Ermənistan 2020-ci ildə kapitulyasiya aktını qəbul edərək üçtərəfli razılaşmanı imzalamasına baxmayaraq, müxtəlif vasitələrlə təxribatlarını davam etdirir. Müharibədən keçən iki ildən çox müddətdə müxtəlif platformalarda davam edən müzakirələrə baxmayaraq, Ermənistan böyük sülh razılşamasından hələ də yayınır. Bu dövlət İkinci Qarabağ savaşının nəticəsində “dəmir yumruğ”un zərbəsindən məhv olmaq həddinə gəlsə də, hələ də rusdan, farsdan və ya fransızdan mədət umur. Ermənistan beynəlxalq və regional qüvvələrin mübarizə meydanına çevrildiyi üçün bu səbəbdən də burada müxtəlif qrupların sifarişi və marağı ilə təxribatlar baş verir.
Bu fikirləri açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.
Politoloqun fikirlərinə görə, Azərbaycan Ordusu hər bir təxribatın qarşısını rəşadətlə alaraq, yüzlərlə qanunsuz erməni silahlılarını məhv edib və onların yerləşdikləri yüksəklik və məntəqələri öz nəzarətinə keçirib. Hesab etmək olardı ki, keçən ilin sentyabr ayında həyata keçirilən əməliyyatdan sonra ermənilər bir daha təxribata əl atmayacaqlar. Amma biz yenə də görürük ki, həm Ermənistandan, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazidən Azərbaycan Silahlı Qüvvələri istiqamətinə atəş açılıb.
“Bu hadisənin Münxen görüşündən sonra olmasını nəzərə alsaq, təxribatın arxasında Rusiyanın dayanmasını güman etmək olar. Çünki Rusiya tərəflərin Qərbin vasitəçiliyi ilə yaxınlaşmasına bu yolla etiraz edərək, təxribatla görüşün nəticəsini şübhə altına almaq istəyir. Digər maraqlı məqam isə atəşkəsin pozulması Ermənistanın böyük uğuru kimi qiymətləndirdiyi Avropa İttifaqının (Aİ) missiyasının Ermənistanda fəaliyyətə başlamasından bir gün sonraya təsadüf edir. Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq dəfələrlə bəyan etmişdi ki, Aİ missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi”, – deyə Yalçın Hacızadə vurğulayıb.
O əlavə edib ki, eyni zamanda, bir-biri ilə rəqabətdə olan müxtəlif məqsədli, maraqlı qrupların Ermənistanda yerləşməsi və hər birinin özlərinə etimad qazanmaq naminə digərinin fəaliyyətini şübhə altına almaq üçün təxribatlar edəcəyi əvvəlcədən bəlli idi.
Maraqlı məsələlərdən biri də bütün bu baş verənlərə rəğmən, İranın susqunluğudur. “Regiona başqa ölkələrin gəlməsini qəbul etməyəcəyini” açıqlayan və buna görə sərhəddə dəfələrlə hərbi təlimlər keçirən fars rejimi Aİ-nin monitorinq qrupunun Azərbaycan-Ermənistan sərhədinə uzunmüddətli gəlişini nədənsə sadəcə seyr etməklə kifayətlənir.
İkinci Qarabağ müharibəsinin nəticələri və ondan sonra baş vermiş təxribatların qarşısının alınması göstərir ki, Ermənistanın hansı qüvvəyə güvənməsindən, özünə yeni himayədar tapmasından asılı olmayaraq, yenə də regionda Azərbaycan dövləti, Silahlı Qüvvələri söz sahibi kimi bütün təxribatların qarşısını hər zaman alacaq gücdə və qüvvətdədir.