– Ola bilər. Azarkeşlər də bilirdilər ki, mən bunları normal qarşılayıram. Futbolda belə hallar olur. Sadəcə nəticə çıxarmaq və səhvləri düzəldib irəli getməyi düşünmək lazımdır. Azarkeşlər çox istədiklərindən, daha yaxşı milli olması üçün tənqid edirlər.

Faiq Tahirov