İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb – RƏSMİ AÇIQLAMA | DEFAKTO.AZ İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb – RƏSMİ AÇIQLAMA – DEFAKTO.AZ

İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb – RƏSMİ AÇIQLAMA

118

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə start verilib. Bu proseslərə paralel olaraq, digər bölgələrdən olan vətəndaşlarımız Qarabağda yaşamaq arzularını bildirirlər. Belə olan halda, işğaldan azad edilmiş rayon və şəhərlərimizdə yeni qeydiyyat aparılırmı?

Defakto.az xəbər verir ki, Kəlbəcər İcra Hakimiyyəti başçısının I müavini Eldəniz Mehtiyev DEFAKTO.az-a deyib ki, hələlik İcra Hakimiyyətinin rəsmiləri rayona getməyiblər:

“Hələlik bizə getməklə bağlı komanda verilməyib. Ümumilikdə Kəlbəcər minalardan tam təmizlənməyib, həmçinin iqlim şəraiti indiki məqada ora getməyə imkan vermir. Sakinlərimizin çoxu müraciət edir, rayona getmək, ata-babalarının qəbrini ziyarət etmək istəyirlər, amma indiki şəraitdə ora icazəsiz getmək təhlükəlidir”.

E.Mehtiyevin sözlərinə görə, hazırda Kəlbəcərə yeni qeydiyyat dayandırılıb:

“Çünki vətəndaşı qeydiyyata salmaq üçün ev olmalıdır. Onları qeydiyyata salmaq üçün ev yoxdur. Əvvəldən qeydiyyatda olanlarla bağlı problem yoxdur. Kəlbəcər sakinləri özləri rayona qayıtdıqdan sonra digər bölgələrdən olanlar da nəzərə alınacaq. Hər yer bizim vətənimizdir. Biz bu gün Bakıda yaşayırıq, sabah da bakılı gəlib Kəlbəcərdə yaşamaq istəyəcəksə, burada pis nəsə yoxdur. Onlar üçün şərait yaradılacaq, amma sakinlər tam yerləşdikdən sonra. Bu gün digər bölgələrdən olub Kəlbəcərdə yaşamaq istəyənlər var, amma hələ ki, onların müraciəti qəbul olunmur”.

Başçının müavini – İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva bildirib ki, Şuşaya ilkin olaraq, bu rayondan olan məcburi köçkünlər köçürüləcək:

“Şuşanı 30 il həsrətlə, intizarla gözləyən insanların birinci mərhələdə köçürülməsi nəzərdə tutulur. Bu insanlar öz torpaqlarına, öz evlərinə köçməyi gözləyir. Onların əksəriyyəti sanatoriyalarda, yataqxanalarda, dəniz kənarındakı istismarı bitmiş istirahət mərkəzlərində, keçmiş SSRİ-nin pioner düşərgələrində yaşayırlar. Birmənalı şəkildə ilk köçdə onlar öz dədə-baba torpaqlarına qayıdacaqlar”

V.Fətəliyeva digər bölgələrdən olanların Şuşaya köçmək məsələsinə daha sonra baxıla biləcəyini deyib:

“Bunun üçün Şuşada xüsusi komissiya yaradılacaq, müraciətlərə baxılacaq. Bütün bunlar Şuşa sakinlərinin köçürülməsi və yerləşməsindən sonrakı mərhələdə baş verəcək. Öz əhalimiz ora köçməmiş digərlərini önə sala bilmərik. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, təbii ki, orada yaşamaq istəyənlər var”.

Cəbrayıl İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev bildirib ki, könüllü qeydiyyatdan çıxanlar xaric, qalan hamı rayon qeydiyyatında qalır:

“Yəni onlar Cəbrayıl sakinidirlər. Başqa bölgə sakinlərindən Cəbrayılda yaşamaq üçün müraciət edənlər var, bu bizi sevindirir. Hələlik onlara mənfi yaxud müsbət cavab verilmir. Çünki köçürmə prosesi başlamayıb. Köçürmə prosesi başlasın, qeydiyyatda olanlar yerləşsin, sonra digərlərinin məsələsinə baxılacaq. Onların bu istəklərini  alqışlayırıq, amma hazırda konkret fikir bildirə bilmirik”.

Başqa rayon qeydiyyatında olub, Cəbrayıla köçmək istəyəkləri müsbət cavablandırılacaq şəxslərə dövlət hesabına torpaq verilməsinə gəlincə, rayon rəsmisi bunun gələcəkdə baxılacaq məsələ olduğunu deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir