AKTUAL MÖVZUDA SƏMİMİ SÖHBƏT – COVİD-19 virusunun mənşəyi barədə dünya elmi niyə susur? | DEFAKTO.AZ AKTUAL MÖVZUDA SƏMİMİ SÖHBƏT – COVİD-19 virusunun mənşəyi barədə dünya elmi niyə susur? – DEFAKTO.AZ

AKTUAL MÖVZUDA SƏMİMİ SÖHBƏT – COVİD-19 virusunun mənşəyi barədə dünya elmi niyə susur?

347

Koronavirus epidemiyası səngimək bilmir – miqyası günbəgün genişlənir. Dünya təbabətinin təxminən, son 200 il ərzində əldə etmiş olduğu uğurları bircə anın içərisində heçə çevrildi. İndi dünya səhiyyəsi ağlını itirmiş qocaya bənzəyir – qızdırma içində «sayıqlayır» və danışdıqlarına özü də rişğənd edir. Karantin, maska, yarasa, donuz, it, pişik və s. barədə səsləndirdiyi fikirlər belə deməyə əsas verir…

Görünən odur ki, bəşəriyyət çox çətin bir imtahan qarşısındadır. Belə şəraitdə planetin hər bir sakini fəal olmalı, necə deyərlər, Pavel Korçagin (Nikolay Ostrovskinin məşhur «Polad necə bərkidi» romanı) «dirənişi» nümayiş etdirməlidir.

Bu mövqedən çıxış edərək, bu sətirlərin müəllifi koronavirusun mənşəyi (mənbəyi) barədə düşünməyə bilməzdi. Mövzu üzrə ötən 6 ay ərzində KİV-in yaymış olduğu məlumatları imkanları daxilində izləyə bilmiş qələm sahibi olan müəllif, nəhayət ki, belə mürəkkəb və həssas mövzuda saqqal tərpətməyə cəsarət etdi. Nədən ki, bu məsələdə gecikmənin ölümə bərabər olduğunu dərk etdikcə, az qalır ki, damarlarımda qanım donsun! Təbabət (yoluxucu xəstəliklər) üzrə mütəxəssis olmamağım məni ifrat ehtiyatlı mövqedən çıxış etməyə səsləyir. Odur ki, bu yazımda yalnız dünya miqyaslı alimlərin fikilərinə istinad edən təhlilə baş vuracam, çıxaracağım nəticələr isə «yüz ölçülüb, bir biçilmiş» olacaq…

Rəsmi məlumatlara görə, təxminən 6 aydır ki, dünyada COVİD-19 adlandırılmış koronavirus at oynadır – dünyanın hər yerində insanlar bu xəstəlikdən kütləvi halda tələf olurlar. Dünya təbabəti heyrətamiz bir maymaqlıqla bu faciəni seyr edir, arabir sərxoş adamlar kimi, rabitəsiz sözlər donquldayır… nəticə isə yoxdur!

Sirr deyil ki, pasiyentə dəqiq diaqnoz qoyulmadan, onu hansısa naməlum «azar»dan müalicə edib sağaltmaq mümkün deyil. İxtiyari virus xəstəliyi də eləcə – virusun mənşəyi (mənbəyi) və özəl xüsusiyyətləri müəyyən edilmədən, onunla «mübarizə aparıram» demək, Don Kixotun yel dəyirmanı ilə savaşa baş vurmasına bənzəyir. İndi dünya ölkələri Don Kixot vəziyyətindədir – nizəni yel dəyirmanının «pər»inə sancırlar, pər də onları qaldırıb çırpır yerə! Bu səhnənin özəlliyi isə ondadır ki, Sanço gözə dəymir… 

Koronavirusun mənşəyi barədə ciddi bir qənaətə gəlmək arzusu ilə mən də indiyə qədər bu mövzuda yayılmış məlumatlara üz tutmaq zorundayam.

Beləliklə…

Bu mövzuda araşdırmaların məzmunu hansı nəticələrə gətirib çıxarır?

1. Virusların genetik modifikasiyası və sintezi təxminən, 25 ildir ki, dünyada artan intensivliklə gedir. Bu vaxt ərzində sözügedən sferada işlərin ixtisaslaşması istiqamətləri üzrə prinsipial dəyişikliklər baş verib. Bu barədə Y.Deyginin «SARS əllə yaradılmayıb» məqaləsində geniş söhbət açılır.

2. Hələ 2002-ci ildə Şimali Karolinanın Çapel Hill universitetinin professoru Ralf Barik (müasir sintetik virusologiya məktəbinin atası sayılır) ilk dəfə yeni virusun yaradılması istiqamətində «çapıqsız əməliyyat» həyata keçirib. O, təbii virusdan heç nə ilə fərqlənməyən süni virus yarada bilib. İndi isə bu üsulla istənilən aspirant virus yarada bilər.

3. Son vaxtlar beynəlxalq tədqiqatçılar qrupunun çoxillik işinin detalları məlum olub. Ralf Barik də həmin qrupun üzvüdür. İndi isə dünyada məşhur olan Uhan universitetinin virusoloqu Şi Çjenli də bu qrupa qoşulub. Onların tədqiqat proqramının mühüm hissəsi SARS virusunun genetik modifikasiyasına həsr olunub. Bu virus 2002-2004-cü illərdə atipik pnevmoniya epidemiyası törədib. Xəstəlik nəticəsində 8000 nəfər yoluxub, 774 nəfər ölüb. Ötən illər ərzində bu qrup işlərini uğurla davam etdirib. İndi məlum olanı budur ki, COVİD-19 koronavirusu bu tədqiqatların çərçivəsinə sığmır və özünü ifrat inadlı aparır.

İndiyə qədər koronavirusun mənşəyi barədə iki «ünvan» göstərilib. Onlardan birincisi Uhan şəhərinin vəhşi heyvan və dəniz məhsullarının satıldığı  bazardır (UDM). Koronavirusun genomunun deşifrəsinin gedişində onun tərkib hissələri müəyyən olunub. 

Bu genomun yarasanın və panqolinin (kərtənkələ) koronavirusuna yaxınlığı üzə çıxıb. Bu versiyaya görə, Uhan bazarı məkanında yarasa və panqolinlə görüş (təmas) baş verib və bu görüş həmin heyvanların koronavirusunun rekombinasiyası üçün şərait yaradıb. Görüşün necə baş verə bilməsi məsələsi isə araşdırılmayb.

Uhan heyvan bazarı versiyası ilk dəfə 31 dekabr 2019-cu ildə Uhan şəhərinin hakimiyyətinin bəyanatında üzə çıxıb. Ancaq yayılan son məlumata görə, COVİD-19 virusunu bu tarixə qədər – ötən ilin yazında (mart ayı) İspaniyanın Barselona şəhərində tullantı suyunda aşkarlayıblar. Məhz buna görə də tezliklə məlum olub ki, bu versiyanın yetərli əsasları yoxdur. O da təəccüb doğurur ki, virus ötən ilin martında aşkarlanmış olsa da, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onun barəsində susub.

Sonradan həm də məlum olub ki, Uhanda, ümumiyyətlə Hubey əyalətində yarasa ətindən qida qismndə istifadə olunmur. Üzə çıxıb ki, panqolin çox nadir heyvandır ki, hazırda onlara hətta Çinin heç bir zooparkında da rast gəlinmir. Bundan başqa, məlum olub ki, panqolinin 8 növünün hamısı Qırmızı kitaba salınıb və Çin bazarlarında leqal satışı yoxdur.

Məlum olub ki, SARS-CoV-2 koronavirusunun genomunun mühüm hissəsi – pandemiyanı törədən hissəsi – uyğun bölgənin kərtənkələsindən (bu kərtənkələ 2019-cu ilin martında Quandun gömrüyündə ölüb) göturülmüş koronavirus ilə təəccüb doğuracaq dərəcədə uyğun gəlir.

Buradan belə nəticə çıxır ki, gerçəkdən panqolinlər SARS-CoV-2 virusunun yaranmasında iştirak ediblər, amma genetik analizlərin nəticələrinə görə belə çıxır ki, donor toxumalar diri olmayıblar.

Koronavirusların rekombinasiya prosesində öləndən 6 ay sonra iştirak etmək panqolin üçün inanılası deyil. Həm də məlum olub ki, koronavirus nümunələrinin heyvanlar arasında aktiv axtarışlarına baxmayaraq, heç bir yoluxmuş heyvan Uhan bazarında tapılmayıb.

Çin xəstəliklərin aradan qaldırılması Mərkəzinin 21 yanvar tarixli məlumatında deyilir: «Geniş axtarışlara baxmayaraq, bazardakı heç bir heyvan mümkün infeksiya mənbəyi kimi identifikasiya olunmayıb».

Aprelin ortalarında (2020) Çin Xalq Resublikasının (ÇXR) Böyük Britaniyadakı səfirliyi «Daily Mail» nəşrinə aşağıdakı məzmunda bir məktub göndərib: «İndiyə qədər Covid-19 virusunun mənşəyi barədə elmi və ya tibbi rəy yoxdur, belə ki, uyğun izləmə işləri hələ davam edir… Virusun mənşəyi mürəkkəb elmi məsələdir. Bunu alimlərin və həkimlərin ixtiyarına buraxmaq lazımdır ki, onu öyrənmək və araşdırmaq yolu ilə müəyyən etsinlər…»

Bu istiqamətdə yayılan son məlumatda deyilir ki, Covid-19 virusu heç yerdən gəlməyib və heç yerə də yoxa çıxmayacaq. O, insanların orqanizmində çoxdan «yatıbmış», indi isə hansısa təbii amilin təsiri altında «oyanıb». Təbiət amili qismində də bəziləri qlobal istiləşməni önə çəkirlər. Qəribədir ki, bu istiqamətdə də konkret fikir söyləyən yoxdur. İndi bəşəriyyət çox çətin sual qarşısında qalıb – panqolin (və ya yarasa) virusuna oxşar Covid-19 koronavirusu insanların orqanizminə necə və harada keçə bilərmiş?

Qeyd etməliyəm ki, virusun mənşəyi barədəki son məlumat onun hələ ötən ilin martında İspaniyanın Barselona şəhərində, İtaliyanın Milan və Turin şəhərlərinin, Braziliyanın başqa bir şəhərində tullanı suyunda aşkar olunması, onun insanların bədənində «yatmış» olduğunu təsdiqləyən kimi olur. Bu məqam virusun mənşəyi barədə hökm sürən qeyri-müəyyənliyi bir qədər də dərinləşdirir. Məntiqi sual yaranır: necə olub ki, bunca öldürücü bir virusun mövcudluğu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və adı çəkilən ölkələrin hakimiyyətləri, elm adamları susub? Hesab edirəm ki, sualın cavabını elə virusun mənşəyində axtarmaq lazımdır – bir qədər də irəli getsək, bu postulatı onunla izah etmək olar ki, insanlar virusun mənşəyi barədə dəqiq elmi-praktik fikir söyləməkdən çəkinirlər! Belədə, yenə kötü bir sual qarşısında qalırıq: Alimlər, ictimai xadimlər, həkimlər, beynəlxalq və regional təşkilatlar… nədən (kimdən) çəkinirlər? Ritorik sual olsa da, mahiyyəti üzərinə işıq salmağa dəyər. Bu qənaətə gəlməzdən əvvəl xeyli götür-qoy etdim və qərara gəldim…

Rusiyanın İvanovo vilayətində istehlakçı hərəkatının öncülü, KONFOP (Konfederasiya orqanizatsiy po zaşite prav potrebiteley) deyilən qeyri-hökumət təşkilatının yaradıcılarından biri olan Vladimir Romanets özünün «İstehlakın fəlsəfəsi» kitabında maraqlı bir mətləbə toxunur – sual edir: «Həyatın mənası nədədir?». 

Uzun izahdan sonra cavab verir: «Yer üzündə həyatın mənası onun əbədi davam etməsindədir!» Yer üzündə hər bir canlı sövqi-təbii olaraq, buna çalışır, amma nə yazıq ki, istisnalar da olur. Məsələn, bəzi hallarda fərdlər və ya insan qrupları birlikdə planetdə həyatın davam etməsinə qarşı fəaliyyət göstərirlər. Sözümün canı odur ki, ağlı başında olan hər bir Yer sakini belələri ilə mübarizə aparmalıdır – öz imkanları daxilində…”

Etiraf etməliyəm ki, 3 gün bundan əvvəl mənbələrin birində rast gəldiyim bir kəlimə – «panqolin» (kərtənkələ) sözü məni bu «cığır»a yönəltdi ki, indi fikirlərimi hörmətli oxucularla bölüşəcəm. Mənbədə deyilirdi ki, Covid-19 koronavirusu panqolinin (və ya yarasa) koronavirusuna oxşardır, amma onun tam eynisi deyil. Elə bu andaca, qeyri-ixtiyari olaraq fikirləşdim – deyəsən tapmışam!

Elədir ki, var və bu istiqamətdə düşüncələrimi həmvətənlərimlə bölüşmək istəyirəm. Siz də düşünün – kərtənkələ virusu insan orqanizminə necə və harada düşə bilər? Axı İspaniyada, İtaliyada, Braziliyada… Azərbaycanda insanlar kərtənkələ (və ya yarasa) əti yemirlər. Digər tərəfdən, bu virusun coğrafi miqyası və yayılma tezliyi onun insanlara eyni vaxtda dünyanın hər yerində birbaşa kərtənkələdən keçməsi ehtimalını heçə endirir. Belədə, bəs necə?

Hələ 10-15 il əvvəl müəyyən mənbələrdən oxumuşdum ki, son illər bəzi ölkələrdə gen mühəndisliyi ilə məşğul olan şirkətlər (Məsələn, ABŞ-ın Monsanto şirkəti) genləri dəyişdirilmiş orqanizmlərin yaradılmasında bəzi vəhşi heyvanların, cücülərin gen fraqmentlərindən istifadə edirlər. Məsələn, «şeytana xidmət edən» bu şirkətlər quraqlığa davamlı buğda sortu yaratmaq üçün buğdanın genomuna kərtənkələnin susuzluğa davamlılığına cavabdeh olan gen fraqmentini yamayırlar! Təxminən, 10 ildən atıqdır ki, dünyanın hər yerində belə buğda becərilir və insanlara təqdim olunur. Buğda (çörək) dünyanın bütün ölkələrində ən çox istehlak olunan qidadır. İndi isə fikir verin – koronavirus epidemiyası dünyanın hər yerində demək olar, eyni vaxtda baş qaldırdı.

Bu məqamda genetikanın atası adlandırılan çex alimi Qreqor Mendelin noxudlar üzərində aparmış olduğu təcrübələr və kəşf etdiyi «Təbii seçmə qanunu» yada düşür.

Noxudlarda başlanğıca qayıtma 2-3 nəsildən sonra aşkar olunub, çünki noxudun «ömrü» bircə ildir və 3 nəslin dəyişməsi 3 il aparır. İnsanlarda isə bu müddət azı 100-120 təşkil etməlidir, çünki insanın orta ömür uzunluğu təxminən 50-60 ildir…

Virusun mənşəyi barədə yayılan son məlumatda deyilir ki, kərtənkələ virusu uzun müddət insanların orqanizmində mutasiya prosesinə məruz qalıb və indi hansısa təbii amilin təsiri altında «oyanıb».

Belədə, düşünməli oluruq – həmin amil nədən ibarət ola bilər?

(davamını izləyin)

Mirzə AĞ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir