“102-ci” rus hərbi bazası, sərhədçilər Ermənistandan çıxarılır – Şok planda əsas hədəf | DEFAKTO.AZ “102-ci” rus hərbi bazası, sərhədçilər Ermənistandan çıxarılır – Şok planda əsas hədəf – DEFAKTO.AZ

“102-ci” rus hərbi bazası, sərhədçilər Ermənistandan çıxarılır – Şok planda əsas hədəf

508

Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsində niyyət aydındır. Bu, ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyanın arzusu idi. Çünki o, bütün imkanlardan istifadə edib Qərbin tədricən Ermənistanda Rusiyanın təsirinə son qoymaq istəyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqdan başlamış Ermənistanın sərhədlərini mühafizə edən rus sərhədçilərinin ölkədən çıxarılması məsələsinə qədər hər şey planlaşdırılıb. Eyni zamanda Gümrüdə yerləşən “102-ci” rus hərbi bazasının da Ermənistandan qısa zamanda çıxarılması məsələsi var. Paşinyan məhz bu layihənin reallaşmasına çalışır. Bununla yanaşı erməni baş nazir yaranmış situasiyadan Azərbaycana qarşı da istifadə etmək niyyətindədir. “Azərbaycan Ermənistanın sərhədlərini təhdid edir” kimi bir absurd anlayış ortaya atılır. Məqsəd Aİ-nin missiyasının Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd boyu ərazidə yerləşməsinə nail olmaqdır.

Defakto.az saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Paşinyanın məqsədi baş verənlərdən maksimum istifadə edib Rusiyanın Ermənistandakı hərbi varlığına son qoymaqdır: “Avropa İttifaqının bu missiyasının da Ermənistana nə dərəcədə yardım edəcəyi məsələsi də kifayət qədər mübahisəlidir. Çünki Azərbaycandan Ermənistanın şərti sərhəd xətti boyunca hər hansı bir təhdid yoxdur. Bu, Ermənistanın hər hansı bir təxribata əl atmayacağı təqdirdə olmayacaq. Ötən ilin sentyabrındakı kimi Ermənistanın Azərbaycan ərazisini işğal etmək niyyətində olmadığı müddətə qədər bu baş verməyəcək. Ona görə də, Ermənistan tədricən Rusiyanın təsir dairəsindən çıxaraq Avropa və ABŞ-ın nüfuz dairəsinə daxil olması üçün ciddi addımlar atılır. Ermənistan iqtidarının niyyəti məhz budur. Aİ-nin bu ölkəyə missiya göndərməsi də başqa bir məqsəd daşımır”.

“Paşinyandan Rusiyaya qarşı növbəti açıq cəbhə”

Partiya sədrinə görə, son baş verən proseslər Ermənistanın baş nazirinin Rusiyaya qarşı növbəti aşkar surətdə cəbhə açdığının təzahürü hesab edilir: “Çünki Paşinyanı hakimiyyətə gətirən Qərb dairələri Rusiyanın tez bir zamanda Ermənistandan çıxarılmasına nail olmaq niyyətindədir. Rusiya üç Cənubi Qafqaz respublikasından ancaq Ermənistanda hərbi mövcudluğunun olduğunu nəzərə alaraq buna qarşı aparılan prosesləri də məhz eyni müstəvidə xarakterizə etmək olar. Azərbaycanın erməni əsilli insanların yaşadığı ərazilərində yerləşmiş rus hərbi kontingentinin isə burada qalma müddəti bəllidir. Rus hərbi kontingenti 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcək. Yeganə olaraq Ermənistanda özünün hərbi-siyasi varlığını qoruyub saxlamağa çalışan Rusiya burada Qərb üçün rəqib rolundadır”.

“Qərb ölkələrinin Ermənistandakı əsas niyyəti məhz budur”

Millət vəkili deyib ki, bu gün Qərb ölkələrinin niyyəti Ermənistanda təsir imkanlarını daha da genişləndirməkdən ibarətdir: “Qərb burada özünün fəaliyyət imkanlarına hər hansı bir məhdudiyyət olmamasına can atır. Onlar üçün burada yeganə maneə Rusiyadır. Qərb və ABŞ Rusiyanı mövcud olduğu bütün regionlardan sıxışdırıb çıxarmağa çalışır. Eyni zamanda Rusiya da eyni ssenari ilə hərəkət edir. Bu proses başqa yerlərdə fərqli olsa da Cənubi Qafqazda xüsusən də Ermənistanda başqa bir xarakterdə həyata keçirilir. Dünyanın başqa bölgələrində Rusiya açıq şəkildə Qərb dövlətləri tərəfindən sıxışdırılır. Bununla da Rusiyanın imkanları tamamilə məhdudlaşdırılır”.

“Rusiyanın ağ bayraq aldırmaq niyyəti yoxdur”

Fəzail Ağamalı vurğulayıb ki, Ermənistan Rusiyaya qarşı olan layihənin içərisindədir: “Bu ölkə ona verilən tapşırıqları yerinə yetirir. Təbii ki, Kreml bu cür davranışlara qarşı cavab imkanlarını nəzərdən keçirir. Eyni zamanda Rusiya sona qədər Ermənistanda öz varlığını qoruyub saxlamağa çalışacaq. Bu təbii ki, birmənalıdır. Ukraynada Rusiyaya aparmış olduğu müharibə fonunda Ermənsitandan özünə qarşı olan təhdidlərə daha radikal və çevik reaksiya verməyə imkan yaratmır. Amma bu o demək deyil ki, Ermənistanın Rusiyaya qarşı həyata keçirdiyi bu cür addımlar onun bu ölkədən çıxarılmasına hesablanan xətt sakit qarşılanmayacaq. Bunu düşünməmək böyük səhv olardı. Hər halda Rusiya öz varlığını qoruyub saxlamaq üçün Ermənistanda ən müxtəlif üsullardan istifadə edəcək. Hətta Paşinyanın hakimiyyətdən devirmək planına qədər Rusiyanın alternativlərinin olduğu şübhəsizdir. Görünən odur ki, Rusiya sona qədər Ermənistandan çıxmaq haqqında düşünmür. Paşinyanın atdığı addımlar qarşısında Rusiyanın ağ bayraq qaldırmaq niyyəti yoxdur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir