Ukraynalı deputat: “Çin Rusiyaya dəstək verib-verməyəcəyini hələ də müəyyənləşdirməyib” | DEFAKTO.AZ Ukraynalı deputat: “Çin Rusiyaya dəstək verib-verməyəcəyini hələ də müəyyənləşdirməyib” – DEFAKTO.AZ

Ukraynalı deputat: “Çin Rusiyaya dəstək verib-verməyəcəyini hələ də müəyyənləşdirməyib”

6


“Rusiya və Çin liderlərinin görüşməsi ondan xəbər verir ki, Pekin Moskvanın Ukraynada apardığı müharibəni dəstəkləyib-dəstəkləməyəcəyini hələ də müəyyənləşdirməyib”.

Bunu “DEFAKTO.az”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Yuriy Kamelçuk deyib.

Onun fikrincə, Çin Rusiyanı iqtisadi cəhətdən dəstəkləməyə davam edir. Çünki Pekin Moskvadan enerji daşıyıcıları – neft, qaz və s. alır, əvəzində isə Rusiyaya hələ Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlamazdan əvvəl imzalanmış müqavilələr üzrə elektrotexniki və s. avadanlıqların təchizatı ilə bağlı öhdəliklərini yerinə yetirir.

“Digər tərəfdən Çin nə Avropa, nə də ABŞ sanksiyalarına qoşulur. Bu isə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək deməkdir. Gələcəkdə nə olacağını görəcəyik. Amma indi Çinin irəli sürdüyü “sülh” təklifi qəbuledilməzdir. Çünki Rusiya tərəfdən heç bir konkret addım görmürük”, – Ali Radanın deputatı vurğulayıb.

Y.Kamelçuk söyləyib ki, Ukrayna üçün bir sıra məsələlər vacibdir:

“Bura Rusiya qoşunlarının Ukrayna ərazisindən, o cümlədən Krım və Donbasdan tam çıxarılması, bütün hərbi əsirlərin təhvil verilməsi, ölkədən qaçırılmış mülki şəxslərin, uşaqların qaytarılması, reparasiya ödənişinin həyata keçirilməsi daxildir. Yalnız bundan sonra nədənsə danışmaq olar. Amma danışılası da yalnız bir məsələ var: hərbi cinayətkar Vladimir Putinin beynəlxalq tribunala, cinayət məhkəməsinə cəlb olunması”.