Tuğ kəndinin sakini: “İlk qurban 9-cu sinif şagirdi idi, onu erməni idman müəllimi qətlə yetirdi” | DEFAKTO.AZ Tuğ kəndinin sakini: “İlk qurban 9-cu sinif şagirdi idi, onu erməni idman müəllimi qətlə yetirdi” – DEFAKTO.AZ

Tuğ kəndinin sakini: “İlk qurban 9-cu sinif şagirdi idi, onu erməni idman müəllimi qətlə yetirdi”

54

“Hər il o günü ağrılı hisslərlə yaşayıram. Kəndimiz işğaldan azad olunsa belə, hər il oktyabrın 30-dan 31-nə keçən gecə özümü çox pis hiss edirəm. Sanki o anları yenidən yaşayıram”.

Bunu DEFAKTO.az-a müsahibəsində Xocavənd rayonunun Tuğ kənd sakini Ramiz Cahangirov deyib.

Müsahibəni təqdim edirik:

– Ramiz bəy, təxribatların başlandığı ilk günlərdən danışmağınızı istərdim. Təhlükəni öncədən hiss etmişdiniz?

– Tuğ kəndində azərbaycanlılarla ermənilər illərlə birgə yaşayıblar. Aramızda münaqişə 20-ci əsrin əvvəllərində iki dəfə olub. 1905, 1918-ci illərdə baş verənlər onların bizə qəddar münasibətinin bariz nümunəsidir.

Sonuncu hadisələr 1980-ci illərin sonundan başlayıb. 1988-ci ildə Xankəndidə ermənilər iclas keçirib, Qarabağın Azərbaycandan ayrılıb, Ermənistana qoşulması barədə qətnamə qəbul etdilər. Həmin gündən kəndimizdə narazılıqlar yarandı. 1989-cu il noyabrın 17-də Tuğda azərbaycanlı 9-cu sinif şagirdi erməni idman müəlliminin bıçağı ilə qətlə yetirildi. Bu ilk qurban idi.

1991-ci ilin yay fəslinə qədər təxribatlar var idi. Tarixi kənd kimi ilk işğal olunan Tuğ idi. Tuğa qədər belə bir işğal olmamışdı. Ona görə biz hadisələrin belə istiqamətə yönələcəyinə inanmırdıq. Bundan sonra artıq reallaşdı. 1991-ci ilin yayından etibarən münaqişə artıq silahlı insident halı aldı. Tez-tez Ermənistandan ermənilər yaşayan ərazilərə helikopter gəlir, yük gətirirdi. Erməniləri açıq-aşkar silahlandırırdılar. Bunların hər biri göz qabağında olsa da, təəssüf ki, laqeyd münasibət bəslənildi. Bu da bəla olaraq başımızın üzərinə çökdü.

– Tuğ kəndinin işğal olunduğu günü necə xatırlayırsınız?

– 1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə kənddəki və kənardan gələrək meşədə gizlənib, hazırlanmış ermənilər silahsız əhalini kənddən çıxartdılar. Bu, Tuğun işğal tarixi sayılır. Həmin gün kənddə olmuşam. Məndən başqa, 56 nəfər də kəndə qaldı. Kəndi tərk etmədik.

Kənddə sovet əsgərləri var idi. Onlar Tuğ orta məktəbinin binasında yerləşmişdilər. Kənd mühasirədə idi. Biz əsir düşməməyə çalışırdıq. 57 nəfər bir sutka ermənilərin mühasirəsində qaldıq. Tuğ kəndinin 17 kilometrliyində yerləşən Füzuli şəhərində rayonun rəhbərliyi, ictimaiyyətin və tuğluların təzyiqi ilə sovet ordusunun rayonda yerləşən bir hissəsi gəlib bizi Tuğdan çıxardı. Onlar bizi aparmağa gəlməsəydilər, bizi hansı talenin gözləyəcəyi bəlli deyildi. Sonuncu günü belə xatırlayıram.

– Neçə nəfər əsir düşdü? Ailə üzvlərini necə xilas edə bildiniz?

– Qadınları və uşaqları sentyabrın 7-dən kənddən çıxarmağa başladıq. Həmin gün Tuğ kəndində iki azərbaycanlı istirahət zamanı təhqiredici formada qətlə yetirildi. Çox pis vəziyyət yaranmışdı. Sentyabrın 8-də Vahid Nəcəfov və İbiş Məmmədov kəndin kənarındakı hündür təpə üzərində yerləşən qədim qəbiristanlıqda dəfn edilirdilər. Həmin vaxt təpənin əks tərəfindən, meşəlikdən qəbiristanlıq atəşə tutuldu. Xeyli insan var idi. Xoşbəxtlikdən, xəsarətsiz ötüşdük. Füzulidən dörd polis işçisi yanımızda idi. Onlar cavab atəşi açandan sonra güllə yağışı kəsildi. İlk dəfə idi ki, kəndin içərisində silahlı toqquşma baş verirdi. Buna görə də əhalinin böyük hissəsini, xüsusən qadınları və uşaqları kənddən çıxartdıq. Fikirləşdik ki, nə olsa, bizə olacaq. Az adam qalmışdıq. 57 nəfərdən 10-u qadın idi.

Həmin il oktyabrın 16-da daha bir azərbaycanlını ermənilər gecə vaxtı həyətində öldürdülər. Artıq hadisələr çox pis hal almışdı. Ermənilər qətliam törədəndə 33 yaşım var idim. Ailə üzvlərini göndərmişdim.

– Kəndinizdə sizinlə birlikdə mübarizə aparan insanlardan xəbəriniz varmı?

– Bəli, əlaqəmiz qalıb. Bizim kənddən olanların Beyləqan rayonu ərazisində qışlaq sahəsi var idi. Qış fəslində fermamız ora köçürdü. Kənd sakinlərinin əksəriyyəti Beyləqanın Haramı deyilən qışlaq ərazisinə köçdü. Tuğ əhalisinin 80 faizi kompakt surətdə əvvəlcə alaçıqlarda, palçıq evlərdə yaşadı. Sonradan humanitar təşkilatların köməyi ilə kənd salındı. Kənd əhalisinin bir hissəsi Bakıya, bir qismi Sumqayıta köçdü. Kəndlilərimlə sıx münasibətim var. Özüm müəllim kimi çalışmışam. Hadisələr zamanı icra başçısının müavini idim. Bu səbəbdən hər kəslə münasibətim var idi.

– Hücumdan öncə kənddə yaşayış tərzi necə idi?

– Bizim kəndimiz inkişaf etmişdi. Əhalinin, demək olar ki, hamısının maddi durumu normal idi. Tuğdan xeyli ziyalı çıxıb. Bizim kəndimizdə Mədəniyyət evi var idi. O zaman Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Əbülfət Əliyev, Zeynəb Xanlarova, İslam Rzayev, Zaur Rzayev və başqaları gəlib konsert verirdilər. Tamaşalar təşkil olunurdu. Mədəniyyət evində tamaşaya baxmağa o zamanlar ermənilər imkan vermirdilər. Özləri də gəlib baxırdılar, amma bizə mane olurdular.

– Kənddən sizi necə çıxardılar?

– Kənddən bizi zirehli texnika ilə çıxaranda heç kəs görmədi. Mən əyilib, yerdən bir ovuc torpaq götürdüm. Bilirdim ki, uzun müddət bu kəndi görməyəcəyəm, doğma yurdumdan didərgin düşəcəyəm. Tuğ yaddaşımda xoş xatirələrlə qalıb. Ancaq hər il işğal gününü ağrılı hisslərlə yaşayıram.

– İşğaldan azad olunandan sonra kəndinizə getmisinizmi?

– Kəndimiz işğaldan azad olunsa da, hər il oktyabrın 30-dan 31-nə keçən gecə özümü çox pis hiss edirəm. O anı sanki yenidən yaşayıram.

İşğaldan azad olunandan sonra, 2021-ci il martın 17-də torpağıma getdim. Kənddən çıxarkən götürdüyüm torpağı həmin yerə aparıb səpdim. Xarabaya çevrilmiş evimin divarını tapıb öpdüm. O an olan hissləri izah etmək mümkün deyil.

– Ramiz bəy, ən böyük arzunuzu bizimlə bölüşə bilərsiniz?

– Ən böyük arzum doğma yurduma qayıtmaqdır. 66 yaşım var. Arzum ömrümün qalan hissəsini doğma kəndimdə yaşamaqdır.

Nəzrin Vahid