“Ermənistanın cinayətlərinin təkrarlanmayacağı haqqında zəmanət istəyirik” – ŞƏRH + FOTO | DEFAKTO.AZ “Ermənistanın cinayətlərinin təkrarlanmayacağı haqqında zəmanət istəyirik” – ŞƏRH + FOTO – DEFAKTO.AZ

“Ermənistanın cinayətlərinin təkrarlanmayacağı haqqında zəmanət istəyirik” – ŞƏRH + FOTO

18


“Azərbaycan mina problemini, erməni cinayətlərini, azad olunmuş ərazilərimizdə işğal müddətində törədilmiş vandalizmi dəfələrlə beynəlxalq instansiyalar qarşısında qaldırıb. Eyni zamanda, vasitəçilərin önünə də faktlar qoyulub, bu məqamlar dilə gətirilib. Təəssüf ki, heç bir addım atılmır, müvafiq tədbir görülmür”.

Bu sözləri DEFAKTO.az-a Ağdamda iki mülki şəxsin minaya düşməsi ilə bağlı danışarkən politoloq İlqar Vəlizadə deyib. O xüsusilə xatırladıb ki, erməni cinayətlərindən xəbərdar olan BMT, Haaqa məhkəməsi, ATƏT Parlament Assambleyası, Azərbaycan və Ermənistanın üzv olduğu müxtəlif təsisatlar məsələyə laqeyd yanaşırlar:

“Heç bir reaksiya yoxdur. Çünki ikili standartlar hökm sürür və Ermənistana heç kim təzyiq etmir. Guya Ermənistan tərəfində mina xəritələri yoxdur, olanlar təqdim edilib. Hamısı yalandır. Bu yalanı Azərbaycandan başqa araşdırmaq istəyən yoxdur. Son nəticə olaraq, acınacaqlı vəziyyət davam edir.

Hesab edirəm ki, istədiyimiz nəticəni alana qədər minalarla bağlı məsələ diqqət mərkəzində olmalıdır. Müxtəlif səviyyələrdə, tədbirlərdə, təsisatlar çərçivəsində məsələ qaldırılmalıdır ki, heç kim arxayın olmasın. Ələlxüsus, Ermənistan bilməlidir ki, Azərbaycan ərazilərinin minalanması diqqətdən kənarda qalmır və qalmayacaq. Biz Ermənistanın təcavüzü dövründə törətdiyi cinayətlər, onların fəsadları və s. barədə bütün dünyanı məlumatlandırırıq. Bu cinayətlərin yenidən təkrarlanmaması üçün zəmanət istəyirik. Əsas zəmanət isə sülh müqaviləsi, Ermənistanın rəsmi səviyyədə üzərinə götürdüyü öhdəliklər olmalıdır. Azərbaycan bu məqsədinə nail olmaq üçün əlindən gələn işi görür”.

Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndində heyvan otaran iki dinc sakin minaya düşərək, həlak olub. Partlayış zamanı ölənlər 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur. Baş verən faciə işğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür.

Aysel Aslan