“Reuters”: “Çinli hakerlər ABŞ-nin kritik infrastrukturları ilə bağlı məlumatlar toplayırlar” | DEFAKTO.AZ “Reuters”: “Çinli hakerlər ABŞ-nin kritik infrastrukturları ilə bağlı məlumatlar toplayırlar” – DEFAKTO.AZ

“Reuters”: “Çinli hakerlər ABŞ-nin kritik infrastrukturları ilə bağlı məlumatlar toplayırlar”

24


Çinin dəstəklədiyi haker qrupu telekommunikasiyadan tutmuş nəqliyyat mərkəzlərinə qədər ABŞ-nin kritik infrastrukturuna nəzarət edən geniş spektrli təşkilatlarla bağlı casusluq edir.

Bununla bağlı “Reuters” nəşrində material dərc olunub.

Bildirilib ki, bu barədə Qərb kəşfiyyat xidmətləri və “Microsoft” korporasiyası məlumat verib.

Casus fəaliyyəti, həmçinin ABŞ-nin strateji əhəmiyyətli hərbi bazalarının yerləşdiyi Quamada hədəflənib. Çin və ABŞ-nin müntəzəm olaraq bir-biriləri ilə bağlı casusluq etmələrinə baxmayaraq analitiklər bu haker qrupunun ABŞ-nin kritik infrastrukturuna qarşı yönələn ən böyük tanınmış Çin kibercasusluq kampaniyalarından biri olduğunu qeyd edirlər.

Hələlik neçə təşkilatın zərər gördüyü məlum deyil. Lakin ABŞ Milli Təhlükəsizlik Agentliyi bildirib ki, Kanada, Yeni Zelandiya, Avstraliya və Böyük Britaniya da daxil olmaqla tərəfdaşlarla, habelə Federal Təhqiqat Bürosu ilə məlumat sızmalarının aşkarlanması üzrə birgə iş aparırlar. Kanada, Britaniya, Avstraliya və Yeni Zelandiya hakerlərin hədəfinə çevrilə biləcəkləri barədə xəbərdarlıq ediblər.

“Microsoft”un analitiklərinin fikrincə, Çinin “Volt Typhoon” qrupu potensial böhran vəziyyətləri zamanı ABŞ və Asiya arasında kritik kommunikasiya infrastrukturunu poza biləcək variantlar üzərində işləyir.

“Bu, onların belə bir imkan əldə etmək üçün hazırlaşdıqlarını göstərir”, – deyə “Google Mandiant Intelligence”in təhlükələrin təhlili şöbəsinin rəhbəri Con Hultkvist bildirib.

Analitiklərin fikrinə görə, Pekin Tayvanın işğalına başlayarsa, Çin hakerləri ABŞ-nin hərbi şəbəkələrini və digər kritik infrastrukturlarını hədəf ala bilərlər.

Mənbə: ZN.ua