Arzu Nağıyev: “Dövlətimizin məqsədi bəşəriyyətin bu mübarizədən mümkün qədər az itki ilə çıxmasına nail olmaqdır”
Bu gün Rusiya XİN-i prezident İlham Əliyevin koronavirusla birgə mübarizənin müzakirəsi məqsədi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təklifini dəstəklədikləri ilə bağlı açıqlama verib. Xatırladaq ki, artıq dünyanın 130-dan çox dövlətinin bu təklifi dəstəklədiyi məlumdur.
Açıqlamasında baş verənlərə münasibət bildirən millət vəkili Arzu Nağıyev Azərbaycanın koronavirusa qarşı mübarizə mqəsədi ilə beynəlxalq miqyasda mühüm addımlar atdığına diqqət çəkdi:
“Azərbaycan bu proseslər fonunda dünyəvi bir dövlət olduğunu, pandemiyanın qarşısını almaq üçün birgə tədbirlərə xüsusi önəm verdiyi göstərdi. Ölkəmiz ÜST-ə 10 milyon dollar məbləğində ianə verdi. Azərbaycan 30-a yaxın dövlətə də yardım göstərdi. Bu, o deməkdir ki, Azərbaycan bütün dünyada pandemiyaya qarşı mübarizədə iştirak edir və çalışır ki, bəşəriyyət bu mübarizədən mümkün qədər az itki ilə çıxsın. Bütün bunlar Azərbaycanın bəşəriyyətə verdiyi mühüm töhfədir.
130 dövlətin Azərbaycanın təklifini dəstəkləməsi də çox mühüm məsələdir. Məsələnin texniki və logistik tərəflərini də Azərbaycan tərəfi öz üzərinə götürüb. Bu, logistika və texnologiyanın ölkəmizdəki sürətlin inkişafından xəbər verir.
Dünya dövlətlərinin təcrübəsinin öyrənilməsi Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Düşünürəm ki, Rusiyanın Azərbaycanın təklifini dəstəkləməsi odluqca önəmlidir. Rusiya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvüdür və bütün dünyada böyük nüfuza malikdir. Əminəm ki, Təhlükəsizlik Şurasının digər üzvləri də Azərbaycanın təklifini dəstəkləyəcək və pandemiyaya qarşı birgə mübarizənin sürətləndirilməsi istiqamətində yeni qərarların qəbuluna nail olunacaq”.