«Göylərdə və yerdə nə varsa, hər bir şeyi sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, burada düşünən bir qövm üçün ibrətlər vardır!»(Qurani-Kərimin «Casiyə» surəsi, 13-cü ayə)
«Allah Təala insanı Yer üzərində Öz xəlifəsi və yaranmışların əşrəfi qərar vermişdir. Uca Allah insanı o dərəcədə yüksəkliyə qaldırmışdır ki, mələklərə insana səcdə etməyi buyurmuşdur, – deyə imam-camaat bildirdi, – Allah Təbarəkə və Təala bütün yaranmışları insana görə xəlq etmişdir. Və bütün yaranmışın ixtiyarını insana vermişdir. Bəs belə isə gəlin bir düşünək ki, insanın mahiyyətini təşkil edən, onu digər varlıqlardan üstün edən cəhət hansıdır? İslam mütəfəkkirlərinin rəyi budur ki, bu ana cəhət – izzəti-nəfsdir, şəxsiyyət və ləyaqətdir. Hər hansı bir toplumun inkişafı üçün zəruri olan əsas şərt o toplumda yaşayan insanların şəxsiyyətliliyi və ləyaqətliyidir.».
Müqəddəs Qurani-Kərim insan üçün çoxluca ibrətlər göstərmişdir. Özünü zəlil və xar edən insanların, toplumların, qövmlərin acı aqibəti barədə çoxlu xəbərdarlıqlar etmişdir: «Firon mövzusuna müraciət edərək, Quran bizə açıqlayır ki, «Firon öz qövmünün şəxsiyyətini təhqir etdi, bundan sonra cammat ona itaət etdi». Demək, Quran məntiqi bizə öyrədir ki, öncə məlun Firon, insanların heysiyyətini tapdaladı, şəxsiyyətini alçaltdı. Və şəxsiyyətin itirilməsi, onların mübarizə əzmini qırdı və bundan sonra onlar Firona itaət etməyə başladılar. Beləliklə, istər kənd, istər şəhər, oba, ölkə, istər də dünya səviyyəsində fironluq edənlərə aid bir məsələdir bu. Bu fironların insanı tabe etməyinin bir sirri var: insan şəxsiyyət, ləyaqət adlı bir dəyərə, nemətə malikdir və bunu əldən verdikdə, vücudunu xar etmək istədikdə, zaman-zaman fironlar və digər zalımlar peyda olur, onlara hakim kəsilir! Amma şəxsiyyətli insanları, başıuca toplumları heç kəs aşağılaya bilməz! Şəxsiyyətli insanlardan fironlara, yezidlərə, hitlerlərə kölə olmaz! Bu mövzu hər zaman və hər məkan üçün aktualdır. Tarixdə bütöv millətlərin köləyə çevrilməsi ilə bağlı yetərincə faktlar vardır. Hitlerin alman millətini sözəbaxan alətə çevirməsi, Stalinin, Mao Dzedunun, Frankonun öz xalqlarını nə kökə saldığı göz qabağında idi.
Onillər keçir, amma totalitarizmin qalıqları insanların şüurundan, bəzən də təhtəl-şüurundan silinmir ki, silinmir. Bu amildən istifadə edərək, insanlara hər hansı bir mövqe qoymağın əhəmiyyətsizliyi aşılanır: yəni, guya belə qüdrətin qarşısında hərəkət etmək mənasızdır. Amma əsla belə deyildir! İnsan gərək bu «Düşünmə!, Hərəkət etmə! Süst ol!» hayqırtısına qəlbini, iradəsini təslim etməsin!».
BURADA DÜŞÜNƏN BİR QÖVM ÜÇÜN İBRƏTLƏR VARDIR…
«Amma İlahi Kitabdan gətirdiyimiz mübarək ayədə olan «Həqiqətən, burada düşünən bir qövm üçün ibrətlər vardır»! ibarəsinə bir diqqət yetirək. Düşünən! Məhz bu keyfiyyət insanın digər bioloji varlıqlardan fərqlənməsinə imkan yaradır. İnsanı kölə etməyə yönəli bütün texnologiyaların bir hədəfi var – insan iradəsi. İnsan öz iradəsini əldən verməzsə, ona edilən bütün təsirlər mənasızdır. Amma iradəni saxlamağa həm elm, həm iman gərəkdir. Elmsiz insan anlamayacaq ona sırınan bu təsəvvürlərin saxtalığını! Düşünən insanı isə absurd, paradoksal şeylərə inandırmaq mümükün deyil. Amma bəzi insanlar prosesə o dərəcədə qapılırlar ki, artıq virtual kateqoriyalarla düşünməyə başlayırlar. İş o yerə çatıb ki, Vətənimizdə yaşayan ziyalılardan, ictimai xadimlərdən bir bəyan etmişdir ki, «bəzi məsələlərdə əxlaq, mənəviyyat kateqoriyalarını rəhbər tutmaq olmaz!». Təsəvvür etmək çətindir ki, belə sözlər deyilə bilər! Əgər siyasətdə, ictimai həyatda, proseslərə baxışda əxlaqdan, mənəviyyatdan imtina etsək, axırımız nə olar?! İnsan imkan verməməlidir ki, proseslər onu bu cür aparsın. Allah Təala bizləri də, bütün insanları da düşünən qövmdən, ibrət götürə bilənlərdən qərar versin!»
ŞƏRƏFLİ VƏ İZZƏTLİ ADƏM ÖVLADI…
Qurani-Kərimin «İsra» surəsinin 70-ci ayəsində Rəbbimiz buyurur:
«Biz Adəm övladını şərəfli və izzətli qərar verdik, … onları yaratdığımız məxluqların çoxundan xeyli üstün etdik». «Belə bir yüksək məqam müəyyən etmişdir insan üçün Uca Rəbbi, heyfdir axı insan özünü zəlil etsin! Göydə, yerdə nə varsa, insan üçün xəlq edilib! Ayənin axırında Allah Təala insanın üstün tutulduğunu bildirir. Allah insanı azad yaradıb, iradəvi məxluq olaraq yaradıb, əziz, hörmətli, şəxsiyyətli yaradıb! İnsan isə bunu qiymətləndirmir, xırdalaşdırır, ayaqlar altına atır, qul olur, öz əli ilə özünü zəlil edir. Müqəddəs Quranımızın «Tövbə» surəsinin 38-ci ayəsində Allah-Təala buyurur ki: «Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz?!». Mütəal Allah buyurur ki, hər şey verib insana: ağıl, dərrakə, təhlil qabiliyyəti, izzət, hətta bütöv kainatı insan üçün yaradıb, bəs heyf deyil ki, bunların hamısını kiçicik hisslərə qurban edilsin?!».
«HƏQİQƏTƏN, SİZİN DƏYƏRİNİZ BEHİŞTDİR!»
Bu mövzuda Həzrət Əlidən(ə) bir mübarək hədis nəql edilir:
«Həqiqətən, sizin dəyəriniz behiştdir. Behiştdən başqa özünüzü başqa şeyə satmayın». «Mübarək Əli (ə) məntiqi ilə bəşəriyyətə bəyan edilir ki, insanın dəyəri vardır və bu dəyəri bilmək lazımdır. Dəyər bilinməsə, insan özünü xırdalaya bilər. Bəs nədir insanın dəyəri? Məlum olur ki, yeganə mümkün əvəz – behiştdir, ədəbi səadətdir. Əgər insan özünü digər bir şeyə təslim etsə, hətta bu – dünyalar qədər var-dövlət, ləl-cəvahirat olsa belə – yenə də uduzmuşdur. Əgər bu dünyadan köçdükdə, behiştə, İlahi rəhmətə qovuşmaqdan fərqli bir aqibətlə üzləşmişsə, özünü bu dəyərə çatdırmamışsa – demək uduzmuşdur, ziyan çəkənlərdən olmuşdur».
«İnsan anlasa ki, dəyəri behiştdən aşağı deyil, durumu necə dəyişər?! Aldanmaz dünyanın süni işartılarına, özünü təslim etməz saxta, həqiqətdə qiymətsiz şeylərə! Vahiməsi də, xofu da, iradəsizliyi də aradan gedər. Bilər ki tapınmağa layiq yalnız Uca Rəbbdir. Dinimiz deyir: «Ey insan! Sən uca olaraq yaradılmısan! Sən – yaranmışların əşrəfi, Yer üzünün xəlifəsisən! İradəvi təkamülün yolçususan! Aldanma şirin görünən dünyanın haramlarına, parıltılı cəhətlərinə! Yüksək əxlaq və fəzilət sahibi ol!»».
Həzrət Əlidən (ə) nəql edilən digər bir hədisdə deyilir: «Şüur və ağıl sahibi olan insanın, insan kimi yaşamağa imkanı olduğu halda, heyvan kimi yaşaması necə də pisdir!».
«İnsan şüurlu və ağıllı olaraq xəlq edilib və onun insan kimi yaşamağa təbii imkanları vardır. Amma insan öz malik olduğu vücudi səviyyədə də qala bilər, çox-çox yüksəkliklərə də qalxa bilər. Lakin, bunun əksi də mümkündür – özünü heyvan səviyyəsinə, bioloji primitiv varlıq səviyyəsinə endirə bilər. Və əgər deqradasiya yolunu seçərsə, hətta onun heyvan səviyyəsində də qalması mümkün deyil – qat-qat aşağı enəcəkdir, elə bir əcaib sifətlər əldə edəcəkdir ki, təsəvvür etmək belə çətindir!».
QƏLB – ALLAHIN HƏRƏMİDİR
İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə bildirilir: «Qəlb – Allahın hərəmidir. Allahın hərəmində Allahdan qeyrisini sakin etməyin».
«Əziz dinimiz bizə aydınlaşdırır ki, qəlb – İlahi bir əmanətdir, Allahın hərəmidir. Qəlb Allaha məxsusdur və onu insana verən və sahibi olan Allahdan qeyrisindən əmin saxlamaq gərəkdir. Qəlbə aidiyyatı olmayanı qəlbə buraxmaq olmaz. Bu – bir qoruqdur ki, insan onu mühafizə etməsə, zillətə düşər».
«Allah bəndələrinin təmiz və pak qəlbləri, Allahın diqqət yetirdiyi, nəzər saldığı yerdir».
«İnsanın ən kamil durumu – bəndəlikdir, həqiqi Kamala tapınmaqdır. Və insan bəndə olsa, qəlbi pak və təmiz olar. Zira qəlbin paklığı bəndəliyi səciyyələndirən xüsusiyyətlərdəndir. Və pak olan qəlb – Allahın nəzər saldığı məkandır. Demək, insan qəlbinin paklığını düşünsə, həqiqi dəyərlərə yön alar, mənasız insanların nə deyib-deməməsi onun həyatda seçim etməsinə təsir göstərməz. İnsan Allahdan digərinə qəlbində yer verməsə, lənətlik iblis orada yuva sala bilməz və insanı primitiv nəfslərin qurbanı edərək, kamillikdən sapdıra bilməz».
Həzrət Əlidən (ə) nəql edilən digər hədisdə bildirilir: «Təəccüb edirəm o şəxsə ki, itirdiyi adi şeyi axtarır, halbuki, öz şəxsiyyətini itirib, amma onu axtarmır».
«İnsan hətta əhəmiyyəti az olan bir şeyi itirəndə heyfislənir, onu axtarmağa məşğul olur. Amma, çox vaxt onun mahiyyətini təşkil edən, onun «mən»inin ayrılmaz keyfiyyəti olan şəxsiyyətinin itirilməsi onu narahat etmir. Mübarək Əli (ə) bəlağəti ilə özünü zillətə salan insanın acı durumu beləcə açıqlanır».
ARİF O ŞƏXSDİR Kİ, ÖZÜNÜ TANIYIB…
Həzrət Əlidən nəql edilən digər bir mübarək hədisdə bildirilir:
«Arif o şəxsdir ki, özünü tanısın, sonra özünü müstəqil və azad etsin, sonra özünü bütün həlakedici xislətlərdən təmizləsin».
«Dinimiz bəyan edirik ki, insanın qurtuluşu özünü tanımaqdan keçir. Bir tərəfdən, insan öz ehtiyaclığını, zəifliyini anlayıb, təkkəbbür kimi məhvedici hissdən qurtular. Digər tərəfdən, özünü tanıyan insan, yaradılışının fəlsəfəsinə varar, düşünər, axtarış aparar, düzgün seçim edər. Özünü tanımasa, insan azad ola bilərmi? Ruhunu, cismini bürüyən buxovlardan, zəncirlərdən xilas ola bilərmi? Bütlərdən nicat tapa bilərmi? Həqiqəti araya bilərmi? Özünü islah edə bilərmi? Amma özünü tanısa, anlayar ki, onun daimi ehtiyaclarını təmin edən bir ehtiyacsız qüvvə vardır. Və bu qüvvəni arayıb Allahı tapar, Allaha tapınar. Allaha tapınan insan isə həqiqətən azad olar. Çünki, yalnız Allaha tapınan insan günah etməyin, zəlil olmağın pisliyini bilər və bunların əsarətindən qurtula bilər, azad olar. Və azad olduqda artıq onu həlakətə aparan xislətlərdən təmiz olar, özünü islah edə bilər.
«İnsanın özünü dünya həyatına satması nə pis ticarətdir».
Burada dünya həyatının fəlsəfəsinə işarə edilir. İnsan özü üçün müəyyən etməlidir ki, dünya həyatı onun üçün hədəfdir, yoxsa vasitə? İnsan özünə vücudi suallar versə, haradan gəldiyinin, harada olduğunun, haraya gedəcəyinin fərqinə varsa, anlayar ki, həyat bir vasitədəir, sınaqdır, imtahandır. Və həyatın bir körpü olduğunu anlayar. Əcəba, körpünü hədəf seçən tapılarmı? İnsan körpünün bir keçid vasitəsi olduğunun anlamına gəlsə, «nə etməli?» sualını cavablandıra bilər və üzərinə düşən vəzifəni yerinə yetirər».