Demokratiya yox, ABŞ müttəfiqlərinin Sammiti – Vaşinqton tədbirinin PƏRDƏARXASI – ŞƏRH + FOTO | DEFAKTO.AZ Demokratiya yox, ABŞ müttəfiqlərinin Sammiti – Vaşinqton tədbirinin PƏRDƏARXASI – ŞƏRH + FOTO – DEFAKTO.AZ

Demokratiya yox, ABŞ müttəfiqlərinin Sammiti – Vaşinqton tədbirinin PƏRDƏARXASI – ŞƏRH + FOTO

22


“Bu il ABŞ-də ənənəvi olaraq keçiriləcək Demokratiya sammitinə dövlətimizin və bir sıra ölkələrin dəvət olunmaması təəccüb doğurmur. Xüsusilə, Cənubi Qafqazı illərdir, qan gölünə çevirib, hər cür terror aktının təşkilatçısı olan Ermənistanın dəvət olunması Qərbin demokratiya anlayışını tam əks etdirir. Ümumiyyətlə, düşünürəm ki, başqa ölkələrin demokratiya dəyərlərinin ölçülməsi də faydasızdır. Bu günə kimi bu sammit öz məqsədinə nail olmayıb. Sammitin əsas məqsədinin demokratiya olması da şübhə altındadır. Bir halda ki Liviya və Suriyada hökm sürən antidemokratik vəziyyət bu sammitə toplaşanları narahat etmirsə, demək, burada demokratiya naminə nədənsə söhbət belə gedə bilməz”.

Bu sözləri DEFAKTO.az-a açıqlamasında deputat Müşfiq Cəfərli deyib. O qeyd edib ki, Demokratiya Sammitinə daha çox ABŞ-ın qlobal hədəflərinə cavab verən, həmçinin onun maraqlarını qeyri-şərtsiz yerinə yetirən dövlətlər dəvət olunub:

“Xatırlayırsınızsa, ötən il hətta Filippin belə sammitdə iştirak edirdi, hansı ki, dəfələrlə rəsmi şəkildə insan haqları onların siyasi maraqlarına uyğun olmadığını ifadə etmişdilər. Bu sammitin adı dəyişdirilib Demokratiya Sammiti deyil, ABŞ müttəfiqlərinin Sammiti olsa, əsas məqsədi daha aydın olar.

Bu il isə daha gülünc biz vəziyyət yaranıb. 120 ölkədən əlavə 8 ölkə dəvət olunub ki, bunların bəzilərinin daxilində vətəndaş müharibəsi hələ də davam edir. Görüşdə iştirak edən elə dövlətlər var ki, demokratiyanın əsas elementlərindən olan sosial rifah, adam başı gəlir ABŞ-ın elan etdiyi dəyərlərlə qəti şəkildə üst-üstə düşmür. Hətta Ermənistanın iştirakı isə 21-ci əsrdə olan mina çirklənməsinə və sivil insanların qətlinə ABŞ-ın haqq qazandırması kimi qiymətləndirilə bilər.

Qeyd edim ki, 21 mart tarixində ABŞ-ın dövlət katibi Entoni Blinken və cənab Prezident arasında telefon danışığı baş tutub. ABŞ dövlət katibi bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək”.

Xatırladaq ki, martın 30-da ABŞ-də ikinci dəfə Demokratiya Sammiti adlı tədbir keçiriləcək. Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edən Qərb bu dəfə də öz məqsədli siyasətini həyata keçirməkdə davam edir. Belə ki, Demokratiya Sammitinə demokratiyadan bixəbər ölkə olan Ermənistan dəvət edildiyi halda Azərbaycan, Türkiyə, Macarıstan, Çin kimi dövlətlər ABŞ-nin siyahısından kənar qalıblar. Gürcüstanın isə məqsədli şəkildə yalnız prezidenti demokratiya tədbirinə dəvət alıb. Bütün bu məqamlar ABŞ-nin Cənubi Qafqazda parçalama siyasəti yürütdüyü haqqında iddiaları gücləndirib.

Aysel Aslan