Qubada soyqırımı qurbanlarının xatirəsi anılır – FOTO | DEFAKTO.AZ Qubada soyqırımı qurbanlarının xatirəsi anılır – FOTO – DEFAKTO.AZ

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır – FOTO

18


Quba rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi anılır.

“DEFAKTO.az”un Şimal bürosunun məlumatına görə, minlərlə vətəndaş səhər saatlarından başlayaraq Quba Soyqırımı Memorial Kompleksinə axın edir.

Anım mərasimində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, Əziz Ələkbərli, deputatları – Vahid Əhmədov, Hikmət Məmmədov, Azərbaycanın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, dini konfessiyaların və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, pedaqoji kollektivlər və məktəblilər, ictimaiyyət nümayəndələri, həmçinin Şimal bölgəsinin digər rayonlarında yaşayan sakinlər iştirak ediblər.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər. Soyqırımı qurbanlarının xatirəsi anılıb, ruhlarına dualar oxunub.

Azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Onlar ziyarətçilərə dörd dildə (Azərbaycan, ingilis, rus və ərəb) məlumat verirlər. Bildirilib ki, 1918-ci ildə təkcə Quba qəzasında 16 782 nəfəri öldürülüb, 122 kənd yerlə bir edilib, Quba şəhərində 259 ev yandırılıb, 1 800 nəfər azyaşlı isə erməni vandalizminin qurbanı olub.

Qeyd edək ki, Quba rayonundakı bu kütləvi məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq qazıntı işləri aparılarkən aşkar edilib. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara, qalanlarının isə əsasən, yaşlı kişilərə aid olduğu bilinib. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıblar.